Xəbər verdiyimiz kimi, Sevil və Sevinc Səfərova bacıları bu gündən etibarən “Hər şey daxil” verilişində aparıcı kimi çıxış etməyəcək.
Teleqraf.com xəbər verir ki, əkiz bacılar bir neçə ildir aparıcısı olduqları verilişdən getmələri ilə bağlı təəssüratlarını sosial şəbəkədə bölüşüb:
“2 iyun 2014-cü il... Xəzər telekanalında “Hər şey daxil” verilişinin ilk canlı yayımı bizim təqdimatımızda... Dörd il hər səhər sizin bir çoxunuzun evinin sakini olduq. Bir çoxunuz bizi evinizin övladı bilib dərdimizə şərik oldunuz, sevincimizə, uğurumuza sevindiniz. Biz yıxıldıq, siz əlimizdən tutub ayağa qalxmağı öyrətdiniz. Bizi biz etdiniz, halal qazandığımız çörəyi bizə çox görmədiniz. Ailə kanalında çalışıb, oranın övladı, siması olmaq nə qədər qürurvericidir. Allah o qapını bizə açdı, ilk addımlarımızı sizinlə başladıq. Qurduğumuz işin təməlini sayənizdə möhkəmləndirdik. 4 il sonra 10:00-da canlı efirlə vidalaşırıq".
Sevil və Sevinc Səfərovalar kanaldan ayrılmaları bundan sonrakı fəaliyyətlərini sırf musiqi karyeralarına həsr etmək istəmələri ilə izah edib:
"Bunu əlim əsərək, ağlayaraq yazıram. Çünki oranı ailəm bilirəm... Düşünün, valideyn qız övladı böyüdür sonda tərbiyə verdiyi və əziyətini çəkdiyi övladını başqa ailəyə gəlin verir. Bizi də “Xəzər” böyütdü, başa çatdırdı. İndi isə uğurla bizi müğənni kimi sənətimizi daha böyük zirvəyə qaldırmağa yola salır. Bu xəbərə sevinən də, kədərlənən də olacaq”.