25 İyun 14:48
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Təranə Qumral yaşadığı binada liftdə yaşanan hadisədən danışıb.

Müğənni Teleqraf.com-a açıqlamasında həmin liftdən qəza baş vermədən əvvəl çıxdığını deyib: "Hadisə bizim binamızda baş verib. 13-cü mərtəbədə yaşayıram. Evə ayaqla çıxıb-düşürəm. Liftsiz çox çətindir, şou-proqramlara gedirik. Qızım 11-ci sinif şagirdidir, hər gün hazırlıqlara gedir. Lift bərbad vəziyyətdə idi. Həmişə liftlə Allahın adıyla çıxıb-düşürdük. Allah bizim üzümüzə baxdı, qızımla liftdən çıxdıq, beş nəfər bizim binaya qonaq gəlirdi. Biz düşərkən, onlar qalxırdılar.

Aramızda bir saniyə söhbəti oldu. Həmin xanımlar liftdə 8-ci mərtəbədən birinci mərtəbəyə çırpıldılar. Hamısı da qadınlar idi, xəsarət aldılar. Qan içində idilər. Qolu, ayağı qopan var idi. Təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirildilər. Allah köməkləri olsun. Binamızda özbaşınalıq var. Kim istəyir pul yığır, lifti belə özümüz almışdıq.

Bunlara nəzarət olunmalıdır. Hazırda da ikinci lifti almaq üçün hər ailədən 35 manat topladılar. Pul hara gedir, bilmirik.

İnsanların başına belə hadisə gəlməsinə görə çox böyük sarsıntı keçirdik. Yəqin ki, lift düzəlsə də istifadə etməyəcəyik. Çünki gözümüzlə gördüyümüz hadisənin şokundan çıxa bilməmişik".

Qeyd edək ki, hadisə iki gün öncə Bakıda Ağa Nemətulla küçəsi 70 ünvanında baş verib. 17 mərtəbəli binada liftin trosu 8-ci mərtəbədə olarkən qırılıb.


Müəllif: Rəqsanə Həsənova