Ermənilərin Tərtər-Ağdam istiqamətində dinc və mülki Azərbaycan vətəndaşlarını hədəfə alması düşmən ordusunun zəifliyindən xəbər verməklə yanaşı, beynəlxalq konvensiyaların pozulmasıdır.
Bu fikirləri Teleqraf.com-a Liberal Partiyanın sədri Əvəz Temirxan bildirib.
Partiya sədri deyib ki, Azərbaycan ordusu, əsgəri ermənilərdən qat-at güclüdür:
“O üzdən ermənilər dinc əhaliyə atəş açır və çalışır ki, panika-təşviş yaratsın. Amma cəmiyyət birdir. Xalq təşvişə uymur və dövlətinə inanır. Açıq-aydın görünür ki, döyüş ruhu həm ordumuzda, həm də xalqda çox yüksəkdir. Bir sözlə, daş qayaya rast gəlib. Biz həmişə belə olmalıyıq. Hesab edirəm ki, iqtidar -müxalifət münasibətlərini bir kənara qoymalıyıq. Vətən hamımızındır və bu ağır gündə ordunun yanındayıq. Ermənilərin mülki əhalimizi hədəfə almasına beynəlxalq qurumlar və dünya ictimaiyyəti göz yummamalıdır. Erməni ordusunun bu addımları, qəsdlə mülki əhalini hədəfə alması bir daha göstərir ki, onlar üçün heç bir dəyər yoxdur”.