Xalqımızı təbrik etmək istəyirəm. Dünən cənab prezident xalqa müraciət edərək Cəbrayıl rayonunun işğaldan azad olunması müjdəsini verdi. Düşünürəm ki, biz azərbaycanlılar üçün bu günlərdə möcüzə, əfsanə yaşanır və əfsanənin də müəllifi heç şübhəsiz ki, qəhrəman Ordumuzla bərabər, Ali baş komandanımızdır. Ona çox təşəkkür edirik, çox minnətdarıq, o, xalqın arzularını bu günlərdə reallaşdırmaqla məşğuldur.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı Lider TV-nin "Mövqe" verilişdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, erməni tərəfini də quduzlaşdıran, özündən çıxaran məhz həmin budur: "Onlar bizim müzəffər Ordumuzun qələbələrini, uğurlarını görür. Bizim Ordumuz irəliləyir, ön cəbhədə böyük üstünlüklər əldə edir. 23 kəndi, bir rayonu azad etmişik, Murov zirvəsi bizdədir. Az müddət ərzində, bir həftənin içində Azərbaycan Ordusunun əldə etdiyi və rəsmi olaraq bizə açıqlanan məlumatlardır.
Təbii ki, erməni tərəfinin son nəfəsi, son çırpıntılarıdır. Onlar məğlub olduqlarını görürlər və ən mənfur əməllərə əl atırlar. Ön cəbhədə hərbçi deyilən bir məfhum var. Ön cəbhədə, döyüşdə, səngərdə vuruşmaq kişi işidir. Ümumiyyətlə, düşünürəm ki, müharibə, döyüş kişi sənətidir. Söhbət mərdi-mərdanə döyüşməkdən gedir. Ön cəbhədə vuruşmaq yerinə dinc insanlarımızı hədəfə alırlar".
Politoloq vurğulayıb ki, təxribatlar Ermənistan tərəfindən başlayıb və biz məcbur olaraq onlara cavab verməli olmuşuq: "Sonra da bu, vətən müharibəsinə dönüb. Onlar bizim dinc əhalimizi hədəfə alırlar. Naftalanda yaşayan 5 nəfərlik ailə həlak oldu, onlardan ikisi azyaşlı uşaqlar idi. Mülki insanların yaşadığı ərazilər hədəf tutulur. Dünən Gəncəyə 7 raket atıldı, xoşbəxtlikdən o raketlərin cəmi ikisi açıldı. Amma yenə də dünyasını dəyişən, yaralanan vətəndaşlarımız var. Daha sonra onlar Mingəçevirə raket atmağa cəhd etdilər, eləcə də Bərdəyə, Zərdabda, Tərtərə... Keçən gün cənab Prezidentin köməkçisi Hikmət Hacıyev dedi ki, təkcə Tərtərə bir gecədə 2300-dən artıq mərmi atılıb. Bu, mülki insanların yaşadığı evlərə, obyektlərə düşür. Mülki infrastrukturumuz bundan əziyyət çəkir. Bu, beynəlxalq hüquqa tamamilə ziddir, qısaca ifadə etsək, müharibə cinayətidir. Cenevrə Konvensiyasının müddəalarına tamamilə ziddir. Çünki orada qeyd olunur ki, mülki əhalini qətiyyən vurmaq, hədəf almaq olmaz. Həmin bölgələr heç vaxt silahlı əsgərlərin, artilleriyanın hədəfi ola bilməz".
Aynur Camalqızı qeyd edib ki, biz təkcə ön cəbhədə müharibə aparmırıq, müharibənin dəhşətlisi informasiya müstəvisində aparılır: "Düşmən bizə qarşı çox ciddi şəkildə şər, böhtan kzmpaniyasından, informasiya manipulyasiyasından istifadə edir. Bir çox hallarda da bəzi dövlətləri öz təsiri altına sala bilir. Hər bir müharibə qan-qada, itkilərlə yanaşı, həm də bir inkişaf deməkdir. İnsanlar ölkəsinin harada bir boşluğu, problemi varsa, hara daha çox diqqət lazımdırsa, o boşluqları görə bilir. Biz də müharibə gedə-gedə, informasiya müharibəsi kontekstində öz boşluqlarımızı görüb, araşdıra bilərik.
Ermənilər uzun illərdir ki, Rusiyanın KİV-lərində yerləşiblər. Amma bizdə təəssüflər olsun ki, bu yoxdur. Xaricidilli, tanınmış, dünyaya çıxa bilən, sözümüzü deyə bilən jurnalistlərimiz nə qədərdir? Təəssüflər olsun ki, bu məsələdə istər Türkiyə, istər Avropa mediasında sayımız xeyli azdır. Bu məqamlara diqqət etmək lazımdır. Əslində, uzun illər itirmişik, son 20 ildə bu sahədə çox böyük işlər görülməli idi. Belə bir vəziyyət yaranıb. İnşallah müharibə tezliklə, qələbəmizlə bitəcək. Biz bu məsələlərə diqqət yetirməliyik. Təbii ki, informasiya müharibəsində də uduzmuruq. Çünki biz ədalətli mövqedəyik. Onların atdığı şər-böhtanların qarşısına həqiqətlərimizlə çıxırıq. Cənab prezidentin son müsahibələrini misal çəkmək istəyirəm, onun "Rossiya-1" telekanalına çox gözəl müsahibəsi oldu. Bunun özü möhtəşəm təbliğat idi. Sonra "Əl-Cəzirə" telekanalına, bu gün "TRT" kanalına müsahibə verib. Prezident təkcə ön cəbhədə müharibə aparmır, o, həm də arxa cəbhədə bizim görməli olduğumuz işi təbliğat kontekstində, informasiya müharibəsində o qədər böyük işlər görür ki...
Biz sadəcə olaraq onun arxasınca gedirik. Həqiqət dünyaya da, özümüzə də lazımdır. Dünyada neçə ölkə Azərbaycanı dəstəkləyir?! Türkiyə, İsrail, Pakistan, Ukrayna, Gürcüstan, Əfqanıstan, Serbiya, siyahı uzundur, onlarla Avropa ölkəsinin adını çəkə bilərik. Artan xətlə davam edir. Amma bəzi ölkələr, məsələn, Fransa Avropanın ən böyük ölkəsidir. Həm də ATƏT-in Minsk qrupunda həmsədrdir. Amma Fransa açıq-aşkar Ermənistanın tərəfini tutur. Ona görə yox ki Azərbaycan ədalətsizdir. Ona görə ki, onların da öz maraqları var, qarşıdan seçkilər gəlir, Makronun erməni diasporunun dəstəyinə ehtiyacı olacaq. Bu reaksiya Makronun Prezident Ərdoğana münasibətindən, Türkiyəyə antipatiasından da qaynaqlanır. Sadalaya biləcəyimiz çox səbəblər var.
Axı Ermənistan Rusiyadan kənarda bir heçdir. Prezident də demişdi ki, bacarırsınızsa, qarşımıza tək çıxın. Ona görə də heç təəccüblü deyil, Rusiya Ermənistanı dəstəkləyirmi, dəstəkləmirmi? Azərbaycan Ordusu çox güclüdür və xalqdan dəstək alır. Azərbaycanda heç vaxt olmayan bir əhval-ruhiyyə yaşanır. Bu ovqatın qarşısına nə bir Avropa dövləti, nə başqa dövlət heç nə ilə çıxa bilməz. Qarşısı alınmaz prosesdir. Hətta bilməyənlər də bilirlər ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Biz beynəlxalq hüquq çərçivəsində, bizə verilən hüquqlardan istifadə edərək öz suverenliyimizi bərpa etməklə məşğuluq.
Paşinyanın telefonunu heç bir dünya liderinin götürməməsj ilə bağlı sosial şəbəkələrdə çox maraqlı zarafatlar var və düşünürəm ki, Paşinyana ən gözəl cavab da o zarafatlardır. Paşinyan öz dövlət maraqlarını korafəhmliyindən ayaqlar altına saldı".
Politoloqun fikrincə, əslində mövcud situasiya Ermənistanın çox xeyrinə idi: "Status-kvonu saxlamaq, danışıqlar prosesini müddətsiz olaraq uzatmaq, manevr imkanları kifayət qədər var idi. Amma Paşinyan oğlunu Qarabağa hərbi xidmətə, arvadını hərbi təlimlərə göndərdi, sonra dedi "Qarabağ Ermənistandır", yallı oynadı, sonra orada heç demək istəmədiyim "andiçmə" mərasimi düzənlədi. Bütün bunlarla o başa düşmürdü ki, Azərbaycan xalqının izzəti nəfsini, şərəfini tapdalayır. Necə ki dünən bunu cənab prezident dedi: siz bizim şərəfimizə toxunanda, artıq qarşımızı heç nə kəsə bilməzdi. Mən çox təşəkkür edirəm, minnətdaram ki, cənab prezident son dərəcə təmkinlə, səbrlə davrandı.
O günlərdə sosial mediada hər kəs bar-bar bağırdı ki, Şuşanı, Xankəndini vurmaq lazımdır. Azərbaycan hakimiyyəti son dərəcə təmkin göstərdi. Ardınca erməni təxribatları başladı. Tovuzda təxribat oldu, nə qədər hərbçilərimizi, mülki əhalini öldürdülər. Axı Azərbaycanın səbrinin sonu var. Əvvəl-axır bizi qarşılarında görəcəkdilər, Allaha şükür olsun ki, biz onların qarşısına belə güclü çıxa bildik.
Əslində mən azərbaycanlı olaraq heç vaxt öz Prezidentimi erməni baş naziri ilə müqayisə etmərəm. Çünki bunu müqayisə etmək yerlə göy qədər fərqdir. Gördüyümüz mənzərəyə baxaq politologiyada siyasətçinin "bədən dili" deyilən bir ifadə var, Prezidentimizdə özgüvən, rahatlıq, ordusuna, xalqına inam vardı. Biz görürdük ki, prezident nə qədər rahat danışır. Bu, qalib sərkərdənin çıxışı idi. Amma qarşı tərəf özünü tamamilə itirib. Sosial mediada yayılan şəkillərinə baxanda görürük ki, adam özünü tamamilə itirib. Nəinki baş nazir, erməni ordusunda axırıncı əsgər səviyyəsində belə deyil. Özgüvən, vüqar, qürur yoxdur. Məğlubiyyət onun bütün görüntüsünə vurulub və bunu bizim Ordumuz vurub. Bizim 30 ildən bəri görmək istədiyimiz hadisələr baş verir.
Paşinyan sonluğa gedir. Çünki bir müddət öncə Birinci vitse-prezident Mehriban Əliyeva erməni analarına müraciət etdi ki, oğullarınızı Qarabağa göndərməyin. Daha sonra Prezident İlham Əliyev dedi ki, ölmək istəmirsinizsə, Qarabağdan çıxıb gedin. Onlara bu cür müraciətlər dəfələrlə olundu, amma bunların hamısı qulaqardı edildi. Əvəzində Paşinyan özünə yaramayan hərəkətlər edirdi. Bunlar onun acı sonluğunu yaxınlaşdırır. Küçədən hakimiyyətə gəlmişdi, demokratiya təhər-tövrü göstərmək istəyirdi. Amma bunların heç biri onda alınmadı. Adam sürətlə dibə yuvarlandı. Düşünürəm ki, erməni xalqı da tezliklə onu necə küçədən gətirmişdisə, gəldiyi yerə qaytaracaq. Son Ermənistan tarixində dəfələrlə belə qanlı hadisələrin şahidi olmuşuq.
Çətin vəziyyətdir, amma biz bütün reallıqları nəzərə alaraq işləməliyik. Ölkədə hərbi vəziyyət elan olunub, bunu fövqəladə vəziyyət də adlandırmaq olar. Ordumuz döyüşdədirsə, biz də arxa cəbhədə sırf əsgər kimi hərəkət etməliyik. Ali baş komandan nə əmr verirsə, o, bizim hər birimiz üçün qanundur. Biz adi şəraitdə olduğu kimi işləyə bilmərik. Təbii ki, indiki fəaliyyətimiz, xəbər istehsalımız, xəbər yaymağımız müharibə qanunlarına uyğun şəkildə həyata keçirilməlidir.
Mən düşünürəm ki, Azərbaycanın aparıcı mediası, istər klassik TV-lər, istər çap, istərsə də onlayn media bu işin öhdəsindən peşəkarlıqla gəlir. Mən bu sahədə heç bir problem görmürəm".