O pop musiqisinin kraliçası hesab olunur. Seksual, çılğın və nazlı-qəmzəli bu xanım nəinki, kişiləri, eləcə də qadınları özünə heyran qoyur.
Söhbət açıq-saçıq geyimləri, seksual səhnə şouları və qalmaqalları ilə gündəmdən düşməyən barbadoslu müğənni Rihannadan gedir.
Onun 26 yaşı var, indidən albomları 10 milyon tirajla satılıb, 7 dəfə "Grammy" mükafatına layiq görülüb.
Rihanna bütün dünyada fenomenə çevrilib desək, yanılmarıq. Bütün məşhur jurnallar onu üz qabığına çıxarmağa çalışır. O, geyim stili ilə nəinki, xanımların, hətta moda dizaynerlərinin də ilham pərisinə çevrilib.
Gözəlliyi ilə kişilərin ağlını başından alan, qadınların qısqanclığına səbəb olan cazibədar müğənni bu yaxınlarda məşhur "Elle" jurnalına müsahibə verib. Mən də bunu fürsət bilərək, "Onların stili" layihəsinə bu dəfə Rihannanın gözəllik sirləri və məsləhətlərindən bəhs etdiyi müsahibəsi ilə başlamağa qərar verdim.
Görək Rihannanın gözəlliyinin sirri nə imiş...
- Dünyanın ən seksual qadını siyahılarında adın həmişə ilk sıralarda olur. Bəs sənin üçün ən seksual qadın kimdir?
- Məncə bu ada layiq qadın Penelope Kruzdur. Səhər oyanıb ona bənzədiyimi görsəydim, çox yaxşı olardı. Uma Turmanın “Pulp Fiction” filmində canlandırdığı obraz - Mia Vallas çox seksual idi. Onun saç modelinə yenə müraciət edəcəyəm, kəkillərini çox bəyənmişdim. Dünyanın ən seksual kişisi isə Vins Vaughndur (Amerikalı aktyor).
- Sənin qüsursuz dərin çox bəyənilir. Deyəsən, çox baxımlısan...
- Xeyir, mənim də dərimin pis göründüyü vaxtlar olur. Ötən ilki “Chanel Couture” dəfiləsinin səhəri günü yaxşı yata bilməmişdim. Bir az şərab içmişdim. Aynaya baxanda dəhşətə düşdüm və öz-özümə “Aman Tanrım, necə də qoca görünürəm! Bu mənəm?”, - dedim.
- Bəs belə vəziyyətlərdə təcili həll üsulun var?
- Belə vaxtlarda spirtli içkini həyatımdan çıxarıram və bol-bol su içirəm.
- Ən çox sevdiyin kosmetik vasitə hansıdır?
- Dodaq boyası. O bütün diqqəti üzərinə çəkir. Bir qadın dodaq boyası çəkəndə elə bil bütün üzünə makiyaj etmiş kimi görünür. Kişilər axmaqdılar, başa düşmürlər. Təkcə dodaq boyası çəksəniz belə makiyaj etdiyinizi sanırlar. Ona görə də onların gözündə həmişə baxımlı olursunuz.
- Deyək ki, tələsirsən. Necə makiyaj edərsən?
- Nəmləndirici kremlərimi qarışdırıb çəkirəm. Tuş, dodaq boyası çəkməyim və qaşlarımı düzəltməyim kifayətdir.
- Çimərlikdə dərini necə qoruyursan?
- Günəşlənməyi çox sevirəm. Ancaq son günlərdə gözlərimin altının da qaralmağa başladığını müşahidə elədim. Ona görə də göz altına əlavə qoruyucu kremlər çəkirəm.
Rihannanın gözəlik sirrlərini özündən öyrəndik. İndi isə onun geyim tərzindən bəhs edəcəyik.
Dünyada bir çox stil ikonası var, ancaq bu gənc ulduz onların hamısından fərqlənir. Çünki onun stilini müəyyənləşdirmək mümkün deyil, bəzən bohem, bəzən klassik, bəzən retro tərzlərinə üstünlük verən bu gözəlçənin üz və bədən quruluşu onun hər geyimi sınaqdan keçirməsinə imkan verir. Onun içində çılğın bir qız var və bu qız Rihannanı adi, hamı kimi olmağa qoymur.
Qəribə olan isə bu çılğınlığın ona çox yaraşmasıdır. Məsələn, müğənni Leydi Qaqa da fərqli geyimləri və aksessuarları ilə diqqət çəkir. Ancaq onun gözəl göründüyünü iddia etmək və nə vaxtsa stil ikonası olacağını düşünmək mümkün deyil. Rihanna isə nə qədər qeyri-adi geyinməsindən asılı olmayaraq, daim gözəl və seksual görünməyi bacarır.
Onu da qeyd edim ki, Rihannanın stilinin əsasında seksuallıq dayanır. Müğənni xanım bir çox dünya ulduzundan fərqli olaraq gündəlik həyatda da şəffaf, dekolteli geyimlər geyinir. Gecə həyatını çox sevən Riri elə ən çox da klublardan və barlardan çıxarkən paparassilərin gözünü qamaşdırır. Belə məkanlara rahat, amma olduqca da seksual geyimlərdə gələn müğənni dəb ilahəsi olduğunu hər addımı ilə sübut edir.
Rihannanın rəng seçimləri də qeyri-adidir. Moda dizaynerləri həmişə qadınlara öz bədənlərini və üzlərini tanımalarını, ancaq özlərinə yaraşan geyim tərzini tapıb, həmişə eyni cizgidə davam etməyi tövsiyə edirlər. Ancaq daha öncə də qeyd etdiyim kimi bu barbadoslu gözəlin gizləməli olduğu heç bir qüsuru yoxdur. Ona görə də ona hər rəng və hər stil yaraşır. Riri də bunun fərqindədir və təbiətin ona bəxş etdiyi gözəllikdən sonuna qədər istifadə etməyə niyyətlidir.
Gözəl ulduz bəzən bej tonlarda, bəzən isə rəngarəng geyimlərdə qarşımıza çıxır. Ancaq onun vaz keçmədiyi rənglər ağ, qara və qırmızıdır. Həqiqətən bu rənglər qaradərili gözəlçənin seksuallığını vurğulamaq üçün idealdır. Pop ulduz ən sevdiyi rəngin qırmızı olduğunu həmişə qeyd edir.
Rihanna təəccübləndirməyi sevir və demək olar ki, bunu həmişə bacarır. Məsələn, bir də görürsən rok ulduz kimi qara ceketlər, uzun çəkmələr, dəri şalvarlar geyinən Riri iki gün sonra balet ətəyi, çiçəkli retro tərzindəki koftası, şiş burunlu stilettosu və uzun düz saçları ilə qarşımıza çıxır.
Ririnin moda dizaynerlərinə ilham verdiyini və stillərinin tez zamanda trend olduğunu vurğulamışdım. Onun şəffaf ətəyi bu qəbildəndir. Rihanna bu ətəklə görüntülənndə çox səs-küyə səbəb olmuşdu. Daha sonra bir sıra ulduzlar onu təqlid etməyə çalışsalar da istədikləri reaksiyanı ala bilmədilər.
Rihannanın yataq paltarını xatırladan qiyafəsi də hit olmuşdu. Hətta özünü Rihannaya bənzətməyə çalışan müğənni Rita Ora axırıncı dəfə “MTV” mükafatlarının təqdim oluunduğu gecəyə Rihannanın dəbə saldığı yataq paltarını xatırladan açıq-saçıq geyimlə gəldi.
Müğənninin dəb halına saldığı bir digər tərz isə qadınların hündürdaban ayaqqabı ilə geyinməyə alışdığı donları keta ilə geyinməsidir. Bu stil də əvvəllər hamıya qəribə gəlirdi və bəyənilmirdi. Ancaq gözəl ulduz öz bildiyini eləməyə davam elədi. Sizə də məlumdur ki, hazırda güllü, çiçəkli donları, hətta klassik tərzdəki paltarları keta ilə geyinmək dəbə minib.
İdman stilində geyinməyi çox sevən Riri rahatlıqla şıqlığın harmoniyasını yaratmaqda ustadır.
Hər gün başqa bir saç modeli
Riri sadəcə geyim tərzləri ilə deyil, həm də saç stilləri ilə dəb tendensiyaları yaradır. Demək olar ki, müraciət etmədiyi saç rəngi və kəsimi qalmayıb.
İlk dəfə Riridə gördüyümüz bəzi saç kəsimləri və geyim stilləri sonradan ilin trendinə çevrilir. Məsələn, bir tərəfi qırxılmış, digər tərəfi uzun saç modelini ilk dəfə Rihannada görmüşdük. Daha sonra məşhur model Kara Delevin başda olmaqla bir çox qadın saçını bu model kəsdirmişdi.
Rihannanın gözəl saçlarının sirri baxımdır. Onun saçları tez-tez kimyəvi proseslərə və fen kimi zərərli vasitələrə məruz qalmasına baxmayaraq, həmişə parlaq və sağlam görünür.
Əlbəttə, bu öz-özünə olmur. Belə ki, müğənni saçları üçün həftədə 2000 dollar xərcləyir. Riri təkcə saç baxımına bu qədər pul xərcləyərək bu sahədə bütün ulduzları geridə qoyur.
Onun saç ustası Ursula Stefendir. Ursulanın xüsusi baxımı ilə daim gözəl saçlara sahib olan Rihanna hamını özünə heyran qoymağa davam edir.
Bədəni dolu döymədir
Dünya şöhrətli ulduz Rihanna təkcə mahnıları ilə deyil, həm də xarici görkəmi, xüsusilə də bədənindəki döymələrlə daima gündəmdədir. Müğənninin hər döyməsinin öz mənası var.
Rihannanın sağ qulağının arxasındakı balıq rəsmi onun ilk döyməsidir. Məhz bu bürc altında dünyaya gəldiyi üçün bu döyməni etdirib.
Müğənninin sağ ayağı boyunca çəkilmiş işarələr sanskrit əlifbası ilə yazılmış bir duadır. Mənası - “Bağışlayan ol, dürüst ol, səbrli ol!”, deməkdir.
Sol qulağının içindəki döymə Rihannaya baha başa gəlib. Müğənnibu döymə çəkilənə qədər çox ağrı çəkməli olub.
Rihannanın sol qabırğasındakı döymə “Tanrının insana bəxş etdiyi azadlıq” mənasını ifadə edir.
Müğənni boynunun arxasında və kürəyindəki ulduz rəsmləri isə əvvəlcə Los-Ancelesdə döydürüb, daha sonra Nyu-Yorkdakı ustasına tamamlatdırıb.
Sol ayağının aşağı hissəsindəki kəllə rəsmini Rihanna kimdəsə görüb və həvəslənərək döydürüb.
Sol əlinin orta barmağındakı “Love” sözünü Los-Ancelesdə yazdırıb.
Sağ əlinin işarət barmağındalı “Shhh…” yazısı Rihannanın ən məşhur döyməsidir. Onun bir nüsxəsi də Lindsey Lohan və Lili Allendə var. Müğənni sağ əlini dodaqlarına yaxınlaşdırıb, “Sus” işarəsi verəndə həmin döymə açıq-aydın görünür.
Sol çiynindəki 04.11.1986 rəqəmləri Rihannanın ən yaxın dostu Melissanın doğum tarixidir. Onun bu jesti Melissa tərəfindən də cavabsız qalmayıb.
Bundan əlavə Rihannanın sağ əlində, qabırğasında, körpücük sümüyündə, sağ ayağının aşağısında da döyməsi var. Sinəsəsinin altındakı rəsm hələlik Rihannanın ən böyük və ən sensassion döyməsi sayılır. Müğənninin bədəninin bu hissəsindəki Misir allahı İsisin rəsmi təsvir olunub. Rihanna bu döyməni anasının xatirəsini yaşatmaq üçün etdirdiyini söyləyir.
Aksessuarları çox sevir
Pop-ulduz iri və diqqət çəkən aksessuarları çox xoşlayır. Demək olar ki, aksessuarsız evdən çıxmır. Geyiminə uyğun seçdiyi aksessuarlarla gözəlliyinə gözəllik qatır.
Rihanna makiyajı
Seksual müğənninin makiyaj stili ən az geyim tərzi qədər diqqət çəkir.
Çəhrayı dodaq boyası:
Rihanna çəhrayı dodaq boyalarını çox sevir. Xüsusilə də solğun çəhrayı çalarları Rihannanın favoritləri arasındadır. Müğənni çəhrayı dodaqları ilə rəngli göz makiyajını birləşdirməkdən də çəkinmir. Mavi layneri ilə çəhrayı pomadası ideal görünür.
Qırmızı layner
Rihanna rəngli laynerdən də çox istifadə edir. Pop ulduz hamının cəsarət edə bilməyəcəyi addımı ataraq qırmızı layner çəkib. Beləliklə, gözlərinin rəngini ön plana çıxarıb.
"Zaqar" makiyaj
Barbadoslu gözəl dərisinə yaraşan "zaqar" rəngli makiyaja da tez-tez müraciət edir.
Klassik makiyaj
Rihanna bəzən də qara layner və qırmızı dodaq boyası çəkir. Bu klassik obrazı ilə bizi təəccübləndirməyi bacarır. Bu makiyaj həm şıq paltarlar, həm də gündəlik geyimlər üçün uyğundur.
Pişik gözü makiyajı
Rihanna “pişik gözü” makiyajını da çox sevir. Bu makiyaj həqiqətən də gözəl ulduza çox yaraşır.
Göy rəngli tuş
Rihanna klassik qara tuşla yanaşı, rəngli tuşlardan istifadə etməyə də önəm verir. Mavi göz makiyajını çox sevən müğənnini göy rəngli tuşla tez-tez görə bilərik.
Tünd qırmızı dodaq boyası
Rihanna saçını qırmızıya boyadığı vaxtlar dodaqlarına da tünd qırmızı rəngli dodaq boyaları çəkirdi. Qırmızı rəngli saçlara sahib olan xanımlar bu makiyajdan ilham ala bilərlər.
Yaşıl göz makiyajı
Rihannanın gözlərini ön plana çəkən yaşıl göz makiyajı müğənnini olduqca seksual göstərir. Bu göz makiyajını ulduzun da etdiyi kimi bej rəng dodaq boyaları ilə tamamlamaq lazımdır.
Bundan başqa müğənniz-tez qara, yaşıl kimi qeyri-adi dodaq boyaları çəkir.
Dəb ilahəsi uğrunda yarış
Bütün dünyanın heyranlıqla izlədiyi bir pop-ulduzuna əlbəttə, reklam təklifləri də çox gəlir. Rihanna hər il bir neçə brendin siması olur.
"Balmain"
"Mac"
"Gucci"
"Nivea"
"Armani"
"MAC" yenidən gözəl müğənni ilə işləmək istəyir. Rihanna sosial şəbəkədə sentyabr ayından etibarən yenidən bu şirkətin siması olacağını yazıb.
O, tez-tez məşhur jurnalların üz qabığına da çıxır. Bu da təsadüfi deyil, üz qabığında belə gözəl xanım olan jurnalı kim almaz?!
"W Magazin"
"Elle UK"
Gözəl müğənninin öz brendi də var. Ririnin "Rivar İsland" adlı geyim brendi ulduzun zövqünü əks etdiri. Bu brend daha çox gənc qızlar üçün nəzərdə tutulub.
Pop-ulduzun “Rogue” adlı ətir brendi də var. Bu ətrin reklam afişası qalmaqal yaratmışdı. İngiltərədə afişanın yayılmasına qadağan qoyulmuşdu və müğənninin açıq-saçıq şəklinin uşaqların görə biləcəyi yerlərə yapışdırmağa icazə verilməyəcəyi bildirilmişdi.
Ətirləri çox sevən Ririnin bir digər parfümü isə "Rebl Fleur" adlanır.
Rihannanın 10 ən yaxşı stili