Roza Zərgərli: “Dilarə ilə Azərə baxanda, mənə şükür”
Ötən gün Azərbaycanda yeni çəkilən “100 kağız” filmi ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında filmin rejissoru Şahin Zəkizadə, ssenaristlərdən biri Fərid Rzayev, aktyorlar Arif Quliyev, Azər Axşam, aktrisa Dilarə Əliyeva, müğənni Roza Zərgərli iştirak edib.
Qeyd edək ki, “100 kağız” filminin əsas süjet xətti yüz manatlıq əsginas üzərində qurulub. Əsginas əldən ələ keçərək, sahibini dəyişir. Sahiblər isə son dərəcə maraqlı obrazlardır - həkim, yol polisi, müğənni, falabaxan, molla və digərləri.
“İdeya 14 il öncə yaranıb”
Şahid Zəkizadə bildirib ki, filmin ideyası 14 il öncə yaranıb: “Film bir komanda işidir. Sonda hər zaman rejissor öndə olur, amma bu böyük işin arxasında bir komanda dayanır. Bu, bizim ssenaristlərimiz, rejissor heyətimiz, icraçı prodüser, filmin direktorudur. Filmdə artıq sənətdə öz sözünü demiş komediya ustalarımız yer alır”.
Fərid Rzayev filmin janrını tragikomediya kimi dəyərləndirib: “İdeya Şahindən gəlib. Hətta obrazların əksəriyyətini o, təklif edib. Mən, sadəcə, komik elementləri, dialoqları əlavə etmişəm. Mövzu isə hər zaman aktual olub. Məncə, bu komediya yox, tragikomediyadır. Filmin finalında gülüş deyil, göz yaşları var. Fikrimcə, filmin tamaşaçıların üzərində təsiri saat yarım yox, il yarım davam edəcək”.
“Onun improvizəsi şitlikdir”
Azər Axşam ssenarini bəyəndiyini və aktyorların çox zaman yersiz improvizələr etməsinin nədən qaynaqlandığına aydınlıq gətirib: “Əgər aktyorun əlində material yoxdursa, onun improvizəsi şitlikdir. Yəni aktyor o zaman şitlik edir ki, onun oynamağa materialı yoxdur. Bu filmdə isə özək var. Rejissor anladır, aktyor icra edir, amma nəyi icra edir buna artıq ssenari qərar verir. Ssenaridə bu imkanlar varsa, aktyor istədiyi improvizəni edir, sadəcə, rejissor montajda filmə və ideyaya lazım olan məqamları saxlayır”.
“Film Azərin benefisi deyil”
O, həmçinin bu gün Azərbaycanda aktyorların ssenari baxımından çox əziyyət çəkdiyini də dilə gətirib: “Filmlərdə ana xətt yoxdur. KVN dili ilə desək, ”şutka"lar çəkilir. Filmə baxırsan başdan-ayağa “şutka”lardan ibarətdir. Əla “şutka”lardır, amma o “şutka” ilə bu “şutka” arasında, eləcə də filmin ideyası arasında heç bir əlaqə yoxdur. Biz aktyorlar hər zaman bu “şutka”larla mübarizə aparırıq. Amma təəssüflər olsun ki, çox zaman biz əla “şutka” deyib çəkirik, sonda filmə baxan tamaşaçı zaldan çıxanda deyir ki, film heç nə ilə yadda qalmadı. Amma bu filmdə biz ideya, xətt var. Şahini niyə çox sevirəm? Baxmayaraq ki, yaşca məndən balacadır, amma rejissor kimi mənə ərki oldu. Aktyor da rejissorun ərkini, gücünü görəndə ona təslim olmağı özündə qəbahət görmür. Çünki bilir ki, bu onu uğura aparacaq. Çox improvizələr ola bilərdi, sadəcə, rejissor bunu istəmədi. Çünki bu film Azərin yaxud digərinin benefisi deyil, bu, filmdir. Amma neyləyək ki, biz bu gün filmlərə baxarıq orda hər aktyor demək istəyir ki, baxın mən necə bomba zarafat edirəm. Halbuki o zarafatın filmə heç bir aidiyyatı yoxdur. O mənada ssenari böyük bir işdir. Əgər ssenari varsa, demək orada iş var".
Filmdə falçı bir qadını canlandırdığını deyən Dilarə Əliyeva da ssenaridən ağızdolusu danışıb: “Bu film bir situasiya komediyasıdır. Əgər situasiya komediyası varsa, orda aktyorun improvizə etməyə ehtiyacı yoxdur. Çünki onu etsək biz özümüz gülməli duruma düşəcəyik. Eyni zamanda, filmin ideyası var və bütün qurulan süjet xətti həmin ideyaya xidmət edir. Bu dramaturji cəhətdən mükəmməl bir komediyadır. Elə filmdə çəkilməyə razılıq verməyə ilk səbəb də bu idi. İkinci bir səbəb isə mənim xarakterimlə bağlı idi. Heç vaxt oynamadığım bir rol mənə təklif olunmuşdu. Onun da həlli düzgün tapılmışdı. Şahinə güvəndim, inandım və başa düşdüm ki, film montaj deməkdir”.
Arif Quliyev deyib ki, onun yaratdığı obraz kiçik olsa da mesajı güclüdür: “Mən filmdə özünü anlamayan, çaşqın, amma özünü bacarıqlı, gərəkli insan kimi qələmə verən Sərfəli obrazını canlandırıram. Kiçik obraz olmasına baxmayaraq, mənim ürəyimcə olan obrazdır”.
Roza Zərgəli: “Adım Qızılgüldür”
Roza Zərgərli isə filmdə yaratdığı Qızılgül obrazını belə şərh edib: “Bu vaxta kimi üç serialda çəkilmişəm, baxmayaraq ki, peşəm rejissordur. Bu filmə də tanışlıqla gəlib çıxmışam. Məni Şahin yox, filmin ikinci rejissoru qrup yoldaşım Pərviz dəvət edib. Dörd ay öncə müsahibələrimin birində demişdim ki, mən özümü komediya janrında görmürəm. Şahin mənə təklif edəndə dərhal da düşündüm ki, obrazım kənddən gələn bir qızdır və o müğənni olmaq sevdasına düşür. Amma ardınca Şahin dedi ki, komediyadır, sənin adın da Qızılgüldür. Bunu eşidəndə başa düşdüm ki, vəziyyət çox ağırdır. 7 səhifə ssenari əzbərlədim, amma sonra o heç kəsə lazım olmadı. Mən xoşbəxt insanam ki, böyük aktyor heyəti ilə çalışdım. Filmdə bəzi məqamlar var, indi bu haqda danışmaq istəmirəm...Amma Dilarə xanımla Azər müəllimin fraqmentinə baxanda deyirəm ki, mənə şükür, bunlar əməlli-başlı oynayırlar və əgər bunlar edirlərsə, mənə də olar”.
Rejissor həmçinin ən çox danışıqlar apardığı aktyorun adını da açıqlayıb: “Gənc aktyor Elnur Hüseynovla uzun müddət danışıqlar aparmalı oldum. Filmdəki obrazı (”mavi") ona təklif etmək elə də asan olmadı. Təşəkkür edirəm ki, təklifimizi qəbul etdi. Çünki hər peşəkar aktyor bu təklifi qəbul etməzdi". O həmçinin bildirib ki, filmdə baş qəhrəman yoxdur: “Filmdə baş qəhrəman məcazi mənada 100 manatlıq əsginasdır”.
Açıqlanmayan maliyyə və qonorarlar...
Filmin maliyyəsi və aktyorlara verilən qonorar məsələsinə gəlincə, yaradıcı heyət bu suala yarızarafat, yarıciddi formada fikirlərini bildiriblər:
D.Əliyeva: “Qonorar məsələsinə toxunmağınızı istəməzdim. Çəkilişdən öncə müəyyən məbləğdə qonorar tələb etdik. Bunun nə qədər olduğunu açıqlamaq istəmirəm. Açıqlayınca başqa suallar yaranacaq. Biz aktyorlar və aktrisaların ssenari, rejissor işi xoşumuza gəlirsə, qonorar məsələsində də razılaşırıq. Çünki aktyor, aktrisa çəkilmək istəyir, maraqlı iş istəyir. Bu bir arada olanda müəyyən qonorarı qəbul edirsən. Pul hər şeydir, yenə də çox şey deyil”.
Ş.Zəkizadə: “Filmdə çəkilən hər bir aktyor, aktrisa ilə dəfələrlə birgə işlərimiz olub. Treylerə də baxanda görürsünüz ki, keyfiyyətli bir işdir və bu iş maliyyəsiz başa gələ bilməzdi. Əlbəttə ki, aktyorları qane edəcək qonorar verə bilmədik. Onlar bizə yardım ediblər, çünki bu mənim birinci filmimdir və bizim aramızda dostluq münasibəti var. Filmə qoyulan vəsait yalnız aktyorların qonorarı ilə kifayətlənmir, burada texnikadan, qrafik keçidlərdən istifadə edilib. Bu filmdə biz dünyada mövcud olan müasir kino üslublarının çoxuna müraciət etmişik. Filmin bəstəkarı Natiq Qəzənfəroğlu bizə təmənnasız dəstək olub. Roza Zərgərli demək olar ki, filmə təmənnasız çəkilib”.
R.Zərgərli: “Niyə Azərbaycanda klip, film yaxud hər hansı audiovizual sənət nümunəsi yarananda hər kəs aldığımız qonorarla maraqlanır? Bütün dünyada maliyyə məsələlərinə bir qurum baxır. Və maliyyə məsələsini həmin qurum açıqlayır. Heç bir yaradıcı insandan bu sual soruşulmur. Ondan başqa həyatda heç də hər şey pula əsaslanmır. Yaradıcı heyətin içərisindən elə insanlar var idi ki, çəkiliş müddətində gecə-gündüz işləyirdilər. Hətta çəkiliş meydançasında belə bir zarafat var idi: ”Hamının saqqalı var, hamı Şahin Zəkizadədir". Deməyim odur ki, bizim də bu layihədə dost olaraq dəstəyimiz olubsa, nə xoş bizə... İnşallah, qonorarı premyeradan sonra alarıq".
Qeyd edək ki, filmdə sözügedən aktyorlarla yanaşı xalq artisti Afaq Bəşirqızı, Valeh Kərimov, Naibə Allahverdiyeva, Cəfər Namiq Kamal və digərləri çəkilib. Tanınmış simaların iştirakı ilə baş tutacaq filmin Qala gecəsi 8 aprel tarixində gerçəkləşəcək. Tamaşaçılar isə filmə 9 apreldən etibarən Bakının bütün kinoteatrlarında baxa biləcəklər.
Ramil Qasımov konsert verib
IV “Muğam aləmi” Beynəlxalq muğam festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında vokal ifaçısı Ramil Qasımovun Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Simfonietta” orkestri ilə konserti keçirilib. Orkestrin bədii rəhbəri və baş dirijoru Beynəlxalq müsabiqələr laureatı Cavad Tağı-zadə olub. Müxtəlif ölkələrdən gələn xarici qonaqlar tədbirdən böyük zövq aldıqlarını bildiriblər. Gecədə qonaq qismində Azərbaycanın tanınmış musiqiçi və ictimai xadimləri iştirak ediblər.
Konsertdə Ramil Qasımov xalq mahnılarını gənc bəstəkar Elvin Quliyevin yeni aranjmanında ifa edib. Proqramda Əməkdar artist Aygün Zeynalova da iştirak edib. R.Qasımov qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu festival bir daha milli mənəvi dəyərlərimizə olan diqqət və dəyərin bariz nümunəsidir.
Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqının “Baku Simfonietta” orkestri 2014-cü ilin fevral ayında ABİ-nin sədri Xalq artisti Firəngiz Əlizadə və Cavad Tağı-zadənin təşəbbüsü ilə yaradılıb.
Nərmin Muradova