Yutub kompaniyası yeni texnologiyaların tətbiqi sayəsində ekstremizmlə bağlı videoçarxların 98 faizini aşkarlaya bilib.
Teleqraf.com xəbər verir ki, bunu şirkətin dövlət strukturları ilə əlaqələr üzrə direktoru xanım Cuniper Dauns deyib. O, ABŞ Senatının ticarət komitəsindəki dinləmələrdə çıxışı zamanı bildirib ki, Yutub son aylar ekstremizm elementlərinə malik videoları avtomatik rejimdə müəyyənləşdirməyə imkan verən texnologiyalar tətbiq edib. Bu da mütəxəssislərin əvvəlkinə nisbətən beş dəfə çox materialı öyrənməsinə şərait yaradıb.
“Hazırda biz alqoritmlərimiz hesabına ekstremizmlə bağlı 98 faiz videonu aşkarlaya bilmişik”, - Dauns belə deyib.
Tvitterin dövlət strukturları ilə əlaqələr üzrə direktoru Karlos Monye də həmin dinləmələrdə məlumat verib ki, “ekstremizmlə bağlı akkauntların 75 faizini onlarda ilk məlumatlar peyda olanadək aşkarlamaq və ləğv etmək mümkün olub”.