Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin edilən xalq artisti Yusif Eyvazov Azərbaycan prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, Yusif Eyvazov şəxsi İnstaqram hesabında rəhbəri olduğu teatrdan ilk fotosunu paylaşaraq bu sözləri qeyd edib:
“Əziz dostlar, çoxlarınızın bildiyi kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi mənə həvalə olunub. Belə yüksək etimada görə dərin minnətdarlığımı bildirirəm. Mən tam əminəm ki, biz birlikdə ölkəmizdə opera və balet sahəsini inkişaf etdirəcəyik və bunun üçün əlimizdən gələni edəcəyik. Mənə dəstək olan və inanan hər kəsə təşəkkür edirəm.
Cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım ölkəmizdə mədəniyyətin inkişafına daim böyük diqqət yetirir, mədəniyyət xadimlərinə dəstək verir, istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda həyata keçirilən çox mühüm layihələrə dəstək olurlar. Əminəm ki, biz birlikdə teatrımızı tamamilə beynəlxalq səviyyəyə çıxaracağıq”.