“Saç qadını cazibədar göstərir”
Ekranların uzun saçlı xanım sənətçiləri yəqin ki, sizin də diqqətinizi çəkib. Onlar sənətləri ilə yanaşı uzun, cəlbedici saçlarıyla tamaşaçıların sevgisini qazanıblar. Bəs cəlbedici uzun sağları ilə diqqətimizi cəlb edənlər kimlərdir?
“Elə bilirlər qaynaq etdirmişəm”
Əməkdar artist Naibə Allahverdiyeva uzun illərdir ki, qara uzun saçları ilə tamaşaçıların qarşısına çıxır. Onun fikrincə, qadının saçı uzun olmalıdır. Ümumiyyətlə, qısa saçı sevmədiyini deyən aktrisa aradabir rol gərəyi parik taxdığını etiraf edir: “Çox adam elə bilir ki, mən saçımı qaynaq etdirmişəm. Amma bir daha deyirəm ki, bu, mənim öz saçlarımdır. Qadını qısa saçla qəbul edə bilmirəm. Qadının saçı uzun olmalıdır. Bir də ki, ortaboylu olduğuma görə mənə qısa saç yaraşmır. Qadının əsas gözəlliyi onun saçıdır. Saç qadını çox seksual, cazibədar göstərir”.
“Əlim gəlmir kəsməyə”
Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Asya Atakişiyeva da uzun qara saçları ilə tanınır: “Bu uzun saçlarım neçə illərdir ki, mənimlədir. Çoxları mənə bu sualı verir, bəziləri hətta deyir ki, saçının rəngini dəyiş, qısalt. Amma inanın, əlim gəlmir kəsməyə. Əgər hər hansı rol gərəyi bu uzun saçlara toxunmaq lazım olsa, bəlkə o zaman yenilik edərəm”.
“Bu saçla özümü azad hiss edirəm”
Uzun saçlarsız onu təsəvvür etmək artıq çətindir. Bu Əməkdar artist Kəmalə Müzəffərdir. Saçlarına xüsusi qulluq etdiyini deyən aktrisa onları uzun və havalı saxlayanda daha rahat olduğunu bildirir: “İnanın, saçım çox nadir hallarda qısa olub. Çünki uzun saçlarımı çox sevirəm və hər gün adi şampunlardan biri ilə yuyub, açıq formada da işə gedirəm. Açıq saç düzümündə özümü azad hiss edirəm. Qəribədir, saçlarım yığılı formada olanda sanki mənimlə təmas itir”.
“Dəyişsəm, məni qəbul etməzlər”
Efir və səhnəyə o, buruq, uzun saçları ilə çıxdı. Elə də yaddaşlarda qaldı və sevildi. Söhbət Əməkdar artist Vəfa Rzayevadan gedir. Saçının rəngi və forması ilə fərqlənən aktrisa onlara müntəzəm qulluq etdiyini dilə gətirir. O, hətta mətbuata açıqlamalarının birində xanımlara məsləhətini də verib: “Tövsiyə etdiyim maska saçları gözəlləşdirir, qalınlaşdırır, tökülmənin qarşısını alır. Axşam böyük soğanı ət maşınından keçirib, qara çörək qatın. Səhərə kimi saxlayın. İslanmış çörəyi və soğanı qarışdırın. Qatı məhlul alınacaq. Onu saçın dibinə çəkib, papaq taxıb, 2 saat saxlayın. Su ilə yuyun, amma sabun, yaxud şampun vurmayın. Bu maskanı on gün edin. On gün aradan sonra, yenidən təkrarlayın. Başınızdan yeni tüklərin çıxdığını görəcəksiniz”.
Aparıcı Zemfira Adıgözəlova da uzun, gur, buruq saçları fərqlənənlər sırasında yer alır. Heç vaxt saçlarını kəsməyəcəyini deyən aparıcı onlardan fərxlə danışır: “İllər öncə mən saçımda cürbəcür eksperimentlər eləmişəm. Və nəticədə saçım yanıb, buruqlarım məndən küsüb. Öz təbii buruqlarım qayıdanacam çox əziyyət çəkmişəm. Çoxları inanmayacaq, hətta buna görə ağlayırdım, Allaha dua edirdim ki,öz buruqlarımı geri qaytarsın. Təbii buruqlarım mənim üçün çox əhəmiyyətlidir. Məni çox adam bu saçlarla sevir. İnanmıram ki, mən dəyişsəm, kimsə məni qəbul edə bilər. Bir də ki, efir məkanında teleaparıcılar arasında yeganə belə saçlar məndədir. Aktrisalar içərisində bir nəfər var - Vəfa Zeynalova”.
Gənc aktrisa Günel Məmmədova da müxtəlif rənglərə boyadığı saçlarını sənətə gəldiyindən bəri qısa kəsdirmir. Müğənni-bəstəkar Elza Seyidcahan isə qara uzun saçları ilə müxtəlif eksprementlər etməyi xoşlayır. Hətta bu onun özəlliyidir, desək yanılmarıq.Hansı məclisə, tədbirə gəlirsə, ilk növbədə hər kəs onun saç düzümlərinə diqqət yetirir.
Nərmin Muradova