Xalq artisti Mələkxanım Əyyubova Mədəniyyət TV-də yayımlanan "Danışır musiqi" verilişində açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Mələkxanım Əyyubova qeyri-peşəkar sənətçilərin efirə çıxmasını tənqid edib:
"Artıq 25 ildir pedaqoji fəaliyyətlə məşğulam. Bu sənətdə yerində addımladınsa, gərək sənətdən gedəsən. Yəni başqa işlə məşğul olasan. Artıq elə bir zamana gəlmişik ki, oxuya bilməyənlər, musiqimizi korlayanlar efirə ayaq açıblar. Axı, bunu kim deməlidir?! Bizim sənətkarların yolunu davam etdirmək lazımdır. Sənətkarlarımızın, ziyalılarımızın çoxu deyir ki, nəyimə lazımdır, demirəm. Onsuz da belədir.
Amma mənim muğamıma, musiqimə, incəsənətimə ürəyim ağrıyır. Sənətə zərər dəyir. Biz də ayağımızı efirdən geri çəkirik. Mən, sən efirdən çəkilək, bəs, efiri kimə tapşıraq? Sonra günahı özümüzdə görəcəyik. Biz efiri zəbt etməliyik ki, onlar geri çəkilsin. Heç kimin ixtiyarı yoxdur ki, musiqimizə xələl gətirsin, korlasın. Olmaz".