Tanınmış tele-aparıcı Mikayıl Güləddinoğlu Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Bir neçə gün öncə “Sevimli mahnı” verilişinin bağlandığı və “Speys” kanalından ayrıldığınız haqqında xəbərlər yayıldı. Siz isə xəbəri təkzib etdiniz və yeni formatda efirə qayıdacağınızı bildirdiniz.
- Bəli, yeni formatda verilişimizə başlayırıq. Verilişin formatında çox az dəyişikliklər olacaq. Bildiyimiz kimi “Sevimli şou” verilişi ilə tanınmışam, amma ondan öncə verilişlərim də olub. Mən aparıcı olmadan öncə redaktor idim. Efirə “Olduğu kimi” layihəsi ilə çıxmışam. Veriliş çox yüksək reytinq qazanmışdı. Sonra gördüm ki, tamaşaçılar artıq qalmaqallara inanmırlar. 11 il öncə "Speys" televiziyasında verilişim 17 reytinq vermişdi. Bu gün həmin reytinq televiziyalar üçün əlçatmazdır.
Verilişin ilk qonağı mərhum reper Hüseyn Dərya idi. Həmin verilişdə baş verənlər həqiqi idi. Az keçməmiş gördüm ki, tamaşaçı “az sonra”, “bir azdan” anonslarına artıq inanmır. Mənim verilişdə səsləndirdiyim “gəldim e, gəldim” ifadəsi sosial şəbəkələrdə geniş yayıldı. O sözün maraqlı tarixçəsi var.
Deməli, o zaman bir övladım var idi, evə getmədən öncə qapıda gəldiyimi bildirmək üçün “gəldim e, gəldim” deyirdim. Evdən isə uşağın səsi gəlir və bilirdi ki, atası gəldi. Mən də bu sözü efirə gətirdim və camaata xoş gəldi.
Mən Azərbaycan Dövlət Televiziyasında təcrübə keçmişəm. Eləcə də Sabir Axundovdan dərs almışam. İncəsənət Universitetini bitirmişəm. Daxilimdə yaradıcılıq hissi daha çox idi. Ona görə də şou sahəsinə istiqamətləndim və veriliş yaratdım.
Mikayıl Güləddinoğlu xalq mahnılarını tərənnüm edir. Əcnəbi mahnıları tərənnüm etsəm Mikayıl olmaram. Bu yaxınlarda bir hadisə ilə qarşılaşdım. Tanınmış insanları kateqoriyalara bölürlər, A, B, C, E. Hansı kateqoriyadan söhbət gedir? Görürsən ki, müğənni tanınmağa başlayır, ondan hanısa müğənnini soruşanda deyir ki, bu kimdir, dinləyirəm, mən Riki Martinə qulaq asıram. Axı, sən yalan danışırsan. Mənimlə bərabər çalışmısan, üç ilə dəyişdin? Bu sferadan ayrılıb, guya hansısa kateqoriyaya aiddir. Ay qardaş, sənə nə olub? Üç il əvvəl elə danışmırdın...
O insanlarda saxtalıq var. Mən verilişlərimdə səmimi olmağa çalışıram. Artıq tamaşaçının qarşısına fərqli çıxsam sünilik olar. Düzdür, bir insanı hamı sevə bilməz. Bir-bir qapıları döyə bilmərəm ki, bu şoudur və işimə görə belə edirəm. Amma haqqımda elə insanlar fikir bildirirlər ki, təəccüblənirəm.
- Daha çox deyirlər ki, Mikayıl Güləddinoğlu verilişinə "bozbaş müğənnilər"i efirə dəvət edir.
- Mən özümə heykəl qurmaq fikrində deyiləm. Məni tənqid edən və özünü A kateqoriyasi hesab edənlərə demək istəyirəm ki, siz ömrünüzdə kitab açıb oxumusunuz, mənə irad bildirirsiniz?!
- Kateqoriyaları qəbul etsəydiniz, özünüzü hansı kateqoriyaya aid edərdiniz?
- Mən Mikayılam və hamı insandır. Bu gün veriliş bağlanar, qəza olar, efirə çıxa bilmərəm, müxtəlif işlərlə məşğul ola bilərəm və sair. El-obanın içində olan adamam. "Bu, əlçatmaz ulduzdur" kimi fikirləri qəbul etmirəm. Allah hamını eyni yaradıb, sadəcə fərqli peşələrdə çalışırıq.
- Haqqınızdakı tənqidlər nədən irəli gəlir?
- Əslində, sosial şəbəkələrdə tənqidləri sıravi adamlar yazmırlar. Çünki bunun şahidi olmuşam, başqa yollarla həmin şəxslərin arxasınca da düşmüşəm.
- Biz “razborka”ya gedən məşhurlar sırasında Manaf Ağayevi bilirik.
- Yaxın günlərdə Sumqayıta getdim və təəssüf etdim ki, məni tənqid edən insan hərbçi imiş. Evdə atası idi, məni görüb o da qorxmuşdu.
- Sizi tənqid edənlərin evinə gedirsiniz?
- Bəli. Hələ indiyə qədər küçədə bir insan yaxınlaşıb deməyib ki, sizi mən tənqid etmişəm. İradı bildirmək olar və bu, normal haldır. Hamının xoşuna gələ bilmərik ki...
- Özünüz haqqında hansı iradları qəbul etmirsiniz?
- Haqqımda haqsız sözlər deyiləndə qəbul etmirəm. Bu sahədə çalışanlar deyirlər ki, onun verilişi belədir-elədir...
- Tənqid etsələr də, bir çox kanallarda sizi təqlid edənləri yenə görürük...
- Məni təklədilər, xarakterimdə də yoxdur ki, filan jurnalistə deyim, onu vursun və s. Mən hər şeyi axarına buraxıram. Düzdür, hərdən əsəbləşirəm.
Elvin həm dostum, həm də prodüserimdir. Onu 16 ildən çoxdur tanıyıram. Elvinin günü qara olub, gecə zəng edəndə bilir ki, niyə zəng edirəm. Sosial şəbəkədə tənqid edən hansısa şəxsi tapmışam. Sadəcə haqsız yanaşmalar var. Məni əsəbləşdirən söz deyirsə, deməli, o, qeyri-peşəkar və savadsızdır. Gəlin, öz sahəmə uyğun mənimlə danışın. Axı, mən bildiyimi sən bilməzsən.
Mənim arxamda heç kim olmayıb. Hamı bilir ki, bir pencəklə universiteti bitirmişəm. Universitet illərində gödəkçəm belə yox idi. Şəkillərdə onun-bunun paltosunu geyinirdim. Mənim ali təhsilim var, Axundov Milli Kitabxanasında gözlərimin nurunu tökərək Qabriel Qarsiya Markes, Mixail Şoloxov, Rabindranat Taqoru oxumuşam. Axı, onların əsərlərinin birini belə oxumamısan. Mənə necə irad bildirə bilərsən?
Verilişlərimdə səmimi olmağa çalışıram. Qeyri-səmimi olub neynəyəcəm? Verilişlər var ki, günorta saatlarında yayımlanır, on tamaşaçı tapa bilmirlər. Onlara pul təklif edirlər. Amma “Sevimli şou”da pandemiyadan əvvəl 118 tamaşaçı əyləşirdi. 50 tamaşaçı da çöldə qalırdı ki, onlara yer çatmırdı. Prodüserimə 50 manat pul təklif edirdilər ki, bu qədər yol gəlmişik, bizə də keçməyə icazə verin, ayaqüstə baxaq.
- “Toy müğənniləri” adlandırılan Manaf Ağayev, Mənzurə Musayeva, Şəbnəm Tovuzlu verilişinizdə tez-tez qonaq olur. Bu kimi iradlardan sonra xalq artistlərimizi, bəstəkarları dəvət etmisinizmi?
- 2016-cı ildə “Sevimli şou” başladı və ilk verilişdə qonağımız xalq artisti Samir Cəfərov oldu. Xalq artistlərimiz silsilə şəkildə Cahangir Cahangirovun və bir çox bəstəkarların mahnılarını ifa etdilər. Verilişin reytinqi bir oldu və sponsorlar getdilər. Sonra qonaqları dəyişdim. Adını qeyd etdiyiniz sevilən müğənniləri verilişə çağırdım. Mən onlara xalq tərəfindən qəbul edilən müğənni deyirəm.
Sən kiminsə istəyinə qarşı gedə bilməzsən, insanlar onları istəyirlər. O müğənniləri verilişmə dəvət edtim, reytinq də qalxdı, sponsor da gəldi.
- Siz özünüzü hansı təbəqənin aparıcısı hesab edirsiniz? Bəzi həmkarlarınız özlərini rusdilli təbəqənin aparıcısı sayır...
- Məni qonaq kimi şəhər toyuna dəvət etmişdilər. Orada həmkarlarımdan biri aparıcı idi. Prodüserimə dedim ki, mən bundan nə öyrənim? Axı, mənə irad bildirirlər. Görüm burada qeyri-adi nə olacaq? Düşündüm ki, heyif ki, anamın böyrəyi ağrıyır, onu öyrədərdim, üçqat qiymətinə aparıcılıq edərdi. Mən şəhər və bölgə toylarına gedirəm. Və özümü hər təbəqənin aparıcısı hesab edirəm.
-Eşitdiyimizə görə, toy mərasimlərinə on min manata gedirsizmiş?..
- Xeyr, səhv deyirlər. On minə toy mərasimlərinə getmirəm. Hətta bəzi toy mərasimlərindən pul götürmürəm. Uzaqbaşı iki-üç minə gedirəm.
- Mikayıl bəy, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva, yoxsa Manaf Ağayev və Şəbnəm Tovuzlu daha çox reytinq verir?
- Mən "Sevimli şou" proqramına xalq artisti Aygün Kazımova ilə başlamışam. Verilişimdə Aygün Kazımova və Brilliant Dadaşova qonaq olublar. Zülfiyyə Xanbabayeva efirlərə çox çıxmır. Hətta Brilliant Dadaşovanı Türkiyədəki evində də çəkiliş etmişəm.
Verilişimə Brilliant Dadaşova və Aygün Kazımovanı dəvət edərəm. Hər insanın tutduğu bir yol var. Aygün Kazımova, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva kateqoriyanın kifayət qədər izləyicisi var. Mən də digər tamaşaçılara işləyirəm.
- Buna səbəb nədir?
- Çünki camaat onları daha çox sevir.
- Əslində, bir çox müğənnilər sizin verilişinizdən tanındılar və toy mərasiminə getməyə başladılar.
- Bəli. Şəbnəm Tovuzluya minnətdaram, çünki bütün verilişlərdə deyir ki, mən Mikayılın verilişində tanındım. Bu gün bəzi müğənnilər bunu etiraf etmirlər.
- Hansı müğənniləri nəzərdə tutursunuz? Adlarını qeyd edə bilərsiniz?
- Kişi müğənnilər deyil. Mən kişilər haqqında danışmaq istəyirəm. Məsələn, verilişə dəvət edən zaman filankəs gəlirsə, gəlmirəm və sair kimi kapriz göndərirlər. Axı, niyə? Amma həmin müğənnilərlə toy mərasimlərinə birlikdə düşəndə onunla ifa edirsən.
- Verilişinizə dəvət etdiyiniz və gəlməyən müğənni olub?
- Xeyr.
- Yeni verilişinizdə əvvəl dəvət etdiyiniz müğənnilər qonaq olacaqlar?
- Bəli.
- Verilişlərinizdə xalq artistləri Alim Qasımov, Faiq Ağayev qonaq qismində iştirak edib?
- Xeyr. Sizin təklifinizi qəbul edib, Alim Qasımovu dəvət edərik. Xalq artisti Ağadadaş Ağayev verilişimdə dəfələrlə qonağım olub. Onu bütün Azərbaycan sevir. Faiq Ağayevlə çox gözəl münasibətimiz var. Onu redaktor işlədiyim zamandan tanıyıram. Amma hələ ki, verilişlərimə dəvət etməmişəm, inşallah, çağıracam. Məsələn, siz qeyd etdiniz ki, müğənnilər Əflatun Qubadov, Manaf Ağayev, Bahar Lətifqızı, Şəbnəm Tovuzlu, Nazənin xanımı verilişlərinizə çox dəvət edirsiniz. Axına qarşı üzmək qeyri-mümkündür.
- Axı, siz tamaşaçı arxasınca getməməlisiniz. Zövqü aparıcılar formalaşdırır...
- Bir il yarım maarifləndirici veriliş apardım və reytinq aşağı oldu. Verilişdə Rabindranat Taqor, Qabriyel Qarsiya Markesdən və Ramiz Rövşəndən danışaq. Görək reytinq verəcəkmi?!
- Söhbət müğənnilərdən gedir. Bir aparıcı kimi bu mərhələyə gələrkən hansı çətinlikdən keçmisiniz? Ailəniz haqqında məlumat verə bilərsiniz?
- Ailədə iki övlad olmuşuq, bir bacı, bir qardaş. Atamın nə valideynləri, nə də bacı-qardaşı var. O körpə vaxtlarında anasını, sonra isə qəzada atasını itirib. Atam tramvay sürücüsü olub. 14 yaşıma qədər elə bilirdim ki, insanlar daim başqa yerə köçürlər. Daim kirayədə yaşamışıq.
Sonra yataqxanada qalırdıq, oranı da satıb Sabunçuda iki otaqlı ev almışdıq. Mənzil buruqların arasında yerləşirdi. Qapını açanda mazut qoxusu adamın üzünə vururdu. Mənzilimizin damı yox idi. Evə yağış damırdı, mənzilimizin içində ilbizlər yeriyirdi. "Sevimli şou" verilişinə aparıcı olana qədər orada yaşadıq. Hətta orada ailə qurdum, böyük qızım dünyaya gəldi.
- Məşhur olduqdan sonra da o mənzildə yaşayırdınız?
- Bəli. Hətta o zaman redaktor idim. Çox vaxt utanırdım, dost-tanış var idi. Onlar evimizi tanımırdılar. Məni avtomobillə evə aparan zaman uzaq məsafədə düşürdüm. Guya evimiz orada idi. Hətta vanna otağında şam qozalarından, odundan istifadə edirdik. Çünki buruqların arası idi və ora qaz çəkmək olmazdı.
Yolpuluna qənaət etmək üçün Əzizbəyovdan evə piyada gedirdim. Sonra rəhmətlik Nofəl Süleymanovla "Sevimli şou"nu yaratdıq. Ondan sonra ev, avtomobil aldım. Bunu bilənlər bilir.
- Villada yaşayırsınız?
- İki mərtəbəli həyət evində yaşayırıq. Avtomobilim var, hətta atama da maşın almışam. Atama dedim ki, artıq işləməyinə ehtiyac yoxdur. Tramvaylar bağlandıqdan sonra taksi sürücülüyü edirdi.
- Müsahibələrinizin birində qeyd etmisiniz ki, həyat yoldaşınızın işləməsinə icazə vermirsiniz. Səbəb nədir?
- Bu, xarakterimlə bağlıdır. Hər kəsin öz mövqe və düşüncə tərzi var. Mənim də mövqeyim budur. Həyat yoldaşımın işləməsinə heç vaxt razı olmayacam. Anam da Xarici Dillər Universitetini bitirib, amma heç vaxt işləməyib.
- Saçına rəng qoyan, üzünə botoks edən kişi müğənniləri qəbul etmədiyinizi vurğulamısınız.
- Fikirlərimi başqa tərzdə qələmə vermişdilər. Əslində, dedim ki, üz-gözü normal olan adam özünü niyə o vəziyyətə salmalıdır?! Əgər burun böyük və əyri olarsa, təbii ki, onu düzəltdirmək lazımdır. Məsələn, mən indiyə qədər efirdə qrim etməmişəm. Bu haqda fikirləşməmişəm belə.
- Necə düşünürsünüz, Azərbaycanda ən məşhur aparıcı kimdir?
- Ölkəmizdə ən çox tanınan aparıcılar Zaur Baxşəliyev və Zaur Kamaldır. Hər ikisi ilə münasibətim yaxşıdır. Ümumiyyətlə, mənim hər kəslə normal münasibətim var. Xüsusilə, müğənnilərdən Əflatun Qubadov, Manaf Ağayev, Nazənin xanım, Şəbnəm Tovuzlu, Bahar Lətifqızı ilə yaxın münasbətim var.
- Azərbaycanda ən çox tənqid edilən aparıcı siz və Zaur Kamaldır. Siz aşağı səviyyəli toy müğənnilərini verilişinizə dəvət etdiyinizə, Zaur Kamal isə qonaqları ilə davranışına görə müzakirə edilir.
- Bu, Zaur Kamalın tərzidir. Bu tərzinə görə də sevilir.
- Amma qəbul etməyənlər də var...
- Bir nəfər küçədə saxlasın ki, Zaur, səndən xoşum gəlmir. Amma mən əksinin şahidi olmuşam. Sizə bir hadisə danışım. Yaxın günlərdə bir qohum evimizə gəldi, savadlı insandır. Başqa qohumumuzun ailəsində toy olacaqdı. O mənə bildirdi ki, toy edən ailə deyib, birdən Mikayıl toy mərasiminə gəlməz, biabırçılıq olar . Hamıya demişik ki, Mikayıl da qonaq olacaq.
Qohumumuz onu da əlavə etdi ki, hardan-hara gəlmisiniz. Siz ömür boyu arzuolunmaz qohum idiniz. Biz toy mərasimlərində iştirak etsək də, etməsək də heç kimin vecinə olmamışıq. Hətta şadlıq sarayında zalda əyləşən zaman yaxınlaşıb deyiblər ki, qalx, burada filankəs oturacaq, kənarda dayan. Amma bu gün başda əyləşdirirlər.
- Yaxın günlərdə dostunuz, gitara ifaçısı Nofəl Süleymanov 17 yaşlı oğlu Şövqü Süleymanov tərəfindən ehtiyatsızlıq ucbatından öldürüldü. Amma onun ölümü ilə bağlı müəyyən şayiələr yayıldı ki, qəsdən öldürülüb. Bu haqda nə deyə bilərsiniz?
- Xeyr, şayiə idi... Onlar bir-biri ilə nəfəs alan insanlardırlar. Şövqü sərbəst güləşçidir və daim yeniyetmələr arasında qalib olub. Nofəl onunla fəxr edirdi. Sadəcə gərək silahı evdə saxlamazdı. Bu ehtiyatsızlıq ucbatından baş verib.
Foto: Pərviz Həşimi