24 Sentyabr 2021 09:30
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

1951-ci ildə çəkilmiş “Yer kürəsinin dayandığı gün” adlı filmdə Klatu adlı yadplanetli və robot dostu Qort inkişaf etmiş texnologiyalardan istifadə edərək, demək olar ki, Yer kürəsindəki bütün elektron cihazların fəaliyyətini dayandırırlar. Avtomobillər, fabriklər, televiziyalar və bir çox sistem işini dayandırır və planet qorxunc fasiləyə girir. Bəs film reallığa çevrilsə nə olar?

Dünya dayanarsa

Yer birdən fırlanmağı dayandırsaydı, bu, planet üçün fəlakətli olardı. Hiss etməsək də, hamımız planet öz orbitində fırlandıqca hərəkət edirik. İndi ekvatorda bu sürət təxminən saatda 1609 kilometrə qədərdir. Planet bir anda dayansa, səthindəki hər şey Şərqə doğru uçacaq. Üstəgəl, sürətini qorxunc həddə qədər artıran küləklər Yer kürəsinin səthini silib-süpürərdi.

Yavaşlama tədricən olsa belə, vəziyyət yenə də dramatik olardı, amma daha uzunmüddətli. O an görə biləcəyimiz ilk şey Günəşin artıq gün ərzində göy üzündə dövr etmədiyi olardı. Günəşin görünən hərəkəti Yerin fırlanmasından irəli gəlir, buna görə də planet sabit olsaydı, bir günün yarım il çəkməsinə səbəb olardı.

Öyrəşdiyimiz 24 saatlıq günlər olmasaydı, bioloji sirkadiyalı ritmlər tamamilə pozulardı. Bədənimizə nə vaxt yatacağımızı və nə vaxt oyanacağımızı təlqin edən ritmik hüceyrə prosesləri qismən Günəş işığının işləməsi üçün edilən müntəzəm dəyişikliklərdən asılıdır. Arılardan ağaclara qədər dünyanın bir çox canlısı sağ qalmaq üçün sirkadiyalı ritmlərə güvənir. Bu dövrələrin dəyişdirilməsi normal davranış normalarını poza bilər.

Yerdəki atmosfer normaları da planetin fırlanmasından asılıdır. Planet fırlanmağı dayandırsaydı, hava axınlarının hərəkət tərzini kəskin şəkildə dəyişərdi. Məsələn, saatda 1600 km-ə çatan küləklər Yeri cəhənnəmə çevirərdi. Bu gün gördüyümüz külək normaları yağışların və temperaturun artmasında əhəmiyyətli rol oynayır. Hava cərəyanlarında hər hansı bir dəyişiklik, məsələn, səhraların yaşıllaşmasına və ya donmuş tundranın yaşamaq üçün əlverişli olmasına səbəb ola bilər. İqlim dəyişikliyi qlobal hava normalarını dəyişdirdikcə, az da olsa, buna bənzər şeyləri indi də görürük. Nəticələr müəyyən mühitdən asılı olan orqanizmlər üçün fəlakətli ola bilər.

Qasırğaların sonu

Fırlanmayan Yer həm də qasırğaların sonu deməkdir. Nəhəng qasırğalar planetin fırlanmasından əmələ gələn Koriolis effekti tərəfindən yaradılır. Böyüyən qasırğanın aşağı təzyiq sahəsinə çəkilən küləklər Şimal yarımkürəsində saat əqrəblərinin əksinə, Cənubda isə saat ərqəbləri yönündə fırlanaraq qasırğanı təyin edən spiralvari xətləri və mərkəzi gözü ortaya çıxarır. Bu proses qasırğaların bu qədər güclü şəkildə böyüməsinin bir səbəbidir. Bu səbəbdən də onların qarşısını kəsmək planetin fırlanmasını dayandırmağın nadir faydalarından biri ola bilər.

Hərəkətsiz planet maqnit sahəmizin sonu da ola bilər. Elm adamları bu məsələdə hələ qeyri-müəyyən olsalar da, maqnit sahəsinin Yerin maye metal nüvəsinin hərəkətləri nəticəsində yarandığını düşünürlər. Elm adamları buna “dinamo” deyirlər. Bu, planetin ətrafında fırlanan görünməz maqnit sahələri şəbəkəsidir. Bu sahəni itirməyin təsirləri kompasla gəzə bilməməkdən daha pis olacaq. Yerin maqnit sahəsi bizi başqa şeylərlə yanaşı, Günəşdən gələn kosmik şüalardan və elektromaqnit qasırğalardan qoruyur.

Əbədi gün

Əlbəttə, fırlanmayan planetlər yoxdur. Planetləri və digər göy cisimlərini əmələ gətirən proseslər təbii olaraq fırlanma ilə nəticələnir. Amma fırlanmayan bəzi planetlər var, astronomlar bunu “gəl-get təsiri” adlandırırlar. Bunlar həmişə ulduzlarına eyni üzü göstərən planetlərdir. Planetlər və onların ulduzları arasındakı qarşılıqlı qravitasiya təsirləri planetin fırlanma sürətini orbital dövrünə tam uyğunlaşana qədər zəiflədə bilər.

Alatoran

Ay gəl-get təsiri üçün yaxşı nümunədir. Göyün harasında və hansı mərhələdə olmasından asılı olmayaraq Ayın yalnız bir tərəfini görürük. Eyni şey digər bir çox ekzoplanetdə, xüsusən də cazibə qüvvəsinin daha güclü olduğu ulduzlarına yaxın olanlarda baş verə bilər.

Bu planetlər ucqar yerlərdə görünsələr də, bir tərəfləri donur, bir tərəfləri bişir, amma bəzi elm adamları həmin planetlərdə həyatın özünə yol tapa biləcəyinə inanırlar. Bəzi astronomlar dünyadan kənar həyatın gündüzün gecəyə çevrildiyi yerlərin yaxınlığında - gəl-get təsiri altında olan planetlərin alatoran tərəflərində özünə yer etdiyini deyirlər.

Yerin bir üzünün və ya bütöv səthinin Günəşə bağlanması ehtimalı azdır - bunun baş verməsi üçün çox uzaqdayıq. Planetimizin fırlanması bir qədər yavaşlasa da (hər əsrin bir günü təqribən 1.7 milisaniyə daha uzun çəkir) onun tam dayanması ehtimalı hələlik yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər