23 Sentyabr 2022 18:45
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Vyetnam prezidentləri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olması münasibətilə məktub mübadiləsi həyata keçiriblər.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyevin vyetnamlı Nquyen Suan Fukaya ünvanladığı mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Sentyabrın 23-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu əlamətdar tarix münasibətilə Sizi və dost xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsası hələ ötən əsrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının böyük oğlu Ho Şi Min tərəfindən qoyulmuşdur. Məmnunluqla qeyd etmək istərdim ki, bu əlaqələr uğurla davam etdirilərək son otuz ildə yüksələn xətt üzrə inkişaf etmiş və hazırkı səviyyəyə çatmışdır.

Biz Azərbaycan-Vyetnam münasibətlərinə böyük əhəmiyyət veririk. Sağlam təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, siyasi, ticari, iqtisadi, mədəni və digər sahələrdə səmərəli əməkdaşlığımız bizi sevindirir.

Eyni zamanda, beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Vyetnamın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.

Bu gün iqtisadi-ticari, enerji, nəqliyyat, kənd təsərrüfatı, sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Vyetnam Prezidenti Nquyen Suan Fukun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirilir:

"Hörmətli cənab Prezident.

Vyetnam ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Vyetnam dövləti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Son 30 ildə ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin inkişaf etməsi və möhkəmlənməsi məmnunluq doğurur. Birgə səylərimizlə Vyetnam və Azərbaycan arasında ölkələrimizin inkişafına fəal şəkildə töhfə verən və ikitərəfli əlaqələr üçün möhkəm təməl yaradan dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri qurulmuşdur.

Mən qəti şəkildə inanıram ki, hər iki ölkənin liderlərinin iradəsi və əzmkarlığı, nazirliklərin və digər qurumların birgə səyləri, eləcə də xalqlarımız arasında əlaqələr sayəsində Vyetnam-Azərbaycan əməkdaşlığı dövlətlərimizin mənafeyi, həmçinin dünyada sülh və inkişaf naminə bundan sonra daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər