18 Sentyabr 2021 22:09
2 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov festivalın əhəmiyyətindən danışıb: “Üzeyir Hacıbəylinin bizə qoyduğu miras heç zaman unudulmayacaq. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq bu dəfə festivalı keçirmək qərarına gəldik. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur”.

Nazir deyib ki, Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Onun bənzərsiz irsi ölkəmizdə peşəkar bəstəkarlar nəslinin yetişməsinə təkan verib.

“Biz hər zaman bu festivalı dahi bəstəkarın doğulduğu və boya-başa çatdığı Şuşa şəhərində keçirməyi arzulamışıq. Çox sevinirik ki, bu gün doğma Qarabağımız, Şuşamız azaddır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bu sevinci bizə yaşadıb. Bu gün bu festivalı Şuşada da qeyd edirik. Artıq biz Şuşada – mədəniyyət paytaxtımızda “Xarıbülbül” Musiqi Festivalını və Vaqif Poeziya Günlərini keçirmişik. Gələn ildən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının da böyük bir hissəsini Şuşada keçirəcəyik”.

Builki festivalın özəlliyindən danışan mədəniyyət naziri bildirib ki, festivalda daha çox ideyalarını reallaşdırmaq istəyən gənclərə yer ayrılıb. Builki festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start veriləcək və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılacaq. Yeni nəsil məhz Üzeyir Hacıbəyli musiqisinin təsiri altında böyüyür.

Festivalın zəngin proqramının olduğunu bildirən nazir deyib ki, Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, bu musiqi bayramında ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alıb. Festivalın proqramında Gəncə və Ağdamda tədbirlərin təşkili planlaşdırılıb.

Sonra söz musiqiyə verilib.

Festivalın ilk günündə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və dirijor Rauf Abdullayev) çıxış edib. Konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Fikrət Əmirovun “Şur” simfonik muğamı, Arif Məlikovun fortepiano və orkestr üçün konserti səsləndirilib.

Festival sentyabrın 24-dək davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər