Bu oğlan bir az da burda qalsa, onu boğub öldürərəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “Şou məkan” verilişində ona elçi düşən oğlan haqqında deyib:
“Elçilərim oldu. Evdə də məni razı saldılar. Evə gəldilər. Sözsüz ki, hazırlıqlar olmalıydı. Süfrə-filan açılmalıydı. Mən heç nəyə əlimi vurmadım. Anam bütün hazırlıqları gördü. Elçilər gəldi və gördüm ki, bu oğlan bir az da burda qalsa, onu boğub öldürərəm.
Özünün sözü olan, mərd birinə ərə getmək istəyirəm. Kişi kimi birinə getmək istəyirəm. Başqasından asılı həyat sürən kişiylə yaşamaq mənlik deyil. “Dostum nə isə deyər” düşüncəsi ilə yaşayan adamla ailə həyatı qurmaram”.
Şəxsi həyatından danışan ifaçı tənha olduğunu vurğulayıb:
“Tək-tənha Səidəyəm. Sevgilim-filan yoxdur. Fikrim ancaq işimdədir. Sevgi istəmirəm. Sevgiləri də gördüm. Mənim üçün sevgi mənasızdır. Məni sevəcək adam çalışır ki, sadəcə “Səidə Sultanın sevgilisiyəm” yanaşmasına görə mənimlə sevgili olsun. Kişi kimi mərdi-mərdanə qabağa çıxan yoxdur. Hamısı nədənsə istifadə edir.
Doğrudan da, evlənəndə ölçüb-biçmək lazımdır. Mən bu yaşa qədər evlənməmişəmsə, bu, o demək deyil ki, kimsə məni bəyənib evlənməyib. Bu mənim öz qərarımdır, mən kimlərisə bəyənməmişəm, ailə qurmamışam. Biz azərbaycanlılar qonşuya, qohuma görə yaşayırıq. Mən isə bu dünyada özüm üçün yaşayıram. Bu ailəni mən quracam, mən yaşayacam. İstəmirəm, ailə qurum, sonra da dağıdım”.
Müğənni yeni “Qərib dünya” adlı klipindəndə danışıb. Müğənni həmkarlarını tənqid edərək çeynənib dadı-duzu qaçmış şablon sözlərdən artıq iyrəndiyini deyib:
"Əslində mahnı 3 ay bundan qabaq hazır idi. Sadəcə istədim ki, kliplə bərabər təqdim edim. Ona görə də iş bir az uzandı. Toya uyğun sözlər oxuyurlar ey, xoşbəxt olaq, bir olaq, sən mənim yoldaşımsan, mən sənin ərinəm, mən sənin arvadınam, mən səni boşayıram, bu sözlər artıq məni iyrəndirir. Mahnıya baxan kimi deyirsən ki, bu, toy üçün yazılıb. Mən həmişə deyirəm ki, müğənni kütlə arxasınca qaçmamalıdır. Nə qədər olar ey, meyxana tərzində oxumaq?
Son zamanlar çox qorxuram. Deyirəm elə sözlər oxuyum ki, onu həyatımda yaşamayım. Ətrafımdaklara da deyirəm, mən bundan sonra elə sözlər oxuyacam ki, həmin sözlər tək mənə deyil, hamıya aid olsun. Tək mənim özümə aid bir mahnı olanda və pessimist ovqat aşılayan sözlər oxuyanda onun aurası ancaq mənim özümə təsir edir”.