"İndi elə zəmanədir ki, heç kəsə etibar yoxdur. Arada insanlardan uzaqlaşmaq yaxşıdır. Bu qədər də yox amma. Martdan bəri stress, qorxu, xəstəlik, müharibə insanların bir-birinə aqressiyasını artırıb. Emosional insanlardan qorxmuram. Aqressiyasını, emosiyalarını göstərən insanlar o qədər də təhlükəli deyil".
Teleqraf.com xəbər verir ki, bu sözləri Feysbukda müğənni Nura Suri yazıb.
O, bəzi insanların təhlükəli olduğunu vurğulayıb:
"Həyatımıza asta-asta, sakitcə, emosiyasız girən insanlar təhlükəlidir. Nə fikirləri, nə məqsədləri bəlli deyil. Özünüzü qoruyun. Hər adamın yanında artıq heç nə danışmayın. Danışanlara qulaq asmayın, susdurun. Sonra dediklərini sizin adınıza çıxacaqlar.
Etibarı əldən verməyin. Hamının əlində telefon, ya video çəkirlər, ya səs yazırlar. Telefonda, danışanda belə bütün zəngləri yazan insanlar var. Biri bir səhv edən kimi az qalırlar həmin adamı daş-qalaq edələr. Mən heç kəsə etibar etmirəm. Dostlarımdan belə uzaqlaşmışam, çünki mənə və ya onlara qarşı bir səhv olsa bir-birimizdən şübhələnməyək deyə. Yazdığım bəzi statuslardan sonra narahat olan insanlar var. Ordan-burdan maraqlananlar, xəbər göndərənlər və s. Hələ bir dəfə də olsun öz şəxsi problemimlə bağlı status yazmamışam. Ancaq insanları düşünərək onların problemlərini işıqlandırmışam. Müxalifətlə heç bir əlaqəm yoxdur. Siyasi marağım yoxdur, məqsəd güdmürəm. Emosional insanam, ədalət tərəfdarıyam sadəcə. Gic-gic söhbətləri yığışdırın. Öz alçaq fantaziyalarınıza uyğun fikirləri özünüzə saxlayın. Azca düşünən beyin görən kimi höllənməyin. İnsanların xoşbəxt olması üçün iş görə bilmirsinizsə, onlara dəxlisiz iradlarınızla yaşamağa mane olmayın. Sizi bilmirəm, amma mən nəinki insanlara, heyvanlara da biganə qalmıram. Əlimdən gələn köməkliyi edirəm uşaq yaşlarımdan bəri. Dostlarıma, tanımadıqlarıma yardım edirəm sözlə, əməllə, maddi və mənəvi. Yardımı da reklam üçün edirsiniz. Tənqidi də öz maraqlarınız üçün edirsiniz - maddi, siyasi və s...Məni anlamağa çalışmayın, beyniniz və qəlbiniz o deyil".