28 Fevral 2020 12:43
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu il ölkəmizi Rotterdamda Samirə Əfəndi təmsil edəcək. İfaçının seçilməsi üçün 5 namizədin iştirak etdiyi qapalı kastinq keçirilib.

Onların arasında Samira Əfəndi, Ləman Dadaşova, Elvin Novruzov, Cəbrayıl Rəsulov və Riyad Abdulov iştirak ediblər. Təmsilçi musiqi produserlərinin, müəllif və bəstəkarların, jurnalistlərin, televiziya nümayəndələrinin və s. daxil olduğu Beynəlxalq Musiqi ekspertləri qrupunun səsverməsi əsasında müəyyən edilib.

Daha öncədən də "Avroviziya" müsabiqəsinin seçim mərhələsində iştirak edən Samira Əfəndi "Yeni ulduz", “Böyük Səhnə” (3-cü yer) və "Səs Azərbaycan" (3-cü yer) kimi məşhur musiqi layihələrində iştirak edərək güclü vokal səsi ilə yaddaşlarda qalıb.

Samira Əfəndi 2017-ci ildə Almatıda "Silk Way Star" (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq festivalına qatılmışdır.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” ("Açıl!") olan “Avroviziya -2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi "Avroviziya-2020" müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Xatırladaq ki, 16 sentyabr 2019-cu il tarixində Azərbaycanın "Avroviziya-2020" Mahnı Müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər