“Bu gecə səhər saatlarınadək Qarabağ cəbhəsində döyüşlər davam edib. Qarşılıqlı artilleriya duelləri olub, ordumuz müxtəlif istiqamətlərdə hücum və əks-hücum əməliyyatları aparıb”.
Teleqraf.com xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib.
Jurnalist qeyd edib ki, hava şəraiti pisləşdiyindən artilleriya və aviasiya kəşfiyyatı zəifləmişdi:
“Ordumuz bu vaxtdadək xeyli irəli gedərək ön cəbhədən bir qədər geri qalmış arxa cəbhəni formalaşdırmağa, habelə mühasirəyə alınmış rayonlardakı hakim yüksəkliklərin və yolayrıcıların ələ keçirilməsinə sərf edib. Ermənilərin “Ohanyan xətti” adlandırdıqları ilkin müdafiə xəttinin arxasında ikinci müdafiə xəttinin zəifliyi aşkarlanıb. Hər halda həmin müdafiə xətti fasiləsiz istehkamlar və dayaq mövqeləri kimi deyil, sadəcə, ayrı-ayrı, əlahiddə möhkəmləndirilmiş mövqelərdən ibarətdir. Həmin mövqelər Suqovuşan-Heyvalı, Füzuli-Xocavənd və Cəbrayıl-Xankəndi istiqamətlərindədir. Aralarındakı məsafə 2-7 kilometr olduğundan düşünürəm ki, bu gün ordumuz bir neçə istiqamətdə həmin xətləri yara bilər.
Ordumuz “mühafizəkar davranış” taktikasını seçib. Yəni aramla, tələsmədən, səliqə ilə irəliləyir. Hərbçilərimiz 1990-cı illərdəki səhvləri təkrarlamaq istəmir. Xatırladım ki, həmin dövrdə uzanmış kommunikasiyalar olduğundan ermənilər əsgərlərimizi asanlıqla bir-birindən ayırır, mühasirəyə alırdılar. Ordumuz risk etmir, tanklardan aktiv istifadəyə əsaslanır və bu, yaxşıdır”.
Elçin Alıoğlu bildirib ki, ordumuz irəliləyişini düşmənin döyüş potensialının məhv edilməsi ilə müşayiət etdirməli, müdafiə olunan düşməni çaşqınlığa, səhvlərə və yanlışlıqlara vadar etməlidir:
“Məhz bu səbəbdən ordumuz gah cənubda, gah şimaldaa səyləri artırır, düşmənin arxa cəbhəsini və qüvvələrini heydən salır, onu hərəkətə vadar edir və bununla da zərbə altına salır. Belə taktikada əsas məqsəd düşmənin müdafiə rayonlarına çıxış, düşmənin döyüş səbatlılığını itirməsinə nail olmaqdır”.
Jurnalist vurğulayıb ki, ermənilər dinc əhalimizi, şəhər və kəndlərimizi bombalamağa davam edirlər:
“Düşmən “Subsursatların qadağan edilməsii haqqında” Cenevrə konvensiyasını pozur, yaşayış məntəqələrimizə kaset başlıqlı mərmilər və raketlər atır. Düşmənin “"Azərbaycan suriyalı yaraqlılardan istifadə edir” iddiaları isə absurddur. Bu marazma Rusiya, Fransa və Suriya da qoşulub, narrativi gücləndirirlər. Sübutlar hələ də yoxdur, feyklərdən aktiv istifadə olunur.
Bakının uzun illər boyu hazırladığı, 21-ci əsr ordusu olan silahlı qüvvələrə pikaplarda şütüyən darbalaq yaraqlılar nəyə və niyə gərəkdir? Anlaşılmazdır. Üstəlik, rəsmi Bakı ədaləti bərpa edir, məntiqlə və ağılla davranır, yaraqlılardan yararlanaraq qisas almağa çalışmır. Sərsəmlik o həddə çatıb ki, ermənilər bizi “ukraynalı döyüş veteranlarından istifadə etməyə hazırlaşmaq”da suçlayırlar”.
MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiyanın Ermənistana yardım edəcəyi barədə iddiaya gəldikdə, Elçin Alıoğlu bu barədə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun ötən gün verdiyi açıqlamanı xatırladıb:
“Peskov dedi ki, Rusiyanın KTMT ilə bağlı Ermənistan qarşısındakı öhdəlikləri Qarabağa şamil olunmur. Hər şey aydındır. Bunun diplomatik dildən adi dilə tərcümədə ifadəsi belədir: “Paşinyan, başının çarəsinə özün bax: sən başladın, sən də bitirməyə çalış”.
Rusiya faktiki olaraq Ermənistanı tək qoydu. İrəvan çətin və gec olsa da, artıq anlamalıdır: normal yaşam, fəaliyyət üçün ilk əvvəl regiondakı qonşularla, xüsusilə də Azərbaycanda münasibətlər dəyişməlidir. Bu isə işğaldan əl çəkməyi, ərazilərimizi azad etməyi, sülhün bərqərar olması üçün uzun prosesə başlamağı tələb edir. İndi hər şey Ermənistandan asılıdır: gələcəyi də, görəcəyi də”.