Əməkdar artist Xumar Qədimova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla qısa müsahibəni təqdim edirik.
- Xumar xanım, "Şuşa" adlı mahnınızı təqdim etdiniz. Şuşada konsert verməyi düşünürsünüz?
- Belə bir konsert verməyi düşünürəm. Çox möhtəşəm bir musiqi bayramı olar. Şuşada konsert verməyə haqqım var. Çünki mən Şuşa dərdindən yazmışam, oxumuşam, bəstələmişəm.
- Şuşaya getmisinizmi?
- Şuşaya kiçik yaşlarımda getmişəm. Şuşa azad edildikdən sonra getməmişəm. İnşallah, yaxın günlərdə gedərik. Nə qədər ki, həyat var, o qədər Azərbaycan və Şuşa var olacaq. Məncə, "Şuşa" əsərinə Şuşada klip də çəkə bilərik.
- Son günlər televiziyalara çıxmırsınız...
- Sənətində yeniliklər olmalıdır ki, televiziyaya çıxasan. Mən yeniliklər olanda televiziyaya çıxıram. Artıq başlayıram... "Şuşa" mahnısının ardından gözəl bir sevgi nəğməsi gəlir, "Mən və sən" adlanır. Möhtəşəm bir sevgi əsəridir.
- Şou-biznesdə rəqabət yoxdur. Bunun səbəbi nədir?
- Şou-biznesdə rəqabət görmürəm. Sənəti, yaxşını görmək lazımdır.
- Yunus Əmrənin sözlərinə bəstələdiyiniz "Aşk neylədi" mahnısını ifa etdiniz. Türkiyə şou-biznesinə qatılmağı düşünürsünüzmü?
- Türkiyədə çox tanınıram və sevilirəm. Türkiyə ilə bağlı layihə edəcəm. Orada Yunus Əmrə ilidir. İfa etdiyim "Aşk neylədi" mahnısı Türkiyədə çox sevildi.