"Uşaqlar tibbi müayinədən keçdilər, hər şey qayasındadır. Qan testinin nəticəsi yaxşıdır. Sadəcə olaraq 7 aylıq körpəmizdə bədən çəkisi aşağıdır. Ona görə qidaların əlavə olunması tövsiyə olundu. Eyni zamanda müəyyən vitamin çatışmazlığı olduğundan dərmanlar yazıldı. Tibbi müayindən məlum oldu ki, təhlükəli bir patalogiya yoxdur".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə həbs edilən prodüser Təranə Səmədovanın qızlarından danışarkən deyib:
"Təranə Səmədovanın böyük qızı Suel sığınacağımıza öyrəşib, öz yaşdıları var. Bacısı yanındadır. Ən əsas istəyi o idi ki, bacısı ondan ayrılmasın. Artıq yaxın günlərdə məktəbinin dəyişməsi də həyata keçiriləcək".
"Rəqsanə İsmayılova uşaqlara görə sizinlə əlaqə saxlayırmı?" sualına isə Kəmalə Ağazadə belə cavab verib: "Əlbəttə, əlaqə saxlayır. Gündə bir neçə dəfə uşaqlarla maraqlanır. Tək o deyil, tanıyanların əksəriyyəti uşaqlarla maraqlanır. Amma bu gün uşaqların daha çox təlim-tərbiyə və təhsilə ehtiyacları var. Biz onları həyata keçirəcəyik. Sosial Xidmətlər Agentliyininin əməkdaşları bu gün gəldilər, qiymətləndirmə də apardılar. Uşaqların vəziyyətini, qaldıqları yeri yoxladılar".
"Təranə Səmədovanın uşaqlaqlarını diləndirməsi haqqında ittiham hüquqi baxımından öz təsdiqini tapdımı" sualına cavabda sığınacaq rəhbəri deyib ki, hazırda hüquq-mühafizə orqanları tədqiqat apardığı üçün heç bir məlumat verə bilmərik: "Yəqin ki, tədqiqatın nəticəsi ilə bağlı DİN məlumat yayacaq".