16 Noyabr 2020 15:13
2 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Gülüstan Əliyeva "Onun sirri" verilişində etirafları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, müğənni rejissor Fuad Əlişovla qalmaqalının səbəbini açıqlayıb: "Həyatımıda olan hadisələri ekrana gətirməyi sevmirəm. Fuad Əlişov mənim üçün 2500-2700 dollara klip çəkdi. İşlər yekunlaşmaq üzrə olanda dedi ki, montaj işi çox oldu, əlavə pul ödəmək lazımdır. Dedim, imkanım yoxdur, ödəyə bilməyəcəm. Dedi, o zaman klipin altında ad və soyadım qeyd edilməyəcək. Bu gün klip arxivdə və yutubda o formada yayımlanır".

Əməkdar artist ilk dəfə həmkarlarının ona etdiyi pislikdən danışıb: "Həyatımda itirdiklərim çox oldu. Heç vaxt bu haqda danışmaq istəməmişəm. Bu sənət yolunda addımlayırqsa, orada problemlər, qarşıdurmalar olur. Mənim də həyatımda bu hədsiz çox olub. Əvvəl adama çətin gəlir. Çox ağlamışam, sözümü deyə bilməmişəm.

Akademik Opera və Balet Teatrında tamaşa oynamalı idim. Teatrın rəhbərliyi tərəfindən aparıcı aktrisa kimi tərkibə daxil edilmişdim. Türkiyəyə festivala getmişdik, orada "Aşıq Qərib"də Şahsənəm obrazını oynadım. Tamaşa qurtardı və "Leyli və Məcnun"da Leylini oynamalı idim. Gördüm ki, Leyli obrazını oynamağıma razı deyillər. Onun səbəbi bu gün mənə aydındır. O zaman səbəbini tapa bilmirdim. Səbəb o idi ki, mən tamaşada görünməyim. Afişada da adım yox idi, amma dediyim kim teatrın rəhbərliyinin istəyi ilə göndərilmişdim.

O qırğın-davalar bu gün də davam edir. Yaradıcılıq həyatımda problemlər çox olub. Mən onların adını açıqlamaq istəmirəm. Bu mənim şəxsiyyətimə uyğun deyil. Həmin insanlarla bir yerdə çalışırıq".

Əməkdar artist "Sevirsinizmi" sualına "Elə bir insan var ki, yaşasın və sevməsin. Mən elə bir insan tanımıram. Hazırda sevgilim yoxdur" - deyə cavab verib.

Gülüstan Əliyeva illər öncə evdən qaçdığını da etiraf edib: "Bakıya Yevlax rayonundan 14 yaşımda gəlmişəm. Müsabiqə oldu və mən qalib gəldim. Bakıya gəlməli və burada oxumalı idim. Raykom katibi valideynlərimi çağırdı ki, sizin uşağınız qalib gəlib və Bakıya getməlidir. Bundan sonra ailəmizdə savaş başladı. O zaman qızlar məktəbi bitirib, ailə qurmalı idi. Çox ərköyün uşaq idim və üstümə qışqırmaq, məni döymək olmazdı.

Xalamgilə qaçdım ki, atam işdən gəlib, məni döyəcək. Xalam mənə kömək etdi, valideynlərimi razı saldı. Bakıya gəldim. Hətta müsabiqəyə gəlməyə evimizdə pul yox idi. Bizə atamın dostu pul verdi".


Müəllif: Rəqsanə Həsənova