7 Oktyabr 2020 10:11
38 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gecə səhər saatlarınadək cəbhə boyu ordumuzun aktiv fəaliyyəti müşahidə olunub. Düşmənə ağır zərbələr endirilib, bəzi istiqamətlərdə hücumlar olub, bəzi istiqamətlərdə isə düşmənin əks-hücumlarının qarşısı alınıb. Düşmənin çoxsaylı texnikası və canlı qüvvəsi sıradan çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib.

Jurnalist cəbhə bölgəsindəki son duruma diqqət çəkib:

“Bir çox ekspert hesab edirdi ki, Azərbaycan ordusu daha çox Qarabağ savaşının cənubunda aktiv olacaq, əsas səylər orada nümayiş etdiriləcək. Belə deyil. Cənubda məqsəd bir qədər əvvəl düşməndən azad edilmiş Cəbrayıl rayonuna aparan yolun qərb cinahının təmin edilməsidir. Hazırda əsas zərbələr eyni vaxtda cənubda - Füzuli və Xocavəndlə yanaşı, Ağdərədə endirilir. Məqsəd erməni qüvvələrini gücdən salmaq, maksimum zəiflətməkdir”.

Elçin Alıoğlu qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son 9 gündə artıq 3-cü dəfə səfərbərlik elan etməsi, düşmənin savaş üçün insan qüvvəsi ilə bağlı durumunun kritik həddə çatdığını aşkar göstərir:

“Ermənistan Müdafiə Nazirliyinin ritorikası da dəyişib. Əgər ötən günlərdə Şuşan Stepanyan “düşmən darmadağın edilir, silahlı qüvvələr əks-hücuma keçir” deyirdisə, indi “qoşunların müəyyən yerdəyişmələri heç nəyi həll etmir” söyləyir. Ümumiyyətlə, artıq təbliğat ermənilərin ən zəif yeridir. Məsələn, “onlarla düşmən tankı vurmuş” və ya “Azərbaycanın bir neçə təyyarəsini vurmuş” hansısa hambarsumların mükafatlandırılması artıq Ermənistanın özündə belə, lağlağı, sarkazm obyektinə çevrilir.

Ermənilərin yaşayış məntəqələrini uzaqvuran artilleriya və raket qurğuları ilə atəşə tutmaları hər şeyi açıq göstərir. Yəni fakt budur ki, belə barbar və vəhşi qərarlar qəbul edən Ermənistanın cəbhədə durumu kritikdir, ağırdır və məhz bu səbəbdən İrəvan təşvişdən dinc əhalini hədəfə alır. Eyni zamanda, Ermənistanın məqsədi bu minvalla münaqişəni daha yeni səviyyəyə qaldırmaq, Azərbaycanı Ermənistan ərazilərini vurmağa vadar etmək, sonra da Rusiya, ABŞ və Avropa Birliyini münaqişəyə bilavasitə cəlb etməkdir.

Ermənistanın diplomatik dəstəkdən tutmuş, iqtisadi yardımlaradək bütün sahələrdə fövqəladə, təxirəsalınmaz və təcili köməyə ehtiyacı var. Ermənilər buna nail olmaq üçün bütün vasitələrə əl atırlar”.

Jurnalist bildirib ki, Ballıcadakı sursat anbarı Ermənistan ordusunun Qarabağdakı bütün döyüş artilleriyasının 5 faizinin toplandığı məkan olub:

“Həmin silahlardan Gəncə və Mingəçeviri vurmaq üçün istifadə olunurdu. “Hava Hücumundan Müdafiə sistemimiz niyə işləmir?” sualına cavab verim. İşləyir, özü də əla işləyir. Sadəcə, hərbçilərimiz səmada neçə düşmən raketini vurduqlarını açıqlamırlar. Deyə bilərəm ki, düşmənin 16 raketi havada vurulub. Hava hücumlarından qorunmağın ən effektiv yolu sığınacaqlar sisteminin inkişafıdır. Hər şəhər və hər kəndi hava hücumundan qorumaq üçün heç ABŞ-ın belə, zenit-raket sistemlərinin kifayət qədər olması absurddur.

Məsələn, İsraildə ordu uzunluğu 24 km olan Qəzza bölgəsindən atılan “Kəssam” raketlərindən qorunur. Bizə isə düşmən “Smerç”, “Toçka-U” atır. “Smerç” mərmisinin dəyəri 45 min dollar, onu vuracaq zenit raketinin qiyməti isə minimum 60 min dollardır. Daha bir fakt: Mingəçevirlə Gəncədə strateji obyektləri “Barak-8” raket sistemləri ilə də qoruyuruq. Narahat olmayın”.

Elçin Alıoğlu danışıqların bərpası ilə bağlı suala da cavab verib:

“Danışıqlar başlayacaq, amma dərhal yox. Başlayanda da hər şey Azərbaycanın xeyrinə olacaq. Türkiyə Rusiyanı sıxışdıraraq sülh prosesinin sponsorlarından biri olacaq. Minsk Qrupu formatı tədricən tarixə qarışacaq. Amma bu, hadisələrin bizim üçün “arzuolunmaz”, ehtiyat variantıdır. Əsas, işlək, realistik variant isə döyüş əməliyyatlarının davamıdır. Qarabağ tam azad ediləcək - buna şübhə olmasın əsla.

MDB ölkələrinin KTMT çərçivəsində Ermənistana yardım edilib-edilməyəcəyinə gəldikdə, belə kömək olmayacaq. Ermənistanın bütün arzularına və cəhdlərinə rəğmən müdaxilə yaşanmayacaq. Çünki KTMT-nin iki əsas dövləti Rusiya və Belarus Azərbaycanı dəstəkləyir. Rusiya üstüörtülü, Belarus aşkar şəkildə. Bundan başqa, Qırğızıstandakı olaylar KTMT üçün ciddi problemdir və təşkilat Bişkeklə məşğuldur.

Ukraynaya gəldikdə, Kiyevin mövqeyi aydındır. Rəsmi İrəvan sözdə yox, əməldə Ukraynaya qarşı düşmən mövqe tutub. Ermənistan da Ukraynanı əsas siyasi rəqib kimi gördüyü Rusiyanın yaratdığı hərbi blokun üzvüdür. Azərbaycan isə Ukrayna üçün səbatlı və etibarlı müttəfiqdir. Kiyev Bakı ilə əməkdaşlığını Ukraynanın “Milli Təhlükəsizlik Strategiyası”nda bəlirləyib.

Bizdən danışıqlara başlamağı tələb edirlər. Siz evinizə soxulan və həyətinizin bir qismini ələ keçirən cinayətkarlarla sivil danışııqlar apararsınız, yoxsu onu qovar, yaxud məhv edərsiniz? Cavab məlumdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər