Türkiyədə yaşayan müğənni İradə İbrahimova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- İradə xanım, ailənizlə Türkiyədə yaşayırsınız. Bakıya gəlişiniz nə ilə bağlıdır?
- Hələ ki Bakıdayam. Sənətimlə bağlı bir sıra işlərim var. Pandemiyadan xeyli işlərim qalıb. Hətta Vaqif Gərayzadə işlə bağlı gəlməli olduğum tarixi, fevralın 20-ni də mənə xatırladı. Üç ildir Bakıya gələ bilmirəm. Mənim üçün mahnılar yazılıb. Bir layihəmiz də var, onu həyata keçirməliyik. Bunun üçün bir həftə, on gün yetərli vaxt deyil. Bu səbəbdən uzunmüddətli buradayam. Studiya işlərimi, arxivimi səliqəyə salmalıyam.
- Layihənizi Azərbaycan şou-biznesi, yoxsa Türkiyə üçün həyata keçirirsiniz?
- Layihəm yutub kanalım üçündür, hazırda məşqlər edirik. Görürəm ki, illər keçsə də mahnılarım daha çox sevilir. Hətta tərəddüd edirdim ki, gənclər mahnılarımı dinləmirlər, amma əksini gördüm. Düşünürəm ki, gözəl və savadlı musiqiləri dinləyən gənclərimiz kifayət qədərdir.
- Türk vətəndaşı Ceyhun İzerle ailə qurduqdan sonra sənətdən uzaqlaşdınız. Uzun fasilədən sonra televiziyalara çıxdınız. Səhnə üçün darıxmısınızmı və təəssüratlarınız necədir?
- Əslində, ailə qurduqdan sonra səhnə həyatımla tamam vidalaşmadım. Studiyalarda mahnılar yazdırdım, amma aktif fəaliyyət göstərmədim. Dayanmadan, tükənmədən çalışmışam, mahnılar yazdırmaq, klip çəkdirmək, səhnə fəaliyyətim və sair. Bəzən deyirəm, necə olub, o qədər işi çatdırmışam, enerji, güc... Deməli, gəncliyin verdiyi enerjidir ki, işlərin öhdəsindən gəlmişəm. Amma sənətimə ara verdiyim məqam və səbəb var idi. Bu ailədir.
Ailə həyatın bir parçasıdır ki, “səhnəsiz necə nəfəs alacam” dedirtmədi. Səhnədə olmadım, amma özümü insan olaraq tanıdım, kəşf etməyə başladım. Gördüm ki, daxilən nə qədər zənginmişəm. Ona görə də özümlə qürur duymağa başladım. Nə qədər əksik tərəflərim var imiş, onları düzəltdim. Hələ də var və buna davam edirəm. Mütaliə etməyə, öz üzərimdə işləməyə başladım. Həyata baxışımı dəyişdim. Sağ olsun, övladlarım, həyat yoldaşım, ailəm sayəsində o səviyyəyə gəldim.
İnsanın daxilindəki yaxşı hissləri büruzə vermək üçün qarşısındakı insan da yaxşı olmalıdır. Deyəcəksiniz, yaxşı insan olub-olmaması digər məqamda da ortaya çıxır. Doğrudur, elə hal da var. Amma hamımızın daxilində neqativ də var. Neqativi çıxara biləcək biri qarşımıza çıxmalıdır.
Allaha çox şükür edirəm, gözəl insanların ətrafında oldum və oluram. Allah onları mənə çox görməsin. Gördüm ki, pozitiv enerji məni bəsləyir. Çünki hər şey bizim özümüzdən başlayır, etdiyimiz yaxşılıqlar da, pisliklər də. Yəni həyata baxışım da dəyişib. Ona görə də heç vaxt heyifsilənmirəm ki, niyə səhnədən çəkildim, övladlarıma və ailəmə çox vaxt ayırdım.
Əlbəttə, könül istərdi ki, hər ikisinə birgə davam edim, görünür, mənim üçün yazılan qismət bu imiş. Çox şükür, bu taleyimə peşman deyiləm.
- Həyat yoldaşınız sənətinizi dəstəkləyirmi?
- O, heç vaxt sənətimi davam etdirmək haqda hər hansı fikir söyləmədi - nə indi, nə də əvvəl. Bu mənim öz seçimim idi. Ana olduqdan sonra daxilimdən gələn bu hisslə hər şeyi sildim. Bir övlad dünyaya gətirirsən və o qucağına veriləndə hiss edirsən ki, nə böyük məsuliyyətdir. Mən bununla cəmiyyətə şəxsiyyət yetişdirməliyəm. Həmin an məsuliyyəti üzərimə aldım və düşündüm ki, övladlarımı yaxşı və cəmiyyətə faydalı yetişdirəcəm.
Əvvəlcə özüm xeyirli olmalıyam ki, övladlarımdan da onu gözləyim. Belə bir söz var, deyirlər, “Allah xeyirli övlad versin”. Əslində, valideyn xeyirli olsun ki, uşaq da ona oxşasın. Uşaq çox şeyi ailədən alır. Siz uşaqlarınızı tərbiyə edin, onlar sizin tökdüklərinizi yığacaqlar. Beləcə, daxilimdən fərqli bir İradə çıxdı və buna heç kim əngəl ola bilməzdi.
Mənim həyat yoldaşım, sevdiyim insan daim yanımadadır. Həyat yoldaşı demək ömür-gününü, həyatını onunla paylaşmağın deməkdir. Artıq övladımız dünyaya gəldi, hər ikimiz məsuliyyətimizi üzərimizə aldıq, o ata, mən ana olaraq. Bir-birimizə sarıldıq. İnşallah, hər şeyi həyat göstərəcək, böyük danışmaq istəmirəm. Amma inşallah, əkdiyimizi biçərik.
- Maraqlıdır ki, necə həyat yoldaşısınız?
- Bu haqda çox danışa bilməyəcəm.
- Fədakarsınız?
- Məncə, yetərincə fədakaram. Ailə üzvlərimin sevinci, təbəssümü mənim üçün çox önəmlidir. Bilirsiniz ki, evdə hər şeyi qadın təşkil edir. Yaxınlarda bunların hamısını danışdıq. Qadın evdə olmayanda sanki evin ruhu çəkilir. Ötən günlərdə anam (qaynanasını nəzərdə tutur) deyir ki, İradə, sən yoxsan, elə bil evin ruhu çəkilmiş vəziyyətdədir. İstəsəm də sənin yerini verə bilmirəm. Evdə o ruhu yaşatmaq üçün qadın istiliyi lazımdır. Əlimdən gəldiyi və gücümün çatdığı qədər bunu etməyə çalışıram. Amma buna nə qədər nail oluram, bilmirəm.
Həyat yoldaşımı görəndə bu sualı verərsiniz, o, cavablandırar. Mənsə hesab edirəm ki, əlimdən gələni edirəm. Hərdən həyat yoldaşım deyir ki, sən də xoşbəxtsən, sən də sevinirsən, etdiyindən məmnunsan ki, əsirgəmirsən. Səni heç kim məcbur edə bilməz.
Amma məqam olur ki, yorulursan. Bir anlıq gözünü bağlayırsan, Allahla aranda bir körpü qurursan və ondan təkrar güc istəyirsən. O iki-üç dəqiqə qurduğun əlaqə sənə güc verir və təkrar qalxıb həyata davam edirsən.
Əlbəttə, çətin anlar olur, bu, sadəcə fiziki yorğunluq deyil, mənəvi yorğunluq da olur. Deyirsən ki, artıq gücüm yoxdur. Allaha, şükür edirsən. Şükürsüz günümüz yoxdur. Həmişə bir tərəfə yaxşıları, bir tərəfə pisləri qoyursan. Yaxşı tərəf ağır gəlir. Deyirsən ki, buna dəyər!
- Övladlarınız İpək və Əli üçün darıxırsınızmı? Artıq böyüyüblər, eləmi?
- Bəli, böyüyüblər, amma ana-ata üçün övladları heç vaxt böyümür. İpək dünyaya gələndə düşündüm ki, bir yaşına gəlsin, sonra səhnə fəaliyyətimə başlayaram. İpək 12 yaşında, Əli isə 7 yaşına çatdı. Amma görürürəm ki, övladlarım böyüdükcə mənə daha çox ehtiyacları olur. Onların yanında olmalıyam.
Baxdım ki, valideynlərin gözündə uşaqlar böyümür. Hələ də anam mənə deyir ki, nə yedin, sənə dovğa göndərmişdim, dovğanı əvvəlcə qarışdır və sair. Bunları bilməyən yaşda deyiləm, 44 yaşım var. Qısacası, övladlarım üçün darıxıram və darıxmaq da normal haldır.
- Konsert proqramı ilə çıxış etmək planınız varmı?
- Solo konsertlər üçün inanılmaz sayda təkliflər alıram. Hər kəsə təşəkkür edirəm, məni qürurlandırırlar. Artıq düşünürəm ki, solo konsert verməyin vaxtı çatıb. İnşallah, o gücü özümdə toplayıb, konserti verəcəm və bunu arzu edirəm. Çünki baxıram, hansı mahnı oxuyum deyəndə seçim edə bilmirəm. Vaxt çatmır, bütün mahnılarım sevilir.
- Necə düşünürsünüz, sənətinizə davam etsəydiniz, bu gün hansı pillədə olardınız?
- Mənim üçün sənətin pilləsi yoxdur. Özümü insanlara tanıtmışam, nailiyyət əldə etmişəm. Amma daha çox mahnı ifa edə bilərdim, oxumadığım, yorğun düşdüyüm üçün üz çevirdiyim şeylər oldu. Düşünürəm ki, kaş onların hamısını edə bilərdim, amma gec də deyil.
Sadəcə hər zaman deyirəm ki, dua edin, qarşıma gözəl mahnılar çıxsın. Çünki bizi birləşdirən, insanlarla aramızdakı körpü salan mahnılardır. Mahnılar gözəl olmasaydı, sevməsəydilər, İradə İbrahimova olmazdım.
Əlbəttə, səhnə arxasında o mahnıların ərsəyə gəlməsi üçün maddi-mənəvi hər şey etdim. İnsanlar da bunu qəbul etdi. Mən də yüksəldikcə yüksəldim. Qadın həm də həyat yoldaşıdır. Allah deyir ki, niyyətin hara, mənzilin də ora, çox şükür, bunu mənə nəsib etdi. Allah hər kəsə bunu nəsib etmir.
Ailə qurmağım ilk vaxtlar valideynlərimin arzusuydu. Sonra gördüm ki, öz yuvamın olmasını özüm də istəyirəm. Allah qarşıma düzgün insanı göndərdiyi üçün daha çox düşünməyə başladım.
Bəs sənət fəaliyyətim yetərlidirmi, xeyr. Sənətin sonu və zirvəsi yoxdur. Bəlkə status və sairi nəzərdə tutursunuz. Mənim üçün bu göstərici deyil. Mənim üçün status xalqın sevməsi, üzümə baxmaları, təbəssümləri və bağırlarına basmalarıdır.
Dediyim kimi bu işin sonu yoxdur. Bu, bir eşq məsələsidir - səhnə, sənət, mahnılar...