Əməkdar artist Murad Dadaşov millət vəkilliyinə namizəd olacağı barədə xəbərlərə aydınlıq gətirib.
Tanınmış şoumen Teleqraf.com-a açıqlamasında bildirib ki, bu il millət vəkilliyinə namizədliyini vermək fikri yoxdur: “Düşünürəm ki, deputat, millət vəkili olmaq insan üçün bir tribuna deməkdir. Yəni millət vəkili dövlətimiz, dövlətçiliyimizə aid sözünü tribunada bildirir. Mənim televiziya tribunam var və orada istədiyim sözü deyirəm. Hesab edirəm ki, öz sahəmdə kifayət qədər uğur qazanmışam və birinciyəm. Ona görə də hazırda millət vəkili olmaq fikrim yoxdur. O tribunaya sözünü rəsmi şəkildə deyəcək insanlar çıxmalıdırlar. Gələcəkdə millət vəkili olmağım barədə isə bir söz deyə bilmərəm. İnsan doğulduğu gündən bu günə qədər düşündüyü həyatı yaşamır. Uşaqlarımdan soruşuram ki, hansı sənət sahibi olmaq istəyirsiniz? Biri basketbolçu, biri astronavt, biri isə həkim olmaq istədiyini bildirir. Görək zaman nə göstərəcək? Əvvəlcədən nə isə demək çətindir. Mən ictimai siyasətlə məşğul oluram və bu sahədə kifayət qədər nailiyyət qazanmışam. Öz sahəmdə kifayət qədər faydalı işlər görürəm. Tanınmış, sevilən media adamı olsam belə, bu, o demək deyil ki, millət vəkili olaraq ən yaxşı mütəxəssis olacam. Millət vəkili olmaq çox çətin və mürəkkəb işdir. Mən bu gün özümü millət vəkili kimi görmürəm”.
Rəqsanə Həsənova