Xalq artisti Könül Xasıyevanın aparıcı Zaur Kamalı polisə verməsi haqda məlumat yayılıb.
Zaur Kamal Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
“ARB-də yayımlanan “Həmin Zaur” verilişində "Deyilənə görə” rubrikası vardı. Mətbuatda, sosial şəbəkələrdə müğənnilər haqqında yayılan məlumatlara aydınlıq gətirmək üçün müğənniyə suallar ünvanlanırdı. Redaktor Könül Xasıyevanın saytların birində yayımlanan müsahibəsindən sual ünvanlamışdı. Könül Xasıyeva müsahibəsində danışmışdı ki, atam məni, anamı incidirdi, anamı ondan ayırdım və Bakıya gətirdim.
"Həmin Zaur" verilişində bu sualı da bir il əvvəl efirdən Könül xanıma ünvanladım ki, “deyilənə görə, Könül Xasıyeva anasını atasından ayırıb, Bakıya gətirib”. Hətta sözümü yumşaq formada dedim ki, anası tək qala bilməyib. Gördüm, Könül xanımın reaksiyası başqa olub. Davam etdim ki, anasız yaşaya bilmədiyinizə və darıxdığınıza görə onu Bakıya gətirmisiniz.
Sualı mənə redaktorumuz deyib və mən də Könül xanıma sual vermişəm. Sualı isə fakt kimi yox, "deyilənə görə" ifadəsi ilə ünvanlamışam. Bir müddət sonra Könül xanım mənə dedi ki, sən məni camaatın gözündən salmaq istəmisən, təhqir etmisən. Mən səndən şikayət edəcəm. Mən də dedim ki, Könül xanım, orada bir problem yoxdur, sosial mediada yazılan müsahibəyə əsaslanmışıq. Siz özünüz saytların birində müsahibənizdə qeyd etmisiniz.
Hələ ki, ortada polis məsələsi yoxdur. Sadəcə bildirilib ki, səndən şikayət edəcəm”.
Qeyd edək ki, bu haqda məlumatı Bakupost.az saytı yayıb. Məlumatda xalq artistinin bir il bundan əvvəlki verilişə görə Bakı şəhər Baş Polis İdarəsinə etdiyi şikayət əsasında araşdırma başladığı və Zaur Kamalın İdarəyə dəvət olunaraq dindirildiyi vurğulanıb.