17 İyul 2020 12:44
16 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın qızı, müğənni Aynişan Quliyeva sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, o, İnstaqramda bu sözləri yazıb:

"Bir neçə gün öncə bir yaşında uşaq olmuşdum. Yenə o qorxu, yenə göz yaşları, yenə içimdəki o boşluq. Uşaq qanmır? Başa düşmür? Mən başa düşürdüm. Əsas da hər əsgər formasında adam görəndə, üstünə ata deyib qaçanda başa düşürdüm ki, atam yoxdur. Hərbi formaya sarılmaq təsəlli verirdi. Necə böyüdüm? Qaranlıq. Uşaqlığım qaranlıq, rəngsiz idi. Hər gecə yuxuya gedəndə səhəri açmamağı arzu edirdim. Bəli, bunu arzu edənin beş yaşı vardı. Dözə bilmirdim anamı daim yataqda xəstə görməyə, təkliyə, vaxtımdan tez böyüməyə.

Ölmədim, yaşadım, anamla birlikdə böyüdüm. Amma artıq həyat çətin gəlmirdi, zamansız yaşantılar adamı güclü edirmiş.

O gün yenə dünyam dağıldı. Anama zəng edib dedim ki, qorxuram. O da dedi ki, kişilərimiz ölməyib ki, qadınlarımız qorxsun. Yenidən hər şeyi lap başdan yaşamaqdan qorxuram. Bu bir uşaqlıq tramvasıdır. Bu elə bir tramvadır ki, əsla düzəlməyəcək.

Günlərdir şəhidlərimizin balalarının fotolarına baxıram. Hər dəfə baxanda ağlayıram. Onların ağır talelərinə ağlayıram. Hələ necə günlər yaşayacaqlarından bixəbər olmaqlarına acıyıram. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Onların ruhu övladlarının üzü güləndə və torpaqlarımız geri qayıdanda rahat olacaq".

Qeyd edək ki, Aynişan Quliyevanın atası Xalid Quliyev Qarabağda şəhid olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər