Ötən həftə həbsdən azadlığa çıxmış "Dolu” filminin Drakonu - bu obrazla məşhurlaşan aktyor, ssenarist, rejissor Rza Rzayev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Rza müəllim, cəzanızın 4 ayından şərti olaraq azadlığa buraxıldınız. Çətinlik arxada qaldı, onun öhdəsindən necə gəldiniz?
- Yaşadıqlarıma çətinlik deməzdim, yaradıcı insanların taleyi onun ağrı-acısının bir hissəsidir. Başıma gələnləri sənət həyatımın bir hissəsi hesab edirəm.
- Gələcəkdə həbs həyatınızdan bəhs edədəcək film çəkmək istərdinizmi?
- Sənət real həyatın "kopya"sı olmadığı üçün bu, çətin məsələdir. Amma yaradıcılığıma hansısa formada bunun təsiri olacaq. Amma öz həyatını ekrana gətirmək sənət aləmində əhəmiyyətli məsələ deyil. Başqalarını yaratmaq, göstərmək, başqaları üçün yaşamaq daha dəyərlidir.
İnsan dənizdə batan zaman özünü xilas edəndə ona qəhrəman adı vermirlər. Başqasını xilas edəndə ona qəhrəman deyirlər.
- Yaradıcı insanın qapalı şəraitdə yaşaması da çətindir. Bu müddət ərzində günləriniz necə keçdi? Mütaliə edirdinizmi?
- Yaradıcı insan min nəfərin arasında da özünü tək hiss edə bilər. Daha çox xəyallarıyla yaşayar. Məhbəs də insan üçündür. Ora da cəmiyyətimizin bir üzüdür, şəkilin şəkilidir. Ona görə də çöllə içəri arasında bir o qədər fərqini hiss etmirdim. Orada kitab da oxuyurdum, filmə də baxırdım. Bəzi hadisələri yaddaşıma həkk etmək üçün dəftərə yazırdım. Mən bəzi yaşantılarımı ağ vərəqə köçürürəm ki, nə zamansa lazım olacaq.
- Həbs həyatı sizə nəyi öyrətdi?
- İnsanın başına bir hadisə gələndə Allahı axtarmağa, ibadət etməyə başlayır. İnsan psixologiyası ağır vəziyyətlə üzləşəndə var gücüylə ayaqda durmağa çalışır. Ona görə Allahın ətəyindən tutur.
Mənim qorxacağım hal yox idi. Biz həmişə azad olmuşuq. Bu hadisələr öyrətdi ki, başqalarının başına gələnlər mənim də başına gələ bilər. Yəni cəmiyyətimizdə heç kim heç nədən sığortalanmayıb.
- Həbsdə olarkən sənət dostlarınız ziyarətinizə gəlirdimi? Dəstəyini gözlədiyiniz insanlar yanınızda oldularmı?
- Mənim 30-35 illik dostlarım var. Həyatımda elə bir dostum olmayıb ki, onunla nə zamansa münasibətimdə problem olsun. Kimdən hansı dəstəyi gözləyirdimsə, gördüm. Heç kim məni təəccübləndirmədi. Yanımda olan dostlarımın hamısına zəng vurdum, təşəkkür etdim və bildirdim ki, sizdən bu dəstəyi gözləyirdim.
Mən nə yaşadığımı və kim olduğumu hamıdan yaxşı bilirəm. Öncədən bilirdim ki, dostlarım, qohumlarım hansı münasibəti göstərəcəklər.
Onu da deyim ki, məhbəs bir az fərqli yerdir. İnsanın xarakteri orada 50 faiz olursa, çöldən göstərilən diqqət və münasibət insana əzm, iradə verir. Bu diqqətin insana köməyi çox dəyir. Çöldən gələn hər söz, hər dəstək insanı gücləndirir. Orada söz, münasibətin əhəmiyyəti çox böyükdür.
Çöldə sənə adi görünən münasibət orada əvəzsiz olur. Yaşamasına yardım edir.
- Rza müəllim, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdiniz. Vaxtından əvvəl azadlığa buraxılacağınıza inanırdınızmı?
- Xeyr. Mən həbs ediləndə də təəccüblənmədim. Bilirdim ki, həbs edilə bilərəm. Beş ildir bunu gözləyirdim. Bunun da səbəbləri var. Cəmiyyətimizdəki problemlərdən dolayı düşünürdüm ki, bu ola bilər, bu mümkündü. İki ili gözə almışdım. İki il həbs həyatı yaşayacağımı praqnozlaşdırmışdım. Haqsız yerə həbs edilmişdim, amma inanmırdım ki, vaxtından əvvəl azadlığa buraxılam.
Sona qədər əlimdən gələn hər şeyi etdim ki, dustaq şərəfimə nəsə toxunmasın. Ona görə vaxtından əvvəl azadlığa buraxılmağım üçün heç nə etmirdim. İndi yenə də söyləyirəm ki, insan xarakteri bütün situasiyalarda özünü göstərir.
Müəssisə rəhbərliyi həbs müddətindən əvvəl azadlığa çıxmağım üçün xaraktestika vermişdi. Hakim də doğru qərar çıxardı. Orada tək mən yox, hər gün onlarla məhbus vaxtından əvvək azadlığa buraxılır. Biri də mən oldum.
Mən sevinmədim ki, vaxtından əvvəl azadlığa çıxıram. Tanıdığım məhbus yoldaşlarım orada qaldı. Bu, məndə sevinc hissi yaratmadı. Məhbus dostlarıma dedim ki, sadəcə mənim vaxtıma az qalıb, sadəcə sizdən önə düşdüm. Həbsdə çöldən tanıdığım qiyabi və əyani şəxslər də vardı. Sözlərimi bütün məhbuslara aid etdim. Cəza çəkdiyim müəssisəsədə 1500-2000-ə yaxın məhbus vardı.
- Yaradıcılığınızla bağlı nə planlarınız var?
- Rejissorluq fəaliyətimə davam edəcəm. İnsanların arzusunda olduğu obrazı ekran həyatına gətirəcəm. Tamaşaçılar hazırkı obrazlardan beziblər. Yeni insan obrazı yaradacam.