Baku TV-nin rəhbəri Orxan Məmmədov Mələk Heydərovanın işdən çıxarılmasına münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, Orxan Məmmədov qısaca açıqlama vermək istədiyini deyib:
"Əməkdaşımız məzuniyyətdə olub və gedib istirahət edib. Bizim hər hansı əməkdaşımız məzuniyyətdə olarkən ona qadağalar qoymağa ixtiyarımız yoxdur. Amma kim olursa olsun, əziyyətlə qaldırdığımız Baku TV-nin imicinə xələl yetirirsə və ən əsası, dövlətimizin qoyduğu qanunu pozursa, buna reaksiya verməyə bilməzdik.
Mələk yaxşı işçi idi, ona uğurlar arzu edirəm".
***
12:43
“Fairmont Bakı” hotelində istirahət edərkən karantin qaydalarını pozan aparıcı Mələk Heydərova Baku TV rəhbərliyindən üzr istəyib.
Teleqraf.com xəbər verir ki, Mələk Heydərova sosial şəbəkədə video paylaşaraq bu sözləri qeyd edib:
"Məlum məsələdir ki, ölkəmizdə karantin rejimi hökm sürür. Karantin rejiminə əməl etmək hər birimizin borcudur. Biz vəzifəmizlə heç kimdən fərqlənmirik və qayda-qanun hamı üçün eynidir. Biz hazırda bərabərik.
Sosial şəbəkələrdə mənim həftə içi çəkdirdiyim şəkillər də paylaşıldı və bununla bağlı üzrxahlıq etmək istəyirəm. Gündəmdə olan insanam. Təbii ki, etdiyim səhvlər, düzgün olmayan atdığım hər hansı addım gündəm olur.
Baku TV rəhbərliyindən üzr istəyirəm ki, oranın əməkdaşı olaraq qaydaları pozmuş oldum. Mən bir həftədir ki, məzuniyyətdəyəm və düşündüm ki, bunu yaxşı dəyərləndirim.
Amma təəssüf ki, bunu düzgün dəyərləndirə bilmədim. Əsas da odur ki, xalqımdan üzr istəyirəm. Əslində, düzgün etmədiyimin fərqindəyəm. Düşünürəm ki, qaydalar hər kəs üçün keçərlidir. Belə bir həssas vaxtda qaydaları pozduğum, şəkilləri paylaşdığım üçün hər birinizdən üzr istəyirəm və düşünürəm ki, bir daha təkrarlanmaz və bir daha bu addımı atmaram".
Daha sonra Mələk Heydərovanın Baku TV-dən işdən ayrılması haqda məlumatı dəqiqləşdirmək üçün sözügedən kanalın qaynar xətti ilə əlaqə saxladıq. Saytımıza açıqlamasında "Bununla bağlı hər hansı rəy bildirilməyib" deyə, cavab verilib.
Qeyd edək ki, Mələk Heydərova “Fairmont Bakı” hotelində istirahət edərkən fotolarını sosial şəbəkədə paylaşıb və qınağa səbəb olub. Daxili İşlər Nazirliyi hoteldə reyd keçirib və karantinin tələblərini pozan şəxslər saxlanılıb.