20 İyun 2023 13:51
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qrup yoldaşım nişan şokoladı gətirmişdi. O vaxt Oqtayı hələ həyatda görməmişdim. Şokoladı başımın altına qoyub yatdım, onu yuxuda gördüm".

Teleqraf.com xəbər verir ki, bu sözləri Baku TV-də əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, əməkdar mədəniyyət işçisi Oqtay Əliyevdən danışarkən deyib: "Yuxumu bacıma danışdım ki, kök, saqqalı bir oğlan gördüm. Üzərindən iki-üç ay keçdi. Universitetə gedən kimi Oqtayı gördüm, görən kimi də tanıdım. Rəqs otağı vardı, qapıdan gizlincə baxdım ki, gecə yuxumda gördüyüm oğlana oxşayır.

Oqtayda inanılmaz dərəcədə sahib çıxmaq duyğusu vardı. Hər şeyi yerindəcə həll edirdi. Fəxr edirdim ki, yanımda sənəti sevən, məni qoruyan belə bir insan var. Onun ən gözəl xüsusiyyətlərindən birincisi və heç bir zaman dəyişməyəni bu oldu. Əsəbi olması da dəyişmədi. Eyni zamanda deyingən idi. Amma başqa cəhətlərini o qədər yaxşı göstərirdi ki, bunlar adamın gözünə görünmürdü”.

Dilarə Əliyeva həyat yoldaşından sonrakı durumundan da söz açıb: “Baxırlar ki, işimdəyəm. İnsanlar düşünə bilərlər ki, maşallah, tez toparlandı, yaxşıdır. Kimsə yaxşı düşünür, kimsə əskini. Deməyim odur ki, sevdiklərinizi düşünün. Onlara nümunə olmaq lazımdır. Ən asan yol qalan nə varsa darmadağın edib, sənə baxan gözləri, ürəkləri yıxıb qapını bağlayıb, özünə qapanmaqdır. Mən otururam, dərdim var, ağlayıram, amma ayağa qalxmaq, o, insanın arzularını yaşatmaq, adını daşıtmaq - bu çox çətindir.

O sizi ağlar görmək istəyərdi? Yox. Qaldığın yerdən davam etmək üçün güclü olmalısan, başqa yolun yoxdur. Yenə deyirəm, ağlayıb özünə qapanıb hər şeyi darmadağın edən insanlar özünü düşünənlərdir”.

Dilarə Əliyeva ölümündən sonra Oqtay Əliyevi yuxuda gördüyünü də deyib: “Gördüm ki, oturub, hamı başına yığışıb. Soruşuram ki, yerin necədir? Cavab verdi ki, çox rahatdır, buradan "Dəniz Mall" da görünür...”


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər