İlkin Həsəni: “İkinci filmə start vermişik”
Tanınmış şoumen, aparıcı, eyni zamanda, prodüser İlkin Həsəni “Ay brilliant” filminin ikinci hissəsini çəkəcək. Artıq bununla bağlı hazırlıqlara start verən prodüser Teleqraf.com-a açıqlamasında birinci filmdən gözləntilərinin özünü doğrultduğunu deyib:
“Ay brilliant” filminin kinoteatrlarda nümayişini dayandırmışıq. Nümayişin bir ayı tamam olan kimi filmi dayandırdıq. Filmin ikinci nəfəsi var ki, bunu bir çox ölkələrin təcrübəsində görmüşük. Onlar filmin nümayişini dayandırıb, bir müddətdən sonra yenidən göstərirlər. Biz də bu sistemlə hərəkət edəcəyik. Filmdə kiçik dəyişikliklər olub. Gözləntilərim özünü doğrultdu. Filmə xərclənən maliyyəni nümayişdən götürə bildik. Təbii ki, bu, bizim ilk işimiz idi. Bunu özümü sığortalamaq üçün demirəm. Biz bilmirdik filmi necə çəkirlər. Sıfırdan başladıq, öyrəndik, təcrübə topladıq. Birinci işimiz hamımız - həm aktyorlar, həm yaradıcı, həm də texniki heyət üçün bir test idi. İkinci işə trampilin idi. Mən film nümayiş olunmamışdan öncə də demişdim ki, əziz tamaşaçılar ola bilsin, filmdə hansısa nöqsanlar olsun, amma bu, o demək deyil ki, bizi baltalayasınız. Əksinə, dəstək olun ki, biz ikinci işimizi siz deyən kimi edək. Artıq bildim ki, kinoteatra gedən Azərbaycan tamaşaçısı nə istəyir, nəyə gülür və onun bəyəndiyi nədir. Hazırda da onun bəyəndiyi ssenari üzərində çalışırıq. İkinci filmimizi daha möhtəşəm, daha maraqlı edəcəyik".
Nərmin