Teleqraf.com Türkiyənin “Posta” qəzetinə istinadən 67 yaşlı məşhur türk aktyoru İlyas Salmanın müsahibəsini təqdim edir:
- Filmlərinizdə nəyə görə həmişə kəndli rollarını oynadınız?
- Bu, mənim seçimim deyildi. Çox izlənsin deyə bu mövzunun üzərinə getdilər və klişe oldu.
- Son illərdə çəkilən türk filmləri haqqında nə düşünürsünüz?
- İnəklərin qaçarkən niyə quyruqlarını qaldırdıqlarını kompüterə baxaraq deyil, kəndə gedərək öyrənmək lazımdır. Bugünkü filmləri çəkənlər həyatı da, sənəti də bilmir. Sənət ilə həyat əqrəbadır. Həyatın filmini çəkmək lazımdır. Sənət yaratdığını hesab edənlər öncə güzgüyə, sonra gözlərinə baxsınlar: “İnsanlıq adına bir şey etdimmi, yoxsa sadəcə öz cüzdanımla vicdanım arasındamı gəl-get elədimmi?” deyə soruşsunlar.
- Çox oxuyan və yazan bir şəxssiniz. Nələr oxuyursunuz?
- Sol görüşə sahib bir insanam. Qurani-Kərimdən bir şey öyrənmək istəyirəmsə, Mustafa Kamalın Elmalılı Hamdi Yazara tərcümə etdirdiyini, İncili oxuyuramsa, Yuhannadan, Zəbur və Tövratı da ustalarından, marksizmi öyrənmək istəyirəmsə, “Kapital”ı və “Kommunist manifesti”ni, islamı öyrənmək istəyirəmsə, Qəzalini, İbn Rüşdü oxuyuram. Özümün çap olunmuş 4 kitabım var. Hazırda həyatımı yazıram. Adı “Paketindən qurtardığım uşaqdır”.
- Niyə bu ad?
- Biz paketlənmiş insanlarıq. Hər hərəkətimiz başqaları tərəfindən yoxlanılıb paketlənir. Öz istəklərimizə yer olmur. Xilas edilmiş bölgənin uşağıyam mən.
- İlk dəfə neçə yaşınızda aşiq oldunuz? Kim idi, nələr yaşadınız?
- Orta məktəbdə ikən Seçim adlı bir qıza aşiq olmuşdum. Platonik bir eşqdi. Yuxumda onunla bir limon ağacının altında yan-yana uzanır, əlimi boynuna atır, səmanı seyr edərdik.
- Sonralar qarşılaşdınızmı?
- Siyasi bir hadisə səbəbindən öldürülən ərinin cənazə mərasimində gördüm onu. Eşq yerini dostluqla əvəzlədi.
- Mütləq oynamaq istədiyiniz bir obraz oldumu?
- Qadın bir obrazı, Maksim Qorkinin “Ana” əsərindəki ana obrazını oynamağı çox istədim. Çünki mən özümü qadın yerinə qoymadan kişi yerinə qoya bilmirəm.
- “Ölmədən bunu da etməliyəm” dediyiniz nə var?
- İnqilab. Hər kəsin bərabər olduğu bir dünya istəyirəm. Məndən imza istənildiyi zaman “Ümidin bitmədən ömrün bitməsin” yazıram. Çünki ümid bitərsə, heç bir şeyin anlamı qalmaz.
- Heç həyatın dibini gördünüzmü?
- Anam on uşaq doğdu. Amma altısı boğmaca, vərəm, qızılca kimi yoxsulluq xəstəliklərindən öldü. Ən böyük olduğum üçün ölümlərini yaşadım. Hər qardaşımın ölümü mənim üçün həyatın dibi idi. Hər bir ölümün məndə yaratdığı travmanı izah edə bilmirəm.
- Necə bir şəxsdir İlyas Salman?
- Qarsda bir pişik ölsə, İstanbulda yas saxlanılmasına inanan adamam. Deyirəm ki, eşqi, şeiri, savaşı bilməyən adamdan xeyir gəlməz. Çünki dünyada aşiq olacaq, uğrunda şeir yazılacaq çox gözəllik və savaşacağın çox şərəfsiz var. Savaşmaq deyərkən, silahlı savaş başa düşülməsin. Mən üç yaş yarımda inqilabçı oldum, bu yaşadək gəldim, cibimdə dırnaqtutan belə yoxdur. Ağcaqanad evə girəndə onu qəzetlə qovuruq. İlyas Salmanı “Eşq, şeir və savaş” sözcükləri ilə adlandıra bilərsiniz.
- Türkü sevən və söyləyən birisiniz, yazırsınız, oynayırsınız... Hansından vaz keçə bilməzsiniz?
- Aktyorluqdan vaz keçə bilmərəm. Malatyada Amerikanın verdiyi anbarda tikilən Melek Baba ibtidai məktəbində oxuyurdum. Bir müəllim “Öksüz Memed” adlı bir oyun yazmışdı, Memedi canlandıracaq şagirdi tapa bilməmişdi. Məni gördü, təpədən-dırnağa süzdü. Çirkin, zəif, qara-qura bir uşaq idim. “Tamam, Öksüz Memedi tapdım” dedi. Malatyanın bütün kənd məktəblərində, kütləvi mərkəzlərdə səhnəyə çıxdıq. Alqışı, göz yaşını gördüm. O zaman qərara aldım ki, bu işin universiteti varsa, ora gedəcəyəm. Gün oldu, dövran döndü, konservatoriyaya getdim, aktyorluğu oxudum.
- FETÖ-cü olduğu ortaya çıxan “Türk solu” qəzetində yazmağa davam edəcəksinizmi?
- Xeyr. Fətullahçı bir orqan olduğunu bilmirdim. Yazılarım Mustafa Kamal tərəfdarı müstəqil yazılardır. “Yeni Şafak” da bizdə yazarsanmı deyə çağırsa, yazaram. Və ya Bostancı məscidindən çağırıb “Vəz verərsənmi?” desələr, "Kommunist Manifesti"ni ərəbcə oxuyaram.
- Görüşlərinizə və şəxsiyyətinizə görə Yeşilçamda sizə yad davranıldığını düşünürsünüzmü??
- Bəli, amma bunu çox sakit qarşılayıram. Tezliklə öz teatrımı quracağam. Onun da qapısına kilid vura bilməzlər ki...
Dilimizə uyğunlaşdırdı: Dilqəm Əhməd