“Axşam düşür, şər qarışır, sahil bağı aşıb-daşır,
Hamı küsənlər barışır, hamı küsənlər barışır
Heç küsməyin yeridirmi yar, heç küsməyin yeridirmi yar…”
Bu payız səhərini onun musiqisi ilə açdıq. Məlahətli səsi ilə duyğularımız dilləndi, ruhumuz sevindi. Melomanlar o dəqiqə anladılar ki, söhbət sevilən müğənni Nəzakət Məmmədovadan gedir. Bu gün həyatdan çox erkən - cəmi 36 yaşında köçən müğənninin xatirə günüdür. Onu tələbə yoldaşı və səhnədə Məcnunu olan xalq artisti, ustad xanəndə Canəli Əkbərovla birgə yad edəcəyik.
Xanəndənin Publika.az-a müsahibəsini təqdim edirik.
- Canəli müəllim, “Leyli”lərinizdən biri - Nəzakət Məmmədovanı xatırlayacağıq, bu gün onun xatirə günüdür…
- Nəzakətdən danışmaq mənim üçün ağırdır. Çünki ilk “Leyli”mdir ki, mən onun cənazəsini çiynimdə daşımışam. Mən onun həqiqi məcnunu olmuşam. Onu filarmoniyada solist olduğum vaxtlardan tanıyırdım. Nəzakət onda Asəf Zeynallı adına Musiqi Texnikumunun tələbəsi idi. Amma tələbə olmasına baxmayaraq, səhnəyə yeni gələn o gənc, gözəl, qaraşın, suyuşirin qız çox məşhur idi. Onda da indiki kimi deyildi e, tək-tək müğənnilər olurdu və hamısı da sənətinə görə məşhurlaşırdı. Elə oldu ki, məni filarmoniyadan Opera Teatrına - “Leyli və Məcnun” operasında Məcnun roluna dəvət etdilər. Gələndə dedilər ki, "Leyli"n Nəzakət olacaq. Tələbə ikən Leylini oynamaq o demək idi ki, Nəzakətə böyük inam bəsləyirlər. Onda mənim üç “Leyli”m var idi - Zeynəb Xanlarova, Rübabə Muradova və Nəzakət. Zeynəb xanım tez-tez xarici ölkələrə qastrola gedir, Rubabə isə rayonlarda çıxış edirdi. Buna görə də, daha çox Nəzakətlə səhnəyə çıxırdım. O dövrdə Mədəniyyət naziri olan Zakir Bağırov bir müğənni kimi Nəzakəti çox sevirdi. Elə tələbəykən onun “Leyli” olmasına da o şərait yaratmışdı. Sonralar elə oldu ki, Zakir Bağırov məni filarmoniyadan birbaşa Opera Teatrına gətirdi. Biz Nəzakətlə daha dörd böyük operada tərəf-müqabili olduq. “Leyli və Məcnun”da Leylim, “Aşıq Qərib”də Şahsənəmim, “Əsli və Kərəm”də Əslim, “Gəlin qayası”nda isə Gülbaharım oldu.
- Bildiyimizə görə, siz həm də Nəzakət xanımla tələbə yoldaşı olmusunuz?
- Düz beş il Teatr İnstitutunda bərabər oxumuşuq. Nəzakət o vaxt tez-tez xarici ölkələrə qastrol səfərlərinə gedirdi. Buna görə də, çox vaxt müəllimlər onu imtahandan kəsirdi. Sonuncu kursda oxuyanda Elmi kommunizm fənnindən dərs deyən Əsədulla müəllim onu imtahandan kəsdi. Mən də onda qrup nümayəndəsi idim. Nəzakət mənə dedi, get, Əsədulla müəllimlə danış, qiymətimi yazsın. Getdim danışdım, xeyri olmadı. İkinci dəfə Nəzakət yenə də mənə yaxınlaşdı və dedi ki, Əsədulla müəllimə de ki, Fransaya konsert verməyə gedəndə məndən soruşmurlar Leninin qızı kimdir, soruşurlar hansı musiqiləri ifa edəcəksən? İroniyanı sevirdi və bu sözləri də zarafatla deyirdi. Mən onun sözlərini Əsədulla müəllimə çatdırdım. O fikrini dəyişib Nəzakətə qiymət yazdı. Bir dəfə də onu imtahandan kəsmişdilər, akademik Aslan Aslanov ona qiymət yazdırdı. Dedi ki, bu qız sizin yanınızda tələbədir, amma burdan çıxandan sonra sizdən çox-çox nüfuzlu insandır.
- Beş il bərabər oxumusunuz, sənət yoldaşlığınız olub… Xasiyyətcə necə insan idi?
- Çox səmimi dost, gözəl insan idi. Bunu rəhmətə getdiyi üçün demirəm, o həqiqətən də tərifəlayiq qadın idi. Həm də zarafatcıl idi, yumoru çox sevirdi. Tələbə vaxtı 8-ci mikrorayonda birotaqlı evdə qalırdı. Dərsə gəlməyəndə müəllim məni onun arxasınca göndərirdi ki, get gör Nəzakət niyə dərsə gəlməyib? Qəribə qız idi, müəllim ondan soruşanda hardaydın, niyə dərsə gəlmirdin, deyirdi ki, Canəlidən icazə almışam. Müəllim də dəli olurdu ki, bəyəm Canəli institutun rektorudur, o kimdir axı, ondan icazə alasan? Belə zarafatları vardı. Cəsarətli qız idi, heç kimdən qorxub çəkinməzdi. Biz onunla yol yoldaşı olmuşuq, əla yolçuluğu vardı. Heç vaxt onunla darıxmazdıq.
- Şanslı Məcnunsunuz və çox gözəl Leyliləriniz olub. Bəs Nəzakət digər Leylilərinizdən nə ilə fərqlənib?
- Nəzakət səmimi və təbii Leyli idi. Leylinin xəyali səhnəsi var, orda ağ libasda Nəzakət sanki meracdan yerə enmiş mələk kimi görünür. Elə rola girirdi, deyərdin elə sevgi xəstəsidir, əsl leyliyə dönürdü. Bir dəfə Leylinin ölüm səhnəsini oynayanda mən oxudum:
Sən Leyli deyilsən, ey Pərizad!
O, mənə cavab verməli idi, amma susdu. Tarzən Bəhram Mansurov oradan işarə etdi ki, nəyi gözləyirsən? Nəzakət yenə susdu. Tarzən üç dəfə eyni musiqini təkrarladı, Nəzakətdən səs çıxmadı. Mən də çaş-baş qalmışdım. Yavaşca pıçıldadım ki, ay qız, nə donub qalmısan, başladı oxumağa. Səhnədən çıxanda Gəncə ləhcəsi ilə mənə dedi ki, lələ, elə oxudun, sözlər yadımdan çıxdı.
- İnsanların ona münasibəti necə idi?
- Camaat ölürdü ondan ötrü. O vaxt rayonlarda Hüseynqulu Sarabskinin silsilə yubiley tədbirləri keçirilirdi. Hər yerə mənimlə Nəzakəti göndərirdilər. Çünki Nəzakəti rayonlarda çox sevirdilər. Hamı gəlib onu evinə qonaq aparmaq istəyirdi.
- Həmkarları arasında onun paxıllığını çəkənlər vardı?
- Əlbəttə, gözü götürməyənlər çox idi. Xüsusən də, xarici səfərlərə getmək üstündə müğənnilər bir-biri ilə mübarizə aparırdı. Nəzakətin xarici səfərlərinə qəsdən mane olanlar da vardı.
- Kimlər idi onlar?
- Ad çəkməyəcəyəm, o vaxt da vardı bir-birinin paxıllığını çəkənlər. Nəzakətin həm şirin səsi vardı, həm də məlahətli qadın idi. İki dəfə onun oxumağına qadağa qoymuşdular.
- Nəyə görə?
- Bir dəfə “Gəlin qayası” operasında səhnədə güldüyünə görə. Amma bu əhvalatı danışmaq istəmirəm. Bəlkə də yazılması məsləhət deyil.
- Siz danışın, məsləhət olmasa, yazmarıq…
- “Gəlin qayası” operasında bir səhnə var, Gülbahar ölür və həyat yoldaşı onu qucağında səhnəyə gətirir. Onun həyat yoldaşını həmin vaxt Arif Babayev oynayırdı. Elə oldu ki, səhnədə Nəzakəti qəfil gülmək tutdu. Arifin qucağında gülməkdən atılıb-düşdü, tamaşaçı da bunu görür axı. Hamı fikirləşir ki, ölü də gülər? Tamaşadan sonra teatrın rəhbəri ona altı ay bu tamaşada oynamağı qadağan etdi.
- Niyə gülürdü ki?
- Nəzakətin ucadan və şaqraq gülməyi vardı. Ümumiyyətlə, o, çox şən və deyib-gülən qız idi. Yadımdadır ki, həmin vaxt Nəzakət Opera Teatrının ovaxtkı rəhbəri Azər Rzayevə demişdi ki, buna görə siz mənə qadağa qoydunuz, amma bəlkə də bu, mənim son gülüşümdür. Elə bil ölümü ürəyinə dammışdı.
- Ölüm xəbərini kimdən aldınız?
- Qara xəbər tez yayılır axı. Gərək əməliyyat etdirməyəydi. Bir gün mənə dedi ki, lələ, xaricə gedib boğazımdakı qırışları götüzdürəcəyəm, onda məni tanımayacaqsan, daha da gözəlləşəcəm. Getdi və cənazəsi qayıtdı.
- O vaxt onun barəsində şayiələr də yayıldı. Dedilər ki, onu sevgilisinin oğlu öldürüb…
- Yalan söhbətdir. Sənət adamlarından ona yaxın olanlar nəş yuyulanda boğazındakı əməliyyat yerini görmüşdülər.
- Doğrudan, boğazında qırışlar vardı? Axı o, çox cavan idi, 36 yaşlı qadının boğazında qırışların olması adama təəccüblü gəlir.
- Yox, qırışları vardı. Elə ona görə də çox vaxt boğazına yaylıq bağlayırdı, ya da qalın boyunbağılar taxırdı. Amma məlahətli qadın idi.
- Heç demədiniz ikinci dəfə ona niyə qadağa qoymuşdular?
- Respublika Sarayında konsert verəndə o, bir-iki kəlmə söz demişdi. Onda da müğənnilərə konsert salonlarında danışmaq qadağan idi. O yalnız oxuya bilərdi. Nəzakətin ürəyi istəmişdi, tamaşaçılara bir-iki xoş söz demişdi. Buna görə cəzalandırıldı.
- Sağlığında haqqında şayiələr gəzirdi?
- Elə sağlığında da, ölümündən sonra da haqqında şayiələr gəzdi. Müğənnilər haqqında şayiələr həmişə olub, bu gün də var. Bir-biri ilə yaxın münasibətdə olur, onu şişirdib, əxlaqsızlıq kimi təqdim edirlər. Nəzakət də gözəl qadın idi və təbii ki, həyatında kimsə ola bilərdi. Bu barədə danışmaq istəməzdim.
- Heç o “Leyli”niz üçün darıxmısınız?
- Bəlkə də inanmayacaqsınız, amma mən həmişə Nəzakəti xatırlayıram. Bir “Məcnun” kimi xoşbəxt sayıram özümü ki, belə bir gözəl “Leyli”m olub. Heyf ki, çox gənc ikən dünyasını dəyişdi. Nəzakət indi də gözümün önündədir. Hətta geyindiyi libasını da xatırlayıram. Çox zövqlü qadın idi və ən təzə çıxan dəbi birinci onun əynində görərdik. Duzlu xanım idi, sadəliyi ona yaraşıq verirdi. Lent yazılarına baxanda qəhərlənirəm. İndi də yadıma saldınız, xəyal məni onunla keçirdiyim tələbəlik illərimə apardı. Sağ olun ki, onu yad eləmisiniz. Ruhu şad olacaq.