Elxan Mehdiyev : “İŞİD-in arxasında böyük qüvvələr dayanmır”
“Kobaninin kürd əhalisini Türkiyə qucağına alır, onları yerləşdirir, yedirib-içirir, saxlayır. Vəziyyət sakitləşəndə isə geri göndərir. Hətta ora 100 milyonlarla yardım göndərir. Yəni kürd xalqının əziyyətini Türkiyə çəkir, amma onun yönətimi ilə düşmən halında olur. Bu da heç bir məntiqə uyğun deyil. Əksinə, onları Türkiyənin himayəsində saxlamaq türk dövlətinin maraqlarına uyğundur. Bundan əvvəl Bərzani yönətiminə qarşı da belə siyasət aparıldı, amma sonradan bu siyasət düzəldildi. İndi də bu proses Kobanidə müşahidə edilir”.
Bunu Teleqraf.com-a müsahibəsində Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev bildirib. Müsahibəni təqdim edirik.
- Elxan bəy, Yaxın Şərqdə nə baş verir, niyə bu bölgə qanlı müharibə poliqonuna çevrilir?
- Suriya və İraq dövlətləri dağılıb, hərbi qruplaşmalar ortaya çıxıb. Bu qruplaşmalar zamanında ABŞ-ın İraqdakı hərbi hissələrinə qarşı vuruşan dəstələr olub. Onlar İraqda böyük canlı qüvvə toplayıb və Suriyaya da keçib. İndi bu qüvvələr Suriya ərazilərini və İraqın yarıdan çoxunu kontrola götürüb. Faktiki olaraq keçmiş İraq və Suriya dövlətləri parçalanıb, onların ərazisində müxtəlif hərbi sərkərdələrə tabe olan qüvvələr meydana gəlib. Bu qüvvələrin bir qismi ifrat radikal, qeyri-insani qüvvələrdir. Onların bir çoxu İslam bayrağı altında hərəkət edir. Bunlardan biri İŞİD-dir. Eləcə də, əl-Qaidə yönümlü hərbi qüvvələr var. Ancaq müxtəlif sərkərdələrə bağlı qruplar arasında amerikapərəst, Türkiyəyə yaxın, İran tərəfində olan, eləcə də, Suriya və İraq mərkəzi hökumətinə meyl edənləri var. Ümumilikdə, bu qruplar arasında ən güclüsü İraq Şam İslam Dövləti (İŞİD) adlandırılan hərbi qruplaşmadır.
- Bu qruplaşmaya kimlər daxildir?
- İŞİD qruplaşmasına Səddam Hüseyn dönəmindəki İraq ordusunun zabit və generalları da daxil olub. Onlar güclü hərbi bacarığa malikdirlər. İŞİD Suriya və İraqın böyük qismini tutaraq xilafət elan edib. Hazırda bu qüvvələr Suriya və İraq mərkəzi hökumətlərinə, eləcə də, Amerikaya, indi isə Türkiyəyə qarşı mübarizə aparırlar. Suriya və İraqın dağılması ilə regionda yaranan xaotik situasiya mövcuddur. Bu vəziyyətdən də istifadə edən yerli qüvvələr var. Məsələn, kürd qüvvələri. Onlar Türkiyə ilə sərhəddə yerləşən Kobani və ətrafını İŞİD-dən təmizləyərək tampon yaradıblar və öz gələcəklərini fikirləşirlər. Bu da Türkiyədə ciddi narahatlıqla qarşılanır. Kürdlərin Suriya mərkəzi hökuməti, Amerika ilə təmasları var. Bu da Türkiyə üçün qeyri-müəyyən vəziyyət yaradır. İrana bağlı qüvvələr də İraq və Suriya ərazisində aktivdir. Onlar da öz hərbi qüvvələri vasitəsilə müəyyən ərazilərə nəzarət edir. Təəssüflər olsun ki, sonda Türkiyə də bu proseslərdə iştiraka cəlb edilib. Bu, Türkiyənin daxili stabilliyinin pozulmasına aparan mənfi gedişdir.
- Türkiyə hazırda həm İŞİD, həm də PKK-nı vurur. Sizcə, Türkiyə nə istəyir?
- Türkiyə 30 ildir separatizmlə mübarizəsi aparır. İndi Türkiyə-Suriya sərhədi radikal kürd qruplarının əlinə keçib. Türkiyə də onlara şübhə ilə yanaşır. Necə ki, əvvəllər Şimali İraqda Bərzani yönətiminə şübhə ilə yanaşırdı. Amma indi Türkiyə Bərzani yönətimi ilə yaxın dostluq əlaqələri qurub. Əslində, Suriyanın Türkiyə ilə sərhəddə yerləşən ərazilərini nəzarətə alan kürd qruplaşması ilə Ankaranın əlaqələr yaratması, yaxın münasibətdə olması Türkiyənin maraqlarına daha uyğun olardı, nəinki onlarla qarşıdurmaya getmək. Türkiyə istəmir ki, onun sərhədində müstəqil kürd idarəçiliyi yaransın. Bu, dəqiqdir. İkincisi, İŞİD qüvvələrinin barbar hərəkətləri var. Türkiyə bir müddət ona dözümlü yanaşsa da, bu qrupun Türkiyə içindən adamları seçib aparması, türk siyasətindən xoşları gəlməməsi müşahidə edildi. Sonradan İŞİD adına Türkiyədə terror hadisələri yaşandı. Türkiyə dövləti də İŞİD-ə olan dözümlülüyü itirib və bu qrupa qarşı havadan zərbələr endirməyə, koalisiyaya qoşulmağa məcbur olub. Türkiyə uzun müddətdir Suriyada Əsədə qarşı olan qüvvələrə isti münasibət göstərirdi, istəyirdi ki, Əsəd hakimiyyətdən getsin. Son dövrlər isə Avropa və Amerika Əsədin üzərinə getmirdi. İndi güman olunur ki, Türkiyə Suriya ilə sərhədləri parametrində daha güvənli ərazinin yaradılmasında qərarlıdır. Çünki burada Türkiyə özünün kontrolundan kənar kürd qüvvələrinin və ya İŞİD-in hakimiyyətini istəmir. İndilikdə Ankara minimum bunun üçün çalışır. Ancaq burada Türkiyənin daxili siyasəti məsələsi də var. HDP ilə bağlı məsələyə toxunmağı da məqbul saymıram. Bəlkə də, bütün bunların səbəbləri həm də daxili siyasətin köklərinə gedib çıxır.
- Türkiyənin daxilində terror olayları baş verir, bunu həm PKK, həm də İŞİD həyata keçirir. Proses Türkiyənin daxilinə keçə bilərmi?
- Əslində, ən təhlükəli məqam budur və deyə bilərik ki, artıq keçib. Əgər PKK ilə qarşıdurmaya gedilirsə, bu neçə illərdir aparılan çözüm layihəsinin əhəmiyyətini yox edir. Əgər Türkiyə PKK-nın kamplarını vurursa, onlar da türk ordusuna qarşı addımlara start verəcəklər. Bu da yenidən əvvəlki dönəmə qayıtmağa səbəb olacaq. Bu isə Türkiyənin maraqlarına uyğun deyil. Əksinə, indi Türkiyədə çözüm sürəcini dəstəkləyən AKP-CHP koalisiyası ola bilər. Bu koalisiya çözüm sürəcini bir qədər də irəliyə apara bilər. Məncə, bu, Türkiyənin maraqlarına daha uyğundur. Həm də Türkiyənin daxilindəki problemləri həll edib ölkənin birliyinə səbəb olacaq atmosfer yaradar. Amma indi PKK ilə yenidən savaşa girmək heç də Türkiyənin güclənməsinə səbəb olmayacaq.
- İŞİD, PKK öz ssenarisini həyata keçirir, yoxsa böyük güclərin əlində icraçı rolunda çıxış edirlər?
- Bəllidir ki, İŞİD-in əsas məqsədi Suriya və İraq ərazilərini bütövlükdə tutmaq, burada vahid İslam dövləti yaratmaqdır. Düzdür, İŞİD Türkiyəyə qarşı dözümlü münasibət bəsləyirdi. Yəni Türkiyə ərazini qarışdırmaq, terror etmək kimi hadisələrdən çəkinirdi. Elə Türkiyə də onlara qarşı açıq mübarizəyə girmirdi. Bəşər Əsəd seçki dönəmində və ondan sonra Türkiyəni qıcıqlandırırdı. Məsələ kürd millətçi qrupun Suriyanın Türkiyə ilə sərhəd ərazilərini ələ keçirməsi ilə başladı. Sonra baş verən terror hadisələri vəziyyəti dəyişdi və indiki duruma gəlib çıxdı. Əlbəttə, mən burada Türkiyənin daxili siyasətindən irəli gələn məqamları da görürəm.
- Bu beynəlxalq güclərin ssenarisi deyilmi, İŞİD-ın arxasında böyük güclərin durduğu artıq heç kimə sirr deyil...
- Hazırda İŞİD-ın arxasında böyük qüvvələrin durması haqqında fikirləri qəbul etmirəm. Bu, daha çox ümumi fikirlərdir. Baxın, bu fikirlər nədən doğur? Əfqanıstanda Sovet işğalına qarşı vuruşan hərbi dəstələri Amerika və Avropa dəstəkləyirdi. Bundan sonra Əfqanıstandan Taliban, Əl-Qaidə ortaya çıxdı. Yəni Sovet işğalına qarşı Əfqanıstanda aparılan mübarizə sonda terrorçu qrupların yaranmasına gətirib çıxardı. Eyni ssenari son illər Suriyada oldu. Başqa sözlə, dünya Bəşər Əsədə qarşı vuruşan qüvvələrə dəstək verdi. Bura ən müxtəlif qüvvələr anti-Əsəd adı ilə toplaşdı. Daha sonra isə öz sistemlərini və bildiklərini həyata keçirməyə başladılar. İndi bu qüvvələr anti-Suriya, anti-Amerika, anti-Türkiyə fəaliyyəti göstərirlər. Məsələyə bu prizmadan baxıram. Çünki normalda heç bir dövlət anti-insani fəaliyyətdə olan İŞİD-i yaratmaq fikrində olmaz. Bu, sadəcə, anti-Əsəd qüvvələrindən doğan dəstələrdir və hazırda onlar böyük güc halına gəliblər.
- Suriya mənzərəsi ortadadır, Türkiyəyə qarşı təhlükə mövcuddur. Bundan sonrakı durumu, hadisələri, prosesin inkişafı istiqamətlərini necə görürsünüz?
- Hesab edirəm ki, Türkiyə üçün Kobani məsələsi olmamalıdır. İŞİD gəlib Kobanini işğal edəndə yerli kürdlər buna qarşı oldu. Hətta Diyarbəkirdən minlərlə gənc gedib Kobanidə İŞİD-ə qarşı vuruşurdu. Bunun nəticəsi olaraq Diyarbəkirə yüzlərlə cənazə gətirilirdi. Kənardan baxanda vəziyyət fərqli görünür. Məsələn, İŞİD gəlib Kobanini tutur, yerli kürdlər buna qarşı vuruşur, İŞİD-i bu ərazidən qovub çıxarır. Kürdlər deyə bilir ki, Türkiyə İŞİD-in Kobanini tutmasına qarşı çıxmır, amma bizim Kobanini tutmağımızın əleyhinə olur. Əsas məsələ sərhəddə olan yönətimin anti-Türkiyə mövqedə olmamasıdır. İkincisi, Türkiyənin uyğun qurumları Kobanidə olan kürdlərlə münasibəti qaydaya salmalıdır. Burada həm də qəribə paradoks yaranır. Kobaninin kürd əhalisini Türkiyə qucağına alır, onları yerləşdirir, yedirib-içirir, saxlayır. Vəziyyət sakitləşəndə isə geri göndərir. Hətta ora 100 milyonlarla yardım göndərir. Yəni kürd xalqının əziyyətini Türkiyə çəkir, amma onun yönətimi ilə düşmən halında olur. Bu da heç bir məntiqə uyğun deyil. Əksinə, onları Türkiyənin himayəsində saxlamaq türk dövlətinin maraqlarına uyğundur. Bundan əvvəl Bərzani yönətiminə qarşı da belə siyasət aparıldı, amma sonradan bu siyasət düzəldildi. İndi də bu proses Kobanidə müşahidə edilir. Türkiyə daha geniş vizionda bu işə baxaraq hərəkət etməlidir. Eləcə də, PKK ilə atəşkəs yenidən öz məcrasına düşməlidir. Çünki əks tərəfində reaksiyaları baş verəcək və əsgər ölümünə yol açacaq. Bu, Türkiyənin zəifləməsinə aparan yoldur. Nəyə görə Türkiyə yenidən əvvəlki günlərinə qayıtmalıdır? Məncə, bu haqda doğru-dürüst qərarlar veriləcək.
Nemət Orucov