Xalq artisti Tünzalə Ağayeva Xəzər televiziyasında yayımlanan "Dəyişən cavab" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, o, keçmiş həyat yoldaşı haqqında danışıb: "Sənətə gələndə ailəli idim. Mən çox nadir hallarda bu barədə danışıram. Bu mənim həyatımda maraqlı və kədərli bir dönəmdir. İlk zamanlar qadın kimi ailə həyatını tamam başqa cür xəyal edirdim, arzularım fərqli idi. Elə bilirdim ki, hər şey sevginin üzərində qurulub. Amma heç vaxt onun dəstəyini dana, silə bilmərəm.
Hər birimizin nöqsanları var. Biz yeddi il ailəli olmuşuq. Bir müddət sonra xasiyyətimiz tutmadı, ona görə də, ayrılmaq qərarına gəldim.
Birinin beyni inkişaf edir, birinin beyni yerində qalır. Şəxsən məndə belə oldu. Mən həyatda başqa şeylər axtarırdım. Biz çox sadə məsələlərdə mübahisə edirdik. Qızım Fidanın iki yaşı vardı, ona görə narahat olurdum. Səhnədə gülüb, evə gələndə ağlayırdım. Bu hal hər gün davam edirdi, uzun çəkə bilməzdi.
Mən ekran qarşısında ağlamağı bacarmıram. Ona görə də heç vaxt problemlərimi biruzə vermirəm. Amma mən də insanam, küsə bilirəm, özümü çarəsiz hiss etdiyim günlərim olub. Valideynlərim mənə görə çox üzülürdülər. Tünzalə Ağayeva ulduzunun parlamağını qətiyyən hiss etmirdim. Mən daxildən faciə yaşayırdım. Uşağımın atasından qırıldığım nöqtə o idi ki, qızına və ömür-gün yoldaşının şəxsiyyətinə hörmətsiz yanaşdı. Kişiyə yaraşmayan intiqam hissi onu o qədər almışdı ki, "sən mənimlə yaşamırsansa, həyat məhv olmalıdır" - deyə, düşünürdü.
Yaxşı ki, o zaman Yutub, İnstaqram yox idi. Prodüserim Yalçın köşklərdən nə qədər qəzetlər alıb, cırırdı ki, məqalələri oxumayım".
Xalq artisti "Bakı Payızı" müsabiqəsində qalib olmaq üçün pul verməsi haqqında yayılan şayiələrə də münasibət bildirib: "Hər şey göz önündə idi. Biri var ki, "Bakı Payızı" müsabiqəsini bacarıqsız adam qazanıb, deyəsən, kimsə onu tapşırıb. Adətən elə hallar olur. Amma rəqabət o qədər sağlam idi ki, hər şey göz qabağında idi".
Tünzalə Ağayeva Türkiyədə təhsil alan qızı Fidandan da söz açıb: "Qızımın istedadı var. Onu zirvədə görürəm. Peşəsini özü seçib. Yalnız İstanbula mən məcburi göndərdim. Dedi ki, sənin yeganə övladınam, məni hara göndərirsən? Dedim, sən dünyanı görməlisən və püxtələşməlisən".