5 May 2023 09:05
2 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avroviziya 2016” Beynəlxalq Mahnı Müsabiqəsinin təmsilçisi Səmra Rəhimli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Formula 1 Azərbaycan Qran Prisi 2023-ün səhnəsində çıxışınız maraqla qarşılandı. Bu çıxışdan sonra hansı səhnəni arzulayırsınız? Ümumiyyətlə, xarici ölkədə fəaliyyət göstərmək istərdinizmi?

- İnşallah, həyatdır, insan bilmir ki, sabah nə olacaq. Hər şey ola bilər. Yalnız onu deyə bilərəm ki, konsert üçün haradan təklif alsam, hazır bir müğənniyəm.

- Geyim tərzinizdə çox iddialısınız. Geyimləriniz üzərində təkcə ananız İlahə Baxşıyeva işləyir?

- Bəli, geyimlərimi anam İlahə xanım hazırlayır. Kliplərimə də anam rejissorluq edir.

- Hərdən açıq-saçıq geyimlərinizə görə tənqid edilirsiniz. Bu haqda nə deyə bilərsiniz?

- Tənqidlərə reaksiyam sıfırdır. Geyim tərzimlə bağlı daha çox xoş sözlər yazırlar, neqativ fikirləri görmürəm və yaddaşımda qalmır.

- Sosial şəbəkədə çox aktivsiniz. Sizə ünvanlanan bütün mesajları oxuyursunuz?

- Bəli, sosial şəbəkədə çox aktivəm, amma bütün mesajları oxuya bilmirəm. Çünki vaxtım olmur. Gərək onda bütün günü mesaj oxuyum.

- Formada qalmağınızın sirri nədədir? İdman etməklə yanaşı başqa nələrə riayət edirsiniz?

- Bəli, idman edirəm. Uşaqlıqdan idmanla məşğul olmuşam, karate və sair idmana maraq göstərmişəm. Düzdür, hazırda idman hərəkətlərini unutmuşam. Hazırda isə fitnesslə məşğul oluram.

- Ailənin tək övladısınız?

- Xeyr, bacım da var.

- Bacınızı heç vaxt mətbuata çıxarmamısınız.

- Bacım çox sakit qızdır.

- Xaraktercə özündən razı görünürsünüz...

- Bəli, kənardan elə bir auram var, özündənrazı görünürəm, amma yerinə və insana görə dəyişə bilər. Əslində çox mülayim və deyib-gülən insanam. Hər kəslə də dil tapa bilirəm.

- Bəs, niyə şou-biznesdən uzaq gəzirsiniz?

- Şou-biznesdən hər hansı həmkarımla görüşsəm, şəkil çəkdirib paylaşmıram. Elə halları sevmirəm. Hər kəslə münasibətim yaxşıdır. Hamının hörmətini saxlayıram. Şou-biznes nümayəndələrinin olduğu məclisdə hər kəslə yaxşı münasibətimin olduğunu görəcəksiniz.

- Ölkəmizi "Avroviziya 2016"da təmsil etmisiniz. "Avroviziya" təmsilçilərimizdən kimlərlə dostluq edirsiniz?

- Bütün təmsilçilərimizlə münasibətim yaxşı və normaldır. Ad çəkməyi sevmirəm.

- Növbəti dəfə ölkəmizi "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsində təmsil etməyi düşünürsünüzmü?

- İnşallah hər şey ola bilər. Elə bir zaman ola bilər ki, ölkəmizi müsabiqədə təmsil edə bilərəm. Həyatdır... Bilmirəm...Həyat sürprizlərlə doludur.

- "Avroviziya 2023" Beynəlxalq Mahnı Müsabiqəsində ölkəmizi Tural və Turan Bağmanovlar “Tell Me More” mahnısı ilə təmsil edəcəklər. Onların mahnısını dinləmisinizmi?

- Bəli, Tural və Turanın ifasını bəyənirəm. Avropasayağıdırlar və əsl o ab-havanı yaradırlar. "Avroviziya 2023" Böyük Britaniyada baş tutacaq. Ona görə də onlara uğurlar arzu edirəm.

- Tural və Turan Bağmanovların ifasını müsabiqənin ilk onluq pilləsində görürsünüzmü?

- Hər şey ola bilər. "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi elə bir sürpriz müsabiqədir ki, gözləmədiyiniz nəticələr ola bilər. Ona görə də uğurlar arzu edirəm. Əsas odur ki, oradakı zamanlarından, bu prosesdən zövq alsınlar. Yer tutmağın heç bir önəmi yoxdur. Əsas zövq alıb, o təcrübəni yaşamaqdır.

- Özünüzə rəqib hesab etdiyiniz ifaçı varmı?

- Gələcəkdəki mən....

- Qısqancsınız?

- Xeyr, heç qısqanc deyiləm.

- Şəxsi həyat mənasında da qısqanc deyilsiniz?

- Ümumiyyətlə, qısqanc insan deyiləm.

- Ən böyük dəstəkçiniz kimdir?

- Anamdır. Bu, heç kim üçün sirr deyil.

- Ən yaxın rəfiqəniz kimdir?

- Ən yaxın rəfiqəm anamdır.

- Sizin üçün sevgi nədir?

- Sevgidən danışmayaq.

- Bu il ailə qurmağı düşünürsünüz?

- Ümumiyyətlə, şəxsi həyat haqqında danışmaq istəmirəm.

- Formula 1-in finalında səhnəyə çıxarkən "Bərabərik" adlı mahnınızla sosial mesajlar verdiniz və gender bərabərliyinə diqqət çəkdiniz. Azərbaycanda gender bərabərliyini necə dəyərləndirirsiniz?

- Əslində qadınlarımızın hüquqları kişilərlə bərabər olmalıdır. Çünki bu, bizim konstitusiyamızda da var. Şərqdə ilk dəfə Azərbaycanda qadınlarımıza səsvermə hüququ verilib. Hər kəsin ailəsində qadın var və hər bir kişi də istəməlidir ki, qadınla kişilərin hüquqları bərabər olsun. Qadın heç kimdən aşağı və asılı deyil.

- Qadınlarımızın hüquqları ilə bağlı sizi qane etməyən hal varmı?

- Onu bildirim ki, gecə saatlarında xanımın çölə çıxmasına fərqli yanaşılır. Amma bu belə olmamalıdır. Elə qadın var ki, təkdir və onun nəsə işi olanda onun ardınca özü getməlidir. Buna heç kimin ixtiyarı yoxdur ki, başqa cür yozsun.

- Son günlər cəmiyyətimizdə həyat yoldaşından ayrılan xanımların sayı çoxalıb. Bu haqda nə deyə bilərsiniz?

- Ailə məsələrinə müdaxilə etmək istəmirəm. Kim necə xoşbəxtdirsə, elə də yaşasın.

- Haqqınızda xoşagəlməz şayiə olub?

- Xeyr.

- Cəsarətlisiniz?

- Məncə, hə.

- Yaradıcılıq planlarınızda nə kimi yenilikləriniz var?

- Formula 1-də üç yeni mahnımı ifa etdim. Həmin mahnılarımı təqdim edəcəm.






Müəllif: Foto: Elnur Muxtar, Rəqsanə Həsənova