Teleqraf.com “Bozbash pictures” komandasının üzvləri ilə müsahibəni təqdim edir:
- “Stalinin başı” filminin təqdimatına hazırlaşırsınız. Bu filmdə iddialısınızmı? Filminizlə komediya janrına hansı yeniliyi gətirəcəksiniz?
- İlkin: Üçüncü ildir ki, mart ayında bu janrda film təqdim eləməyə hazırlaşırıq. Son təqdim etdiyimiz "Axırıncı yol" Azərbaycanda kinoteatrlarda yayımlanan bütün filmlərin izləmə rekordunu qırdı. Ən çox tamaşaçı auditoriyasıyla Azərbaycanın ən çox baxılan filmi oldu. Filmimizi bu il “Youtub”a yerləşdirdik və dörd gün ərzində bir milyon tamaşaçı izlədi. Bu, o deməkdir ki, filmimizə maraq var. Düzdü, tənqid də edirlər, amma sevənlər tənqid edənlərdən daha çoxdur. Ona görə də biz çoxluğa işləyirik.
- İddia edirlər ki, sizin "Ay Brilliant", "Axırıncı yol" filmləriniz "Bozbaş pictures" seriallarından fərqlənmir. Buna münasibətiniz necədir?
- İlkin: Elə deməzdim. Onu deyənlər ola bilər ki, "Ay Brilliant"a baxıb, belə fikirləşirlər. Çünki ilk filmimizdə müəyyən çərçivələr var idi ki, ondan kənara çıxa bilmirdik. Buna imkanımız çatmırdı. Amma "Axırıncı yol"da o stereotipləri dağıtmalıyıq. "Ay Brilliant"a ssenari və rejissorluq baxımdan tənqidlər gəldi. İkinci filmimizi tənqidləri nəzərə alıb çəkdik. Yenə də tənqidlər var.
- Ramil Babayev: "Stalinin başı" filminin çəkilişləri digər filmlərimizdən çətin keçdi. Birinci filmimizin zəif olmasına gəlincə, bu sahəyə ilk addımımızla bağlıdır. Hər yeni işdən sonra işimizin yaxşı olmasına çalışırıq. Bizə vacib olan tamaçının fikridir.
Bu filmi elə çəkməyə çalışdıq ki, tamaşaçı deməsin ki, filan kadr pis idi. Ona görə də bizə çətin oldu. Bir çox məkanlarda, hava limanında, metroda, həbsxanada çəkdik. Bunu ancaq çəkilişdə olan insanlar başa düşə bilər.
İlkin: Kompüter arxasında oturub, tənqid etmək çox asandır. Tənqid edən insan hətta filmimizə baxmasa, maraqlanmasa belə bir gün bizi 40 dərəcəlik avqust istisində, həmin geyimdə, parikdə görsə, haqqımızda elə düşünməz. Günümüzün 17-18 saatını çəkilişə həsr edirik.
Ramil: Mən sizə bir kadr göstərəcəm. "Stalinin başı" filmində Qılman obrazını canlandıran İlkin Misgərli sementlənib. Bir saat hərəkətsiz vəziyyətdə dayanmışdı ki, sement qurusun. Bu filmin yalnız bir kadrı idi. Elşən yerin altına girmişdi. Nicatı dağdan təkərin içində atmışdıq.
Nicat: "Axırıncı yol" filmini çəkəndə çox əziyyət çəkdik. Düşündüm ki, ondan böyük çətinlik yaşaya bilmərik. Amma "Stalinin başı" filmində ondan çox əziyyət çəkdik.
Elşən: Bu sahədə olmayan, film çəkməyən insanların, jurnalistlərin - siz tənqid etmisinizsə, sizə də aiddir - bizi tənqid etməsi bizə xoş gəlmir.
İlkin: Onlar da təndiq ediblər (gülür).
Elşən: Yəni bu sferadan olmayan, bu işin əziyyətindən xəbəri olmayan adamlar tənqidi fikir bildirəndə xoşumuza gəlmir. Çünki biz çox əziyyət çəkirik. Bu il daha çox film çəkilib. Mən hələ öz filmimizə rəqib görmürəm. Bunu səmimi deyirəm. Heç kim səhv başa düşməsin. Təbii ki, bütün dostlarımız əziyyət çəkir. Amma sondakı nəticədən hər şey bəlli olur. Tamaşaçını aldatmaq olmur.
İlkin: “Bozbash pictures”in illərdir öz tamaşaçısı var. Biz hər zaman sağlam tənqidlərə hazırıq. Ssenaridə, dramaturgiyada hansı axsamaların olduğunu çox gözəl görür və qəbul edirik.
- Növbəti filmlərinizdə obrazlarınızın adını və xarakterini dəyişməyi düşünürsünüz?
İlkin: Hansısa yenilik edə bilərik, amma obrazların adını dəyişə bilmərik.
Ramil: Tamaşaçı Lenin obrazı oynayan adamı Stalin kimi qəbul etməz. Sadəcə, obrazını dəyişmək olar. Məsələn, Şöşü hər zaman əsəbi bir obraz canlandırır, məsələn, mülayim ola bilər.
- Yəni ki, hər filmdə Şöşünün xarakteri, davranışları eyni olmamalıdır…
Ramil: Etmişdik, qəbul edilmədi (gülür).
Elşən: Deməzdim ki, elədir. Hər sezonda xarakterlərdə çox dəyişiklik olur. Ümumi obraz dəyişməyə gəlincə, onu etdik, amma tamaşaçılar yaxşı qəbul etmədi.
İlkin: Bu gün tamaşaçılar kommersiya filmləri ilə digər filmləri müqayisə edirlər. Elə bilirlər bütün filmlər eynidir. Mən o tamaşaçıları inandırmağa çalışıram ki, bu kommersiya filmidir və çəkirik ki, kinoteatra sataq və tamaşaçı gəlib, əylənsin. Kinoteatr ən ucuz əyləncə növüdür, bilet üç və yeddi manat arasında dəyişir. Hanısa əyləncə mərkəzinə gedərkən iki saat ərzində daha çox pul xərcləyirik. Tamaşaçının iki saat ərzində əylənməsini və gülməsini istəyirik. Bizə lazım deyil ki, filmdə filan nöqsanlar var idi. Düzdür, filmdə müəyyən nöqsanları bizə deyirlər və biz onu növbəti işlərimizdə düzəldirik. Kinoteatra gedən tamaşaçının gülməsini istəyirik. Tamaşaçıların bilet pulunun yarısının-yarısı bizə çatmır. Çox adam elə bilir ki, kinoçəkənlər milyon qazanır. Həmin pulla növbəti işimizə yatırım edirik. Heç o məbləğ də növbəti film üçün kifayət eləmir.
- Bu gün çəkilən filmlərə peşəkar tənqidçi tapa bilmirik. Hansısa filmi müzakirə edən zaman həmkarlarınıza da zəng edəndə tənqid etməkdən çəkinirlər. Tənqid olmasa, inkişaf da olmaz...
İlkin: Kiməsə filan film xoşuma gəlmədi deyəndə nədənsə o filmin prodüseri, aktyor kollektivi ilə düşmən olursan. Fikirləri sağlam qəbul etmirlər.
Elşən: Bir dəfə filmlərdən birini izləyən zaman xoşuma gəlmədi. Uşaqlara fikrimi dedim, mənə münasibətləri dəyişdi. Ondan sonra mən də o biri variantı: yaxşıdır, əladır və s. deməyə başladım.
İlkin: Çünki bu sahə balacadır və hamı bir-birini tanıyır. Səhəri gün üz-üzə gələndə deyəcək ki, bir-birimizi bəyənmirik. Bizə o qədər adam deyir ki, bizim qalamıza gəldiniz və şəkil paylaşmadınız. Amma biz heç kimi güdməmişik ki, filankəs bizim filmimizin qalasına gəlib və görək haqqımızda nə yazıb? Bəyənənlər də bəyənməyənlər sağ olsun.
Elşən: Gəlin neqativ fikirlərdən uzaqlaşaq (gülür).
- Yaxın günlərdə "Oğlan evi 2" filmi təqdim edildi. İlham Qasımov komediya sahəsinə düşündürücü gülüş gətirdi. Sizin yumorunuz isə fərqlidir. Bu sizi qorxutmu ki?
İlkin: İlham Qasımov və ssenari müəllifi Fateh dostumuzdur. Onların istifadə etdiyi gülüş tamamilə fərqlidir. Düzdür, biz də onlara gülürük. Amma səmimi deyəcəm ki, kinoteatrda bizim filmimizə baxan tamaşaçıya desən ki, “Oğlan evi”nə də baxın. Tamaşaçı deyəcək burada gülüş zəifdir. Amma biz bu sahədə olduğumuz üçün bilirik ki, onlar ssenari ilə nə demək istəyirlər, hansı mesajı göndərirlər, nəyi tənqid edirlər, hansı mövzuları gizli də olsa göstərməyə çalışırlar. Amma təəssüf ki, tamaşaçılarımızın əksəriyyəti onu başa düşə bilmir.
Elşən: Biz də filmimizdə sözaltı demək istədiyimiz fikirləri deyirik. Ola bilsin ki, başqa filmlərdə onun üzərinə daha çox getsinlər. Amma biz gülüşlə düşündürməkdən çox, hadisələrlə başa salırıq.
İlkin: Bəli, biz hadisələrə daha çox önəm veririk.
Elşən: Real həyatda canlandırdığımız obrazlar var. Məsələn, mən o qədər Şöşü kimi insanlar görmüşəm, sonra Ramili çox istəməyə başlamışam (gülür).
İlkin: Yaxın günlərdə Tərtərdə toyda olduq. Bir nəfər orada məşhur tipajları gətirirdi ki, bu da bizim Fəlakətdir.Yaxud da Şəmi müəllim obrazı var. Kənddə əmək müəllimi işləyib, sonra müğənni olub, məclisləri şənləndirir. Deməli, yaratdığımız Şəmi müəllim obrazı var. Biz bilmədən o obrazı yaratmışıq.
- "Bozbash pictures" komandasını dağıtmaq istəyənlər olubmu?
Elşən: Azər idi, onu da komandadan uzaqlaşdırdıq (gülür).
İlkin: Komanda o zaman dağılar ki, üzvlərdən biri nəsə eləsin, yaxud da kənardan müdaxilə gəlsin. Komandaların dağılmasına səbəb maliyyə məsələləri olur. Bizdə belə problem olmayıb və olmayacaq da. Bizim dostluğumuz bu layihədən əvvəl başlayıb. Ona görə də komandamız möhkəmdir. Elşən, İlkin Misgərli və Nicatla 16-17 ildir dostluq edirik.
Elşən: Bizim kollektivə daxil olmaq üçün təkcə istedad bəs eləmir. Azərbaycanda istedadlı dostlarımız çoxdur. İnsani keyfiyyətlər, danışığı, özünü aparmasına fikir veririk. Ona görə də riskə getmirik. Məsələn, İlkin Qılmanı kollektivə daxil edərkən aramızda çox müzakirələr olub.
Nicat: Bizim mehribanlığımız dostluğumuzdan irəli gəlir.
İlkin: Biz çəkilişdən-çəkilişə görüşmürük. Günümüz bu ofisdə keçir. Ssenari yazılışı, müzakirə, çəkilişə hazırlıq və s.
- Həmkarlarınızın oynadığı filmlərdən xoşunuza gələn və gəlməyən film hansıdır? Xahiş edirik ad çəkəsiniz...
Elşən: Ad çəkmək problem deyil. Qızışdıracaqsınız, hamısının adını çəkəcəm, sonra uşaqlar mənə deyəcəklər ki, düz etmədin (gülür). Nə isə deyəcəm səhv başa düşəcəklər. Hələ ki, ehtiyat etdiyimiz güclü film yoxdur.
Ramil: Bütün filmlər xoşumuza gəlir.
İlkin: Hamısını tanıyırıq və uğurlar arzu edirik. Onlar arasında keyfiyyətli filmlər də var. Başa düşürəm ki, maliyyə problemləri olur. Hətta bizim komandamız da populyar olmasına baxmayaraq, müəyyən maliyyə, sponsor problemi yaşayır.
- Başqa janra keçmək kimi fikriniz varmı?
Elşən: Gələn il sponsorumuz olmasa, ağlamalı filmlər çəkəcəyik (gülür). Onu demək istəyirəm ki, siz jurnalistlər imkanlı şəxsləri tədbirlərdə görürsünüz. Sual verin ki, niyə yerli filmlərə dəstək olmurlar? Halbuki "Axırıncı yol", "Oğlan evi"nə baxıblar. Eşitdiyimizə görə, filmlər xoşlarına da gəlib. Şirkətlərini reklam edə bilərlər. İnsanlıq tərəfdən isə Azərbaycan kinosunun bu janrına böyük köməklik göstərə bilərlər. Bu sualın cavabını bilmək istəyirəm.
İlkin: İnamsızlıq var idi. İndi o, inamsızlıq da aradan götürülüb.
Elşən: Bilirəm ki, hamı filmimizi izləyir. Bütün dünyada incəsənət sahəsinə dəstək olurlar. Artıq 5 ildir ki, televiziyada layihəmizi həyata keçiririk. Obrazlarımız nə qədər seviləcək, o qədər fəaliyyət göstərəcəyik. Təbii ki, başqa janrda da film çəkmək istəyirik, amma buna maliyyə, dəstək lazımdır. Bizə artıq pul, evlər vermək lazım deyil. Bizə dəstək olsunlar və gördüyümüz işin qarşılığını verək.
İlkin: Yox, ev versinlər (gülür).
- Bəs, sizinlə rəqabət aparmaq istəyənlər varmı?
Elşən: Yəqin ki, var.
İlkin: Bəlkə də, var.
İlkin Misgərli: Təzə-təzə eşitmişəm ki, rəqabət aparanlar var.
Elşən: Tam səmimi deyirəm: biz işimizlə məşğuluq.
- İlkin bəy, yaxın günlərdə toyunuz olacaq. Nişanlınız sizi qız fanatlarınıza qısqanır?
İlkin: Bu gün ona görə birlikdəyik və nişanlıyıq ki, o, məni başa düşür. Düzdür, nişanlandıqdan sonra qız fanatlarımın sayı azalıb. Biz bir-birimizi çox gözəl başa düşürük. O bilir ki, bu, normal haldır.
Elşən: İlkinin fanatları azalmayıb…
İlkin: Tanınmış insanın qız fanatlarının olması normaldır. Düzdür, sosial şəbəkədə yazanların hamısı eyni məqsədlə yazmır.
Elşən: Ürək smayliki göndərənlər də var (gülür).
İlkin: Bəli, arada Elşən ürək şəkli göndərir (gülür). Yoxlamaq üçün...
Elşən: Mən nə nişanlıyam, nə də... İlkin Misgərli evlidir, o cavab versin. Nicat qardaşımız nişanlanıb (zarafat edir).
Nicat: Mən də hamı kimi xoşbəxt olmaq istəyirəm. İlkin dediyi kimi ailə quracağımız insan bilir ki, kiminlə evlənir. Nişanlı deyiləm.
Elşən: Mənim həyatımda heç kim yoxdur, sakitlikdir.
Rəqsanə
Fotolar: Elçin Murad