ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda həmsədrlər tərəfləri mülki əhalini qorumaq üçün beynəlxalq öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırırlar.
"Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi zonasında, eləcə də Ermənistan və Azərbaycan ərazilərindəki təmas xəttindəki şiddəti kəskin şəkildə pisləyir və mülki itkilərin artması barədə xəbərdarlıqlarını bildirirlər. Mülki insanları hədəfə almaq heç bir halda məqbul sayılmaz. Həmsədrlər tərəfləri mülki əhalini qorumaq üçün beynəlxalq öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırırlar", deyə sənəddə qeyd olunur.
Həmsədrlər tərəfləri üç ölkənin prezidentlərinin 1 oktyabr bəyanatını xatırladaraq, bir daha hərbi əməliyyatların dərhal dayandırılmasına və danışıqların vicdanla, şərt irəli sürülmədən aparılmasına çağırırlar.
Həmsədrlər həmçinin təcili olaraq ATƏT və BQXK-yə həlak olmuş hərbi qulluqçuların cəsədlərinin təhvil verilməsinə imkan yaratmaq üçün atəşkəs çağırışı ediblər.