Vampir əfsanələrinin kökü alman kimyagər Konrad Dippelə qədər uzanır. 1673-cü ildə Frankenşteyn Qəsrində doğulan Konrad Dippel həyatının böyük hissəsini anatomiya və kimyaya həsr edib. Qəsrində çox sayda insan və heyvan cəsədi saxlayan, xəyal dünyası geniş olan bu elm adamı xüsusi bir maddə ilə ölmüş insanın ruhunu cansız bədənə keçirəcəyinə inanırdı. Gecələr məzarları qazaraq ölüləri oğurladığı iddiası yayıldıqdan sonra Dippel qəsəbədən qaçmağa məcbur oldu. Amma təcrübələri ağızdan-ağıza keçərək yayıldı və bir çox elmi araşdırmalara yön verdi.
Teleqraf.com vampirlər haqda maraqlı məlumatları təqdim edir.
Henri Frankenşteyn XIX əsrdə yaşayıb. Onun Transilvaniya bölgəsinin Bildrik təpələrindəki qəribə görünüşlü qəsrində həyata keçirdiyi elmi fəaliyyətləri müzakirə mövzusu olub. Doktor Henri Frankenşteyn xalq arasına çox çıxmırdı, lazım olan kimyəvi maddələri və materialları köməkçisi Mari Klaksona aldırırdı. Yarasalar üzərində müxtəlif təcrübələr və araşdırmalar aparan bir elm adamı olan Frankenşteyn Transilvaniyada yoluxucu bir xəstəlik yayıldıqdan sonra bütün araşdırmalarını bu xəstəliyə yönəltdi. Həll yolları axtardı.
Frankenşteyn nə qədər özünü qorusa da, bir yarasanın onu dişləməsindən sonra bu xəstəliyə yoluxdu. İnfeksiyadan xilas olmaq istəyən Frankenşteyn vaksin hazırlamaq üçün gecə-gündüz işlədi. Amma xəstəliyin inkubasiya dövrü başa çatdıqdan sonra elm adamı qan içməyə ehtiyac hiss etdi. Frankenşteynin ilk qurbanı köməkçisi Mari və onun oğlu Robert oldu. Artıq qəsrdə yaşayan hər kəs porfiriya xəstəsi idi, qana ehtiyacları vardı.
İnsan sallaqxanasına çevrilən qəsr
Xəstəlik səbəbindən Transilvaniyada minlərlə insan lənət ittihamı ilə ya asıldı, ya da başı kəsildi. Qısa müddətdə bölgə əhalisinin üç faizi azaldı. İnsanlar bütün ümidlərini vaksin axtaran Frankenşteynə bağlasa da, artıq həkim də onlar kimi xəstəydi və qana ehtiyacı vardı. Həkim və qəsrdəkilər bu ehtiyaclarını ödəmək üçün xalq arasında qurbanlar seçməyə başladılar. Beləliklə, Bildrik qəsri vaksin hazırlayan bir laboratoriyadan insan sallaqxanasına çevrildi.
Vampirlərin atası
Axtarışlarını davam edən həkim Henri Frankenşteyn istəyinə nail oldu, vaksini tapdı. Amma bu ona baha başa gəldi, qorxunc bir həqiqətlə qarşılaşmışdı. Porfiriya xəstəliyi yarasalar üzərində apardığı təcrübələr vaxtı səhvən yaratdığı bir mikrob idi. Beləliklə, bu infeksiyanın yaradıcısı kimi də, adı tarixə keçən Henri Frankenşteyn bu gün də “vampirlərin atası” kimi xatırlanır.
Porfiriya
Günümüzdə “vampirlik” adlandırılan bu xəstəlik XX əsrin əvvəllərində öz gerçək adına qovuşdu: Porfiriya. Bu yoluxucu bir xəstəlikdir, yoluxduğu insanlarda insan qanına ehtiyac, diş ətlərində çürümə, günəş işığına qarşı həssaslıq kimi simptomlara yol açır.
Tarixdə vampir əfsanələrinin Transilvaniyadakı bu olaylardan sonra yaranmağa başladığı iddia edilir. Əfsanələrdə təsvir olunan qorxunc varlıqların görünüşü bu xəstəliyin daşıyıcısı olan insanlara bənzərliyi də diqqət çəkir: sivri dişli, ağ bədənli, gecələr hərəkətə keçən, günəş işığından qorxan, qana həris və aqressiv...
Porfiriya və vampirlik arasındakı əlaqəni ilk ortaya atan isə biokimyaçı David Dolfindir. Dolfinə görə, porfiriya xəstələri gün işığına məruz qalanda bədənlərində gözlə görünən dəyişiklikər meydana gəlir: “Üz dərisində çatlamalar, burun və ya barmaqlarda qanqrena, diş ətinin çəkilməsindən sonra dişlərin sivri görünməsi kimi. Ağır porfiriya xəstələri bu səbəbdən gün işığına çıxa bilmirlər. Porfiriya xəstələrində görünən hemoqlobin əksikliyi səbəbindən əmələ gələn qansızlıq əsrlər əvvəl xəstələrin qan içməsinə səbəb olurdu. Sarımsaq porfiriya simptomlarının ağırlaşmasına səbəb olduğuna görə, bu xəstələr sarımsaqdan çəkinirdilər.
“Gerçək vampirlər…”
Amerikalı vampir araşdırmaçısı Rozmari Ellen Quili isə porfiriya xəstəliyinin vampirliklə bir əlaqəsinin olmadığını düşünür. İllərdir dünyada gerçək vampirlərin olduğunu iddia edir. Quili qan xəstəliklərinin qan içmə ehtiyacı yaratmasını vampirlik saymır. Dünyanın yarısını gəzərək min səhifəlik bir dosye hazırlayan Quili müxtəlif ölkələrdə yüzdən çox vampir təşkilatı və insanla görüşdüyünü açıqlayıb. Hətta bir qədər də irəli gedərək, vampirləri gördüyünü və onlarla ünsiyyətdə olduğunu söyləyib.
“Aramızda yaşayırlar”
Quili vampirlər haqda belə deyir:
“Tanıdığım vampirlər qətiyyətli və dürüst inanclıdır, şüurlarının üst və alt qatlarında vampir olduqlarından əmindirlər. Onlar gecələrə aiddir, gizliliyi sevirlər, günəş işığına qarşı həssasdırlar, ən önəmlisi isə tək yaşamağı sevirlər. Həyatlarına qarışan insanlarla bir yerdə olmağı xoşlamırlar. Amma zaman-zaman qan içmək üçün özlərinə bənzəyənlərlə bir yerdə olurlar. Həyatlarındakı dəyişikliklərin onların iradəsinə tabe olmadığına inanırlar. Vampirə çevrilmənin onları insanlardan və pisliklərdən qoruduğu düşüncəsindədirlər.
Vampir reallığında yaşayanların bəziləri ruhlar üzərində araşdırmalarla məşğuldur, bu tipdən olanlara ruhi vampirlər deyə bilərik. Susuzluqlarını qanla yox, başqalarının həyat enerjisini boşaltmaqla və ya əmməklə yatırırlar. Ruhi vampirlər insan kütləsinə daha meyllidir, çünki insanlara ehtiyacları var, qurbanlarını da onlar arasından seçirlər. Onları tanımaq daha asandır. Bir neçə saat içində insanın bütün enerjisini çəkib çıxarırlar”.