Ötən 2014-cü ili dünya kinomatoqrafında məhsuldar və uğurlu illərdən biri hesab etmək olar. Lakin bu il də tamaşaçıları maraqlı ekran əsərləri, sənədli və bədii filmlər, komediyalar, myuzikllar gözləyir.
Teleqraf.com həmin siyahını təqdim edir:
"İmitasiya oyunu"
Film İkinci Dünya Müharibəsində almanların "Eniqma kodu"nu sındırmış, bununla da alman ordusu və kəşfiyyatının məxfi məlumatlarına çıxış əldə etmiş, savaşın daha tez bitməsinə və daha az insanın ölümünə yol açmış əfsanəvi kriptoqraf Alan Turinq haqdadır. O, sonralar homoseksuallığına görə məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, "İmitasiya oyunu" "Oskar" mükafatına "Ən yaxşı film" nominasiyasında favoritlərdən biridir.
"Kiber"
Filmdə hadisələr daha çox kibernetika sahəsində hazırlananların təhlükə təşkil etdiyi dünyada baş verir.
"Yupiter qalxması"
Yupiter Cons gecə səması altında anadan olub və bütün əlamətlər qızın böyük fəthlər edəcəyini göstərirdi. Yupiter böyüyür və hər dəfə yuxuda ulduzları görür, ancaq yuxudan ayıldıqdan sonra təmizlikçi işlədiyi və tualeti yuduğu sərt reallıqla qarşılaşır. Günlərin birində o, Keynə rast gəlir. Keçmiş hərbi ovçu olan Key Yupiteri tapmaq və qızın əsl təyinatını aşkar etmək üçün Yerə gəlir.
"Bozun 50 çaları"
Baş rollarda Ceymi Dornan və Dakota Consonun çəkildikləri "Bozun əlli çaları" filminin rejissoru Cem Teylor-Consondur. Erotik məzmunlu ekran əsəri 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.
"Dənizin ürəyində"
1819-cu ildə Amerika gəmisi "Esseks" 20 nəfərdən ibarət heyətlə Massaçusets ştatındakı portdan balina ovlamağa çıxır. 1820-ci ilin payızında ilyarımlıq uğurlu ov nəhəng kaşalotun gəmiyə hücumu ilə dayandırılır. Nəticədə dənizçilər qayıqlara düşməli olurlar. Üç aydan çox bir müddətdə onlar okeanın ortasında sağ qalmaq uğrunda mübarizə aparırlar.
"Diverqent, ikinci hissə: İnsurgent"
Beatris Prior öz daxili şeytanlarına müqavimət göstərməli və Çikaqodakı mövcud qaydaları dağıtmağa çalışan güclü alyansla mübarizəni davam etdirməlidir.
"Mordekay"
Film mülayim sənətşünas və eyni zamanda, fırıldaqçı, bütün dünyanı səyahət edən və cazibəsilə oğurlanmış şəkili tapmaq istəyən Çarlz Mordekay haqqındadır. Deyilənlərə görə, bu incəsənət əsərində nasist qızılı ilə dolu bank özəyinin kodu var. Mordekay bədxah ruslar, Britaniyalı kəşfiyyat Mi5, beynəlxalq terrorçu və heyrət doğuran həyat yoldaşı ilə olan işlərini yoluna qoymalıdır. Rejissor Devid Kreppin komediya filmində əsas rollarda Conni Depp, Pol Bettani, Qvinet Peltrou və digərləri çəkiliblər.
"Pərəstişkar"
Rejissor Rob Koenin "Pərəstişkar" psixoloji trillerində baş rollarda Cennifer Lopez və Rayan Quzman çəkiliblər. Film boşanmış qadınla gənc qonşusu arasındakı sevgi hekayəsindən bəhs edir. Hansısa anda onların münasibətləri sona çatır, gənc oğlan ağlını itirir və Lopez öz oğlunun taleyindən ehtiyat etməyə başlayır.
"Forsaj 7"
Dominik Toretto və onun komandası Ouen Şounu öldürdükdən sonra onun qardaşı Yan Şou qisas almaq arzusundadır. Filmin premyerası ötən ilə planlaşdırılsa da, aktyor Pol Uolkerin faciəli ölümü çəkilişlərin bir müddət dayandırılmasına səbəb oldu. Məlumata görə, Uolkerin iştirak etdiyi səhnələr filmdən çıxarılmayacaq. Bəzi yarımçıq qalmış səhnələri Uolkerin kiçik qardaşının köməkliyi ilə tamamlayacaqlar.
"Zoluşka"
Film Ella adlı qızın macəralarından bəhs edir. Arvadından ayrılan Ellanın atası ikinci dəfə evlənir. Atasına dəstək olmaq üçün Ella öz evində yeni ailəsini - ögey anası Ledi Tremeyn və onun qızları Anastasiya ilə Drizellanı qəbul edir. Bir müddət sonra Ellanın atası vəfat edir, o isə acgöz və paxıl yeni qohumları ilə tək qalır. Ella öz evinin xidmətçisinə çevrilir, lakin şahzadə ilə görüş onun həyatını bütünlüklə dəyişir.
Rüstəm