30 Yanvar 2015 15:06
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burak Özçivit Fahriyə Evcenlə münasibətlərinə aydınlıq gətirdi

Ötən gün Bakının qonaqları olan məşhur türk aktyor Burak Özçivit və aktrisa Fahriyə Evcen Nizami Kino Mərkəzində “Aşk sana bənzər”in Qala gecəsində iştirak edib, tamaşaçılarla bərabər filmi izləyib, daha sonra jurnalistlərin suallarını cavablandırıblar. Teleqraf.com xəbər verir ki, Qala gecəsində iştirak etmək üçün Fahriye Evcen, Burak Özçivitlə yanaşı filmdə rol olan hamının “Möhtəşəm yüz il” serialının “Sünbül ağası” kimi tanığını Selim Bayraktar, filmin rejissoru A.Taner Elhan və yaradıcı qrupunun digər üzvləri səhər saatlarında Bakıya gəlib, şəhərimizi gəzintiyə çıxıblar. Axşam saatlarında isə Kino Mərkəzində filmin Qala gecəsinə qatılıblar.

Qeyd edək ki, Ceylan Güzelcenin ssenarisi əsasında rejissor A.Taner Elhanın lentə aldığı bu romantik dram bir balıqçı qəsəbəsində başlayan məhəbbət hekayəsindən bəhs edir. Ailəsindən qalan restoranı ayaqda saxlamaq üçün çarpışan Əli bir gün qəsəbəyə yeni gəlmiş gözəl qızla - Dənizlə qarşılaşır. İlk baxışdan bir- birilərindən xoşlanan gənclərin sevgisinə yaxın bir vaxtda bütün qəsəbə şahid olur. Amma Dənizin keçmişindən gələn biri onların eşqinə mane olmağa çalışır...

Teleqraf.com filmin nümayişindən sonra mətbuat konfransında yaradıcı heyətlə baş tutan söhbəti təqdim edir:

Burak Özçivit: Öncəliklə qeyd edim ki, biz bu gün Azərbaycanda olmaqdan çox məmnunuq. Azərbaycan bizim qardaş ölkəmiz və bizim məmləkətimizdir. Bakını da sizləri də çox sevdik. Filmə gəlincə, ekran əsərinin hekayəsi mənə aiddir. Və bu hekayə əslində cümlədən başladı. Bilirsiniz ki, “Çalıquşu” serialında Fahriye ilə bərabər oynayırdım, ikimizin arasında çox gözəl enerji yaranmışdı. Və biz bu enerjini davam etdirmək istədik. Amma bu, serial ola bilməzdi. Çünki “Çalıquşu”nda 30 seriya çəkildik. Yeni mövsümdə isə Fahriyə də, mən də serialda oynamaq istəmirdik. Ona görə düşündün ki, nə edək? Qarşıdan isə yay gəlirdi və bunu dəyərləndirmək lazım idi. Qərara gəldik ki, film çəkək. Mənim lap çoxdan yazdığım hekayələrim var. Sayı təxminən 30-a yaxındır. Amma o hekayələrin heç birini bu filmdə istifadə etmədik. Bu film bir cümlədən ibarət qısa hekayəmdən yola çıxılaraq çəkildi. Bu hekayə balıqçı oğlanla dondurma satan qızın hekayəsi idi. Hekayəni Fahriyəyə danışdım. Əlavə etdim ki, hadisələr Egedə baş verir. Razılaşdı. Soruşdum, mahnı oxuyarsanmı? Dedi oxuyaram. Aramızda olan bu dialoqla filmimizə start verdik. İşin davamında ssenarisi yazıldı, çəkildi və bu günlərə gəldik. Amma yenə deyirəm məqsədimiz “Çalıquşu”nda başlayan enerjini bu günlərə gətirmək idi.

-Burak bəy, Fahriyə xanımla sevgilisinizmi?

-Bununla bağlı daha öncə çox danışmışam. Film çəkmək maraqlıdır, əgər bu sevgi filmidirsə daha da maraqlıdır və hələ üstəlik də adını “Aşk sana bənzər” qoyursansa bu, lap maraqlı olur.

Selim Bayraktar: Mənim belə onların münasibətlərindən xəbərim yox idi. Keçənlərdə əl-ələ tutuşdular, mən onlara baxanda əllərini çəkdilər. (gülür)

-Burak bəy, Fahriyə ilə münasibətləriniz çəkiliş meydançasındakı Fəridə və Kamran sevgisindən yola çıxaraq başladı?

Burak Özçivit: Biz aktyorvə aktrisalar işimizi peşəkarcasına görməyə çalışırıq. Siz isə bizi ekranda Fahriyə və Burak olaraq görürsünüz. Amma hər bir işin arxasında çox böyük yaradıcı heyət var. Biz professional olduğumuza görə obrazların keçirdikləri duyğuları, hissiyyatı sonuna qədər göstərməyə çalışırıq. O zaman özəl həyatımızla bağlı heç nəyi ora daxil etmirik. Çünki işimiz bizdən başqa şeylər tələb edir. Biz də onu edirik.

-Fahriyə xanım, “Çalıquşu”ndakı Kamranmı, yoxsa “Aşk sana bənzər”dəki Əlimi daha gözəl idi?

Fahriyə Evcen: Hər ikisi də. Biz “Çalıquşu” serialına çox gözəl və sevərək çəkilməyə başladıq. Şəxsən öz adıma söyləyirəm, Fəridə roluma aşiq olaraq obrazı yaratmağa çalışdım. Yanılmıramsa, Burak da eyni ilə...O da Kamranı çox sevərək oynadı. Və biz o enerjidən yola çıxaraq bu filmi çəkdik. Belə demək mümkünsə, o enerjini başqa obrazlara bürüyüb film halına gətirdik. Ona görə filmdə də eyni sevgi və enerji ilə işlədik. “Çalıquşu”ndakı Fəridə və Kamranı necə sevərək yaratdıqsa filmdə də Əli və Dənizi o enerji və həyəcanla oynadıq. Ona görə mənim üçün hər ikisinin yeri ayrıdır. Amma bütün hallarda film seriala nisbətdə daha qalıcıdır və onu çəkərkən, obrazları yaradarkən çox düşünərək hərəkət edirik.

Burak Özçivit: Kino və serial bir-birindən çox fərqlidir. Fəridə obrazı da çox yaxşı və gözəl idi, Dəniz də. Mən ikisini də çox sevirəm. Əli və Kamranı fərqləndirsək, o zaman mənim üçün Əlinin yeri tamam başqadır deyəcəm. Kamran əyləncəli bir obraz idi. Əli isə tamam başqa tipajdır və mən Əlini daha çox sevirəm.

-Əli sizə bənzəyirmi?

-Əslində oynadığım bütün rollarım mənə bənzəyir. Çünki aktyor kimi yaratdığımız hər obraza qismən özünüzdən də nələrsə qatırıq. Birində daha az, birində daha çox özümüz varıq. Bu baxımdan deyə bilərəm ki, Əlidə daha çox mən varam.

-Taner bəy, Burak Özçivit sizə hekayəni danışdığında nə düşündünüz? O Sizi necə inandıra bildi?

A.Taner Elhan: Burak layihəni mənimlə paylaşdığında əvvəlcə özünün də dediyi kimi bir cümlə dedi: balıqçı oğlanla dondurma satan qızın hekayəsi. Amma təbii ki, bu cümlədən daha çox şeylər var idi layihədə. O filmə addım-addım irəliləyirdi. Və o qədər həyəcanla danışırdı ki, istər-istəməz mən də təsirləndim.

Burak Özçivit: Tanerlə mən “Küçük sırlar” serialında, Selimlə “Möhtəşəm yüz il”də çalışdım. Fahriyə ilə isə “Çalıquşu”nda oynadıq. “Aşk sana bənzər”in texniki heyəti “Çalıquşu”nun texniki heyəti olub. Yəni tanıdığım, bildiyim insanlardan ibarət olan bu kollektiv bir ailə kimi idi. Və ailə mənə bu filmi çəkə bilmənin güvənliyini verdi.

-Fahriyə xanım filmdə mahnı oxuyur. Seriallardan eşitdiyimiz qədər Səlim bəyin də gözəl səsi var. Nə əcəb Səlimi filmdə oxutdurmadınız?

Burak Özçivit: Buna görə Səlimdən üzr istəyirik. Bu bacarığını filmdə nəzərə almamışıq. (gülür)

A.Taner Elhan: Fahriyə filmdə müğənnilik etmir. Sadəcə onun yaratdığı Dəniz obrazı filmdə anasından yadigar qalan türkünü söyləməli idi.

Fahriyə Evcen: Öncəliklə onu deyim ki, mən filmdə sevərək ifa etdim. Üstəlik də filmdəki türkü həyatda da çox sevdiyim, dinlədiyim türküdür. Amma filmdə tək mən deyil, Burak da mahnı oxuyur və hətta onunla bir duetimiz də var. Bununla bağlı biz “İnstaqram” hesabımızda kiçik bir xəbər və video paylaşmışıq. Onu demək istəyirəm ki, videonun davamı gələcək. Tezliklə klipimiz yayımlanacaq.

-Səlim bəy, siz qızın atasını öldürdünüzmü? Buna filmdə aydınlıq gətirilmədi sanki...

Selim Bayraktar: Evi yandırdım, atasını da öldürdüm. Manyakdı da. Əslində yaratdığım obrazın elədikləri sizə qəribə gələ bilər. Amma bu normal həyatda da qarşımıza çıxan, psixoloji pozuntusu olan bir tipajdır.

-Azərbaycanca danışmağı kimdən öyrənmisiniz?

-Mən kərkük türklərindənəm. Bizim danışıq dilimiz sizinki ilə eynidir.

-Burak bəy, filmdə “eşq sənə bənzəyir” deyirsiniz. Həyat da bu sözü deyirsinizmi?

Burak Özçivit: Filmin hekayəsi bizə aid olduğuna görə o söz də mənə aiddir.

Qeyd edək ki, mətbuat konfransının sonunda filmin yaradıcı heyəti, xüsusi ilə Selim Bayraktar “Ayrılıq” mahnısını ifa etdi.

Nərmin


Müəllif:

Oxşar xəbərlər