4 Oktyabr 2020 10:19
5 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Paşinyanın xalqa müraciətindən sonra müxalifət onun çıxışının qorxu üzərində qurulduğunu və məğlubiyyətini ört-basdır etməsini kəskin şəkildə tənqid edib. Paşinyan məğlubiyyətini Türkiyənin üstünə atmaqla heç bir dönüş əldə edə bilməz. Ermənistan özü də öz ərazisindən kənarda müharibə aparır. Rəsmi bəyan edilib ki, Türkiyə hərbçiləri əks-hücum əməliyyatlarında iştirak etmir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Şurasının sədri, Türkiyənin Ərciyəz Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı deyib.

Onun sözlərinə görə, Paşinyanın istefaya səsləyənlərin sayı artmaqdadır:

“Bəzi siyasi qüvvələr Dağlıq Qarabağ əhalisinin döyüş bölgəsindən çıxarılmasını tələb edirlər. Paşinyanın Dağlıq Qarabağı tanımaqla bağlı fikirlərini də indiki halda Ermənistanın təklənməsi demək olduğunu söyləyənlər var. Bununla əlaqədar Ermənistan parlamentinin sədri də deyib ki, son fövqəladə toplantıda "DQR"in tanınması ilə bağlı fikirlərin analiz edilməsinə qərar verilib.

Bu da onu göstərir ki,Ermənistan tanıma ilə bağlı riskləri nəzərə alır, həm də deyilir ki, indiki halda yalnız müdafiə haqqında düşünülməli, beynəlxalq dəstək əldə edilməlidir. Ermənistan bu beynəlxalq dəstəyi ala bilirmi? Təhlillər göstərir ki, Ermənistanın səyləri nəticə vermir. Guya Suriyadan muzdlu əsgərlərin Azərbaycan tərəfində vuruşması və bu əməliyyatlarda Türkiyənin iştirakı barədə iddialara dünya inanmır. ABŞ Dövlət katibi Mayk Pompeonun bu faktların əsası olmadığını deməsi Ermənistanı ağır diplomatik məğlubiyyətə sürükləyir”.

Qafar Çaxmaqlı bildirib ki, cəbhədə Azərbaycan Ordusunun qələbələri də Ermənistan mediasında fərqli şəkildə çatdırılır: “Madagiz (Suqovuşan) kəndinin alınmasından sonra hədəfin Xankəndi olduğunu bilən erməni qaynaqları artıq Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməyi öhdəlik sayırlar. Azərbaycanı dayandırmaq üçün müxtəlif ölkələrə məktublar göndərirlər. Amma Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin bölgədən çıxarılması təklifinə hələ bir reaksiya yoxdur. Erməni cəmiyyəti həddən çox şovinist cəmiyyət olduğundan bu təklif birmənalı qarşılanmır.

Amma bunu da deyənlər var ki, Ermənistan məğlubiyyətini qəbul etməli və danışıqların yenidən bərpa edilməsinə nail olmaq üçün ordusunu Qarabağdan çıxarmalıdır. Onlar anlamalıdırlar ki, savaşda müzəffər olan Azərbaycan Ordusu onsuz da Ermənistanı bu addımı atmağa məcbur edəcək. Daha çox ölüm və qan olmaması üçün Ermənistan seçimini etməli, Azərbaycan torpaqlarından çıxmalıdır. Cəmi bir həftə içərisində öyündüyü ordunun darmadağın edilməsi ölkədə böyük şok yaradıb. Dağlıq Qarabağ ərazisində demək olar ki, mülki əhali qalmayıb. Ermənistan telekanalları bunu açıq göstərirlər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər