16 İyul 2015 15:37
1 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Azərbaycan televiziyalarında yayımlanan verilişlərdə qeyri-etik ifadələr və hərəkətlər baş alıb gedir. Aparıcılar nitqlərində məişət, küçə jarqonundan daha çox istifadə etməyə üstünlük verir, ədəbi cümlələrə isə, demək olar ki, rast gəlinmir. Bundan başqa, canlı yayımda söyüş söyülür, efirə yaraşmayan hallar yaşanır.


ANS-in tanınmış və peşəkar aparıcısı Aytən Səfərova bu barədə şəxsi “facebook” səhifəsində status yazıb. O, həm kanalları, həm də aparıcıları sərt tənqid edib.

Aparıcının statusunu olduğu kimi təqdim edirik:

“Bir müddətdir ki, bülletendəyəm. Bu müddət ərzində yerli telekanallara bolluca baxmaq imkanım olub. Amma çox məyusam. Telekanallarda nə qədər bisavad, rayon ləhcəsi ilə danışan, ən dəhşətlisi isə bu ləhcələrlə şit zarafat edən, bayağı yumor və jurnalistikada aşağı səviyyədə bilik və düşüncəyə malik olan "zərzibonlu", qüsurlu danışan, cümlənin əvvəli və sonu bilinməyən cümlələr quran, doğma dilini tam bilməyən, özü də əcnəbi dildən xəbəri olmayan zövqsüz aparıcılar var imiş.

19 il əvvəl mən “ANS”-də işə başlayanda və o vaxtkı jurnalist həmkarlarımı, aparıcıları görəndə televiziyalarımızın bu dərəcəyə gəlib çatmağını heç vaxt ağlıma belə gətirməzdim. Mən Azərbaycan telekanallarında bisavadlıq, meşşanlıq, həyasızlıq, nəzarətsizlik olmasını təsəvvür edə bilməzdim...

Senzura ləğv olunanda yeniyetmə idim, jurnalistikaya təzə qədəm qoymuşdum. Yaşlı nəsil, peşəkar jurnalistlər buna nə qədər sevinirdi. Amma...

Senzuranın ləğvi, əziz həmkarlar, o demək deyil ki, bəziləriniz özünüzü bu dərəcəyə gətirib çixartmalısınız. Belə təsəvvür yaranıb ki, indi küçədən keçən istənilən şəxs gəlib efirə çıxa bilər. Çox məyusam. Mənəvi stress keçirirəm”.


Müəllif:

Oxşar xəbərlər