4 Oktyabr 2020 00:09
2 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasətinin əsas xətti terror, soyqırım olan işğalçı Ermənistan ölkəmizə qarşı təxribat hücumlarını davam etdirir. Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğu tam sübuta yetirilib. Amma buna baxmayaraq, havadarlarına güvənən bu bədnam ölkə işğalçılıq siyasəti yürüdür.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Deputatın sözlərinə görə, Ermənistan işğalçı, təcavüzkar siyasəti ilə regionda sülh və sabitliyin önündə ən böyük əngəldir:

"Dünya birliyinin Ermənistanı işğalçı dövlət qismində qəbul etdiyi bir vaxtda, Fransanın tutduğu mövqe anlaşılan deyil. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi Fransanın proseslərdə tutduğu mövqe, verdiyi bəyanatlar qəbuledilməzdir. Bu yanaşma Fransanın münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir. Eyni zamanda neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. Emmanuel Makronun işğalçılıq, təcavüzkarlıq siyasəti yürüdən ölkəyə dəstək verməsi olduqca təəssüf ediləcək məqamdır. İşğalçının, haqsızın yanında dayanan Fransa prezidentinin Qarabağ haqqında bəyanatı qərəzlidir. Siyasi etik qaydalarından kənardır. Fransa kimi ölkənin başçısının Azərbaycanın əzəli-əbədi torpaqları olan Qarabağ haqqında fikirləri qəbuledilməzdir”.

Pərvin Kərimzadə vurğulayıb ki, vasitəçilik missiyasını üzərinə götürən bir ölkə münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə bilməz:

“Məsuliyyətli missiyanı öz üzərinə götürən dövlət ən azı işğala məruz qalan dövləti işğalçıdan ayırmağı bacarmalı, münaqişənin həllində çalışmalıdır. Fransa isə nə edir? İşğalçı ölkənin yanında yer alır, hətta bəyanat verir. İşğalçının yanında olan, ədaləti, haqqı görmək istəməyən ölkənin ATƏT-in Minsk Qrupunun tərkibində olması sual doğurur. Ona görə də, ATƏT-in Minsk Qrupunun tərkibi dəyişdirilməli, Fransa bu təşkilatdan kənarlaşdırılmalıdır”.

Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan işğal olunmuş ərazilərini azad etmək uğrunda Vətən müharibəsi aparır:

“Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli ərazi deyil, Azərbaycanın tarixi, əzəli torpağıdır. Bunu dərk etməyən ölkənin vasitəçi missiyasına ehtiyac yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər