Daha çox muğam ifaçısı kimi tanınan müğənni Tacir Şahmalıoğlu repertuarında 180 dərəcə dəyişiklik edib. Belə ki, sənətçi Xumar Qədimovanın repertuarına müraciət edib. O, həmkarının “Yaşat məni” adlı həzin mahnısını ifa edib.
Bu barədə Publika.az-a danışan sənətçi ürəyinə yatmayan musiqiləri ifa etmədiyini və Xumarın mahnısını da ruhunu tərpətdiyi üçün oxuduğunu deyib:
“Mahnı məni tutmasa, onu heç vaxt oxumaram. Oxuyanda da onu gözəl oxuyuram. Bunu məni tanıyanlar da yaxşı bilir. Bəzən dostlarım məni qınayır ki, niyə onun-bunun mahnısını oxuyursan, camaat sənin mahnılarını ifa edir. Bəzən hansısa müğənninin mahnısı məcbur edir ki, məni oxu. Xumar xanımın da bu mahnısı məni çox həyəcanlandırdı. Götürüb oxudum, deyilənə görə, pis alınmadı”.
Onu da öyrəndik ki, müğənni buna görə Xumardan icazə almayıb.
Tacir Şahmalıoğlu Cabbar Musayevin də musiqilərini bəyəndiyini və onun da bir mahnısını ifa edəcəyini deyib.