İyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.
Qeyd edildi ki, hotel ötən əsrin ortalarında istifadəyə verilib. 2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlandı. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb.
Bildirildi ki, hotelin keçmiş adı da qaytarılıb və “Qarabağ” adı ilə fəaliyyət göstərəcək. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da qonaqların ixtiyarına veriləcək. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq.
Hotelə yaxın olan ərazidə abadlıq işləri də görülüb.
***
09:47
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.