27 Oktyabr 2021 09:40
10 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ən yaxşı sarışın qadın” deyəndə, ağla ilk gələn Merilin Monrodur. Amma Merilin 1950-ci illərin simasına çevrilməmişdən xeyli əvvəl başqa bir aktrisa – Cin Harlou “Hollivudun platin sarışın anlayışı”nı müəyyən etmişdi. Əslində Merilin Monro 1930-cu illərin seks simvolunu izləyərək böyümüşdü.

Merilin təkcə şöhrət baxımından yox, həm də ən çox sevdiyi aktrisanın şəxsi həyat yolu ilə də getdi: iki ulduzun vaxtsız və mübahisəli ölümləri həyatlarındakı uğurlarla eyniydi.

Ölümün istinad nöqtəsi

“Merilin Monro” Norma Cin Mortensonun səhnə adı olduğu kimi, “Cin Harlou” da, Harlin Karpenterin ləqəbi idi. Harlin 1911-ci il martın 3-də Kanzas şəhərində doğulub. Əslində Cin Harlou onun anasının adıydı. Qızı adını aldıqdan sonra özünü “Ana Cin” adlandırdı. Eyni şəkildə, Norma Cin də, anasının qızlıq soyadını – Monronu götürmüşdü. Bu arada, Harlinin dostları və ailəsi arasında ləqəbi “Körpə” idi.

Harlin uşaq olanda anası aktrisa olmağa can atırdı. Buna görə diş həkimi olan ərindən boşandı, xəyallarına qovuşmaq üçün Harli ilə Hollivuda köçdü, amma heç vaxt uğur qazana bilmədi. Xəyalları boşa çıxan Ana Cin Jan Marino Bello adlı kişi ilə evləndi. Harlin on beş yaşında ölümünə səbəb olduğu iddia edilən skarlatina xəstəliyinə tutuldu. Amma Harlin hələlik üç ərindən birincisi ilə tezliklə evlənəcək qədər sağlam idi. İyirmi yaşlı Çarlz Makqryu ilə evlənəndə Harlin on altı yaşındaydı. Evlilikdən bir il sonra ​​Çarlz kiçik bir səvət əldə etdi və xanımı ilə Beverli Hillsə köçdü. Cütlük burada gecə əyləncələri ilə zəngin günlər keçirdi.

“Sarı ulduz”

Harlin bir dostu ilə film setinə gedərkən “Foks”un rejissorları tərəfindən kəşf edildi. Amma məlum oldu ki, o, bir çoxlarından fərqli olaraq “ulduz” olmaqla maraqlanmır. Buna görə onlara özünün yox, anasının adını verdi: Cin Harlou. Şübhəsiz ki, onunla və ya heç olmasa görünüşü ilə maraqlanmışdılar: söhbət cazibədar bir sarışın qadından gedirdi. O, anasının təkidi ilə yeni ləqəbi – Con Harlou adıyla film seçmələrində görünməyə başladı.

1929-cu ildə bir filmdə kiçik rol alsa da, ekran əsərindəki tərəf müqabili Klara Bou dövrün “ulduz”u idi. Onun böyük fasiləsi bir il sonra çəkildiyi “Cəhənnəm mələkləri” filmi oldu. O, filmdə bu ekran əsərinin baş rolunu ifa edən Qreta Nissenin yerinə keçmişdi. Bu filmdən sonra “Platin sarışın” ləqəbi ilə pul qazanmağa başladı. Görünüşü ilə o həddə məşhurlaşmışdı ki, 1931-ci ildə Frank Kapra “Qallaher” adlı filminin adı ona görə “Platin sarışın” olaraq dəyişdirdi. Halbuki Cin Harlou filmin baş qəhrəmanı yox, köməkçi aktrisası idi. Filmin baş rolunda Loretta Yanq oynamışdı. Filmi maliyyələşdirən Hovard Hyuz bu addan əlavə gəlir əldə etmək üçün bu addımı atmışdı.

Cin Harlou bu filmdən sonra ona bahalı zinyət əşyaları və qırmızı “Kadillak” alan Abner Zillmanla tanış oldu. Amma bu əlaqə çox qısa çəkdi: böyük bir qalmaqal və mübahisə ilə başa çatdı.

Qəribə rəng

İddiaya görə, Cin Harlounu məşhurlaşdıran saçının rəngi təbii deyildi: saç ustası həftədə bir dəfə saçını peroksid, ammonyak və s. kimi kimyəvi maddələrlə boyayırdı. Görünüşü minlərlə qadını bu yola əl atmağa sövq etdi. Bura özünün stilisti və Merilin Monro da daxil idi. Cin Harlou başqa bir sarışın akrtisa - Telma Todu da başqa bir istiqamətə çəkmişdi.

Akrtisa cəmi iki ilə özünü ehtiraslı seks simvolu kimi göstərə bildi, eyni zamanda, sürətli komediya dialoqu üçün öz istedadını da göstərdi. Bununla belə, ona əsasən “lal sarışın” rolları daha çox həvalə edilmişdi.

İntihar qeydləri

Cinin şəxsi həyatı karyerasından daha az sabit idi. 1932-ci ildə evli rejissor Pol Bernlə eşq yaşamağa başladı. Evli olmasına baxmayaraq, rejissorla yaxınlarda toylarının olacağını açıqladı. Aktrisanın bu açıqlaması ciddi müzakirə yaratdı. Amma Pol cəmi iki ay sonra evində başından güllə ilə vurulmuş halda tapıldı. Cin həmin vaxt anası ilə qalırdı. Onun öldürüldüyü deyilsə də, bunun intihar olduğu bildirildi. Halbuki Polun başqa bir qadınla - Cin Harlou ilə əlaqəsinin və bu səbəbdən də həyat yoldaşı ilə aralarında mübahisə yarandığı məlum idi.

Evdəki əşyaları arasında intihar qeydi də vardı. Həmin məktubda bu sözlər yazılmışdı: “Əziz sevgilim, üzr istəyirəm, bu, sənə qarşı etdiyim qorxunc yanlışı düzəltməyin yeganə yoludur. Səndə şübhə oyadan təhqirlərimi boynumdan atmıram, səni sevirəm. Bunu anlayırsan? Dünən gecə sadəcə bir komediya idi. Pol”.

Cin ömrünün sonunadək bu qeydin nədən bəhs etdiyini bilmədiyini dedi.

Xoşbəxtliyi gözləyərkən

Cin Harlou Polun ölümündən sonra xoşbəxtliyi tapmaq üçün mübarizə apardı. O, evli boksçu Maks Bayerlə görüşməyə başladı. Amma Maksın arvadı xəyanət səbəbi ilə boşanmaq üçün məhkəməyə müraciət etdi. Eyni zamanda, ümid edirdi ki, bu qalmaqaldan yayınmaq üçün Cin kinooperator Harold Rossonla evlənəcək. Amma aktrisa həmin günlərdə xəstələndi, birlikdəlik cəmi səkkiz ay çəkdi.

Cin axtardığı xoşbəxtliyi aktyor Uilyam Poveldə tapdı. Bu münasibətləri iki il davam etdi. Uilyamla xoşbəxt olduğunu desə də, içkiyə qurşandı. O günlərdə şiddətli baş ağrısından şikayətləndi, özü və qarnı şişdi. O günlərdə daha az görünməyə başladı. Bundan sonra dörd ağıl dişinin çıxarılması əməliyyatı zamanı Cinin ürəyi müvəqqəti olaraq dayandı. İki ay sonra Klark Qeyblla başqa bir film üzərində işləyərkən səhhəti yenidən pisləşdi. Mədə ağrısı və qusmalarının qripə yoluxmasından irəli gəldiyi deyilsə də, diaqnoz yanlış qoyulmuşdu və öd kisəsindən müalicə olunmağa başladı.

Müəmmalı ölüm

İddiaya görə, Klark ona baş çəkməyə gələndə bədəni qorxunc şəkildə şişmişdi və pis qoxu gəlirdi. Həkimi uşaqlıqda tutulduğu skarlatinadan irəli gələn böyrək xəstəliyi diaqnozu qoydu. O zaman bunun qarşısını almaq mümkün deyildi. İlk uğurlu böyrək transplantasiyası 1954-cü ildə həyata keçirilmişdi. Cin Harlou isə bu diaqnozdan iki gün sonra – 1937-ci il iyunun 7-də 26 yaşında vəfat etdi.

1962-ci ildə 36 yaşlı Merilin Monronun gözlənilmədən öldüyü kimi, onun da vaxtsız ölümü ilə bağlı bir sıra iddialar ortaya atıldı. Həqiqəti qəbul etmək istəməyən bəzi pərəstişkarları onun abort və bağırsaq xəstəliyi və ya saçına sarı rəng verən maddələrdən zəhərlənərək öldüyünü iddia etdilər.

26 yaşlı aktrisanın cansız bədənini daşıyan tabutun qiyməti isə 5 min dollara başa gəlmişdi.

“Təhlükəli saçlar”

Məşhur aktrisanın ölümü ilə bağlı ən ilginc iddialardan biri saçı ilə əlaqədardır. İddiaya görə, onun ölümünə saçına olan düşkünlüyü səbəb olmuşdu.

“Atlantik” bu haqda belə yazır:

“Cin Harlou seksi və şokedici sarışın saçları ilə pərəstişkarlarını “bitirərkən” sonralar Merilin Monro olacaq qız uşağı hələ bağçada idi. Harlin Karpenter adıyla doğulan Cin Harlou indi demək olar ki, nüfuzdan düşmüş ”sarışın mina” titulunun ilk sahibi idi. Harlou 26 yaşında müəmmalı xəstəlikdən öldükdən sonra bununla bağlı bir çox şayiə yayılmışdı. Bəziləri Harlounun yanlış abort əməliyyatı zamanı, bəziləri isə sevgi əzabıyla qurşandığı içkidən öldüyünü iddia etdi. Amma bəlkə də ölümünün səbəbi sarı saçları idi.

Harloudan əvvəl “platin sarışın” adlanan rəng yox idi. O dövrdə insanların saçlarını hidrogen peroksidlə rəngləməsi adət halını alsa da, bazarda saçları Cin Harlou kimi sarışın edən boya yox idi. Meri Pikford “Amerikanın sevgilisi” kimi tanınırsı, Klara Bouya “Bu qız” adı qoyulmuşdu, Hocard Hyuz Harlou üçün də ləqəb axtarırdı. Fikir mübadiləsi zamanı “Sarışın zəlzələ” və “Sevimli qasırğa” kimi ləqəblər irəli sürülsə də, Hyuzun reklam işləri üzrə köməkçisi bu gün Ledi Qaqa və Mayli Sayrusun da saçlarını bəzəyən “Platin sarışın” adını verdi. Hovard Hyuz başqa bir dahiyanə fikir ortaya atdı: Harlounun saçının rəngini əldə edə bilən saç ustasına 10 min dollar mükafat verəcəkdi. “Böyük depressiya”nın hökm sürdüyü və pulun hər zamankindən daha az olduğu 1930-cu illərdə heç kim buna nail ola bilmədi.

Ölünü öpmək

Uşaqlıqda saçları açıq sarı olan Harlou saç rəngi təbii olduğunu israr edirdi, amma saç ustası bunun doğru olmadığını çox yaxşı bilirdi. Bir dəfə məşhurların saç ustası olan Alfred Paqano Harlounun saçlarını platin sarısı etmək üçün paltar tozundan istifadə etdiyini iddia etmişdi: “Biz həmçinin peroksid, ammonyak, paltar tozu və sabun qarışdırırdıq. Buna inana bilərsinizmi?”.

Ammonyak və paltar tozu? Kiminsə başını ammonyak və paltar tozu kimi maddələri birləşdirən müəmmalı qarışımla ovuşdura biləcəyinə inanmaq çətindir. 1930-cu ildə paltar tozunun tərkibindəki maddələrlə indikilər eynidir. Ammonyakla qarışdıqda xlorid turşusu adlı zəhərli qaz və eyni zamanda ulduz sarısı əmələ gətirir. Saç ustasının sözlərinə görə, Harlou bu ağrılı və zərərli proseduru həftədə bir dəfə təkrarlayıb.

Harlou ölümə yaxınlaşdıqca saçları tökülməyə başladı. O, bu dövrdə parik taxmağa başlayıb və “Çin dənizləri”nin bütün çəkilişlərində bundan istifadə edib. Bundan sonra saç rəngini ya öz seçimi, ya da zərurətdən dəyişib. İki il sonra isə öləcəkdi.

Əlbəttə Harlounun saç boyasından öldüyünü söyləmək bir az bəsit açıqlama olardı. Çəkildiyi filmlərin və xəstəliklərinin siyahısı yan-yana qoyulduqda yunan dramaturgiyasına bənzəyir. Məlumata görə, Harlou 16 yaşından əvvəl poliomielit, meningit və skarlatinaya tutulmuşdu. Aktrisa daha sonra “Hollivudun ən məşhur ulduzu tacı”nı daşıyarkən sətəlcəm, iki abort, appendektomiya, ağır ağıl dişinin çıxarılması əməliyyatı keçirdi və dəfələrlə virusa yoluxdu. O, ölümündən iki həftə əvvələ qədər çəkiliş meydançasında işləməyə davam etdi. Yataqdan qalxa bilməyəndə Klark Qeybl ona baş çəkdi. Bundan sonra verdiyi açıqlamada bunu dedi: “Harlounu öpmək ölü, çürümüş insanı öpmək kimidir”.

Bunun səbəbi Harlounun o günlərdə ayaqyoluna gedə və ya bədəninin toksinlərdən xilas ola bilməməsi və bunun qoxusunun nəfəsinə nüfuz etməsi idi. Xəstəliyin bu mərhələsində bədənində su yığıldığı üçün çəkisi iki qat artmışdı.

Sona tələsdirən səbəblər

1937-ci il iyunun 3-də Harlounun özünü daha yaxşı hiss etməsi və çəkilişlərə qayıtmağa hazırlaşması haqda söhbət gəzirdi. Amma ayın 6-da qəfil komaya düşən aktrisa ertəsi gün vəfat etdi. Ölüm yatağında olarkən həkimləri həyata keçməsi mümkün olmayan əməliyyat üçün sarı saçlarını qırxdılar. Harlounun rəsmi ölüm səbəbi böyrək çatışmazlığı idi.

Harlounun xəstəliyi uşaqlıqda tutulduğu skarlatinadan gəlirdi. Bundan başqa, alkoqollu içki alüdəçiliyi bədəninin müqavimətini aşağı salmışdı və onsuz da zəif olan böyrəklərini daha çox işləməyə məcbur etmişdi. Amma paltar tozundan çıxan xlor qazının tənəffüs yolu ilə böyrəklərinin zədələnməsinə səbəb olduğu laboratoriya testləri ilə müəyyən edilmiş həqiqətdir. Beləliklə, uşaqlıqda tutulduğu xəstəlik və içki alüdəçiliyi ilə yanaşı, tez-tez saçlarının boyanması üçün istifadə edilən zəhərli maddələrə məruz qalması, aktrisanın ölümünü tezləşdirdi.

Harlou bir dəfə “Sarı saçlarım olmasa, Hollivud mənim kim olduğumu bilməyəcəkdi” demişdi. Bəlkə də onun sonunu Hollivudun diqqətini çəkən sarı saçları gətirib”.


Müəllif: Mənsur Rəğbətoğlu