Azərbaycanın Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov sosial şəbəkədəki hesabında bildirib.
Qeyd edək ki, Rasim Abdullayev 1944-cü ildə Bakı şəhərində anadan olub. 1951–1962-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1962–1967-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında violonçel ixtisası üzrə professor Sabir Əliyevin sinfində təhsil alıb. 1968–1969-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında Mstislav Rostropoviçin sinfində violonçel ixtisası üzrə təhsilini davam etdirib.
1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solist olub.
2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.