32 yaşlı İnstaqram fenomeni, argentinalı model Nadin Bruno gözlərinin rəngini dəyişmək üçün etdirdiyi əməliyyat nəticəsində kor olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, gözlərinin rəngini açıq yaşıl etmək üçün Kolumbiyada estetik əməliyyata girən model sağ gözündə 80, sol gözündə isə 50 faiz görmə qabiliyyətini itirib.
3 min dollara başa gələn əməliyyatdan sonra qısa zaman ərzində Nadin Bruno heç bir problem yaşamayıb. Model sosial şəbəkədə öz yeni görünüşünün də fotosunu paylaşıb. Bir müddət sonra görmə qabiliyyətini itirməyə başlayan model yenidən Kolumbiyaya üz tutub. Müayinədən sonra həkimlər müalicəni Mayamidə davam etdirməyi məsləhət görüb.
Əməliyyat zamanı istifadə edilən silikonların göz sinirlərini zədələdiyi aşkarlanıb. Həkimlər modelin bundan sonra gözlərində problemlə yaşayacağını bildirir.