“AFP”nin verdiyi məlumata görə, Mayla Sayrus Meksikada istintaqa cəlb olunacaq.
Məşhur müğənninin istintaqa cəlb olunmasının səbəbi onun Meksikada verdiyi konsert zamanı ölkə bayrağına qarşı etdiyi hörmətsizliklə əlaqədardır.
16 sentyabr tarixində Monterredə baş tutan konsertdə xanım müğənni öz ifası zamanı Meksika bayrağını alçaldıb. Belə ki, yarıçılpaq səhnəyə çıxan Maylanı rəqqaslar Meksika bayrağı ilə vurmağa başlayıblar. Müğənni isə bayraqlarla seksual hərəkətlər edib.
Konsert Sayrusun “Bangerz” albomunun təqdimatı məqsədilə keçirdiyi turlardan birində baş verib. Bu səhnələrin internetdə yayımlanması meksikalıların əməlli-başlı etirazına səbəb olub.
Daxili İşlər Nazirliyi hadisə bağlı istintaqa 17 sentyabr tarixində start verib. Müğənni Meksika bayrağını təhqir etdiyinə görə 36 saat həbs oluna bilər.