Xalq artisti Brilliant Dadaşova "Gül kimi şou"da açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova məşhurlaşan zaman ona mane olanlardan danışıb:
"İfaçılar yox, amma televiziya rəhbərləri tərəfindən bu kimi hallar olub. O vaxt Fikrət Əhmədov adlı bir şəxs Mərkəzi Komitədə incəsənət nümayəndələrinə nəzarət edirdi. Hətta Mədəniyyət naziri belə onun nəzarətində idi.
Günlərin bir günü bəstəkar Faiq Sücəddinovla onun evinə getdik. Onun qızı Mehriban Əhmədova “Ay gözümün nuru anam” adlı mahnını bəstələmişdi. Faiq müəllim məni müşayiət etdi. Fikrət bəy oxumağıma qulaq asandan sonra dedi ki, çox təsirləndim, birdən qarşını kəsən, sataşan olsa, mənə mütləq bildir. Bəzi vəzifədə oturan şərəfsiz insanlar bizim gənclərimizi qarşısını alırlar. O dəqiqə ya qızım Mehribana, ya da Faiq Sücəddinova məlumat ver.
Qarşımı kəsən insanlar oldu. Amma mən Fikrət bəyə demədim. O cox zəhmli insan idi. Belə insanlarımız da olub.
Rafiq Babayev də mənə atalıq, qardaşlıq edib. Bəzi hadisələri də Rafiq Babayevə deməyə utanırdım ki, mənə nəsə dedilər, evimizə zəng gəlib. Amma vaxt tapıb nəsə sızdırırdım. 1986-cı ildə universitetdə oxuduğum illərdə Rafiq Babayev məni Azərbaycan Televiziyasına solist götüzdürdü. Bildirdi ki, bizim Brilliant Dadaşova kimi gənclərə ehtiyacımız var. Onun adını afişalara vururuq. Brilliantı AzTV-yə işə götürməliyik ki, universitetə getməyəndə ona buradan sənəd verə bilək ki, konsertdə idi.
Mən hələ birinci kursu bitirməmiş AzTV-nin solisti idim. Çox gözəl günlər idi. Mənim üçün böyük şərəf idi. Şövkət Ələkbərovanın, Rəşid Behbudovun solist olduğu məkanda mən də solist oldum. Sonra Cəbhə gəlib məni AzTV-də işdən çıxartdı. Mübariz mahnıları mən ifa etmişdim. 1988-ci ildə “Haydı-haydı igidlərim birləşin” mahnısını oxumuşdum. O zamanlar AzTV-nin rəhbərliyi mənə bu mahnını oxumağıma görə töhmət verdi”.
Xalq artisti xarici ölkədəki fəaliyyətindən də danışıb: "Bir ökədə musiqini təqdim etmək üçün orada yaşamaq lazımdır. İngiltərədə, Norveçdə də səhnəyə çıxmışam. Mənə Norveçdə iş təklif ediblər və 6 illik müqavilə bağlamaq istəyiblər. Yenə orada qalmaq lazım idi".